"Bəyannamə onların niyyətlərini puç edən bir sənəd oldu" - Deputat

"Bəyannamə onların niyyətlərini puç edən bir sənəd oldu" - Deputat

"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında Şuşada imzalanan birgə müttəfiqlik Bəyannaməsi Qars müqaviləsindən sonra iki ölkə arasında münasibətlərin yeni mərhələdə inkişafını əks etdirən ən böyük tarixi razılaşmadır. Bəyannamə ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edib, əlaqələrin ən yüksək səviyyəyə qaldırmaqla, keyfiyyətcə yeni bir mərhələsinə qədəm qoymasına xidmət edəcək”.

Xeberle.com xəbər verir ki, bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili Müşfiq Məmmədov deyib.

Onun sözlərinə görə, Milli Qurtuluş Günündə Azərbaycan yeni bir tarixi an yaşadı və bayram sevinci yeni bayram sevinci ilə əvəz olundu.

"Biz iyunun 15-də tarixi bir hadisəyə şahidlik etdik. Türkiyə ilə Azərbaycan arasında münasibətlərin müttəfqilik səviyyəsinə qalxması istiqamətindəki arzularımız xilaskar Ali Baş Komandan və Prezident cənab İlham Əliyevin yürütdüyü hədəflərə xidmət edən uzaqgörən, cəsarətli və qətiyyətli siyasəti nəticəsində reallığa çevrməsinin şahidi olduq. İmzalanan Bəyannamə 44 günlük vətən müharibəsi nəticəsində əldə etdiyimiz Zəfər qələbəsinin diplomatik müstəvidəki qələbəsidir. Bu sənəd Azərbaycana qarşı revanşist qüvvələrə, ermənilərə, dünya erməni lobbisinə və onun havadarlarına ağır zəbrə oldu. Müttəfiqlik haqqında birgə Bəyannamə onların niyyətlərini puç edən bir sənəd oldu”, - deputat qeyd edib.

Deputat əlavə edib ki, Bəyannamə iki qardaş ölkənin sarsılmaz münasibətinin əyani nümunəsidir: "İmzalanmış Bəyannamə tarixə əsaslanır və xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. XXI əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşma və fəlsəfənin əbədiləşdirilməsi və hüququ müstəvidə əksini tapmasıdır. Şuşa Bəyannaməsi sözün hər mənasında yeni bir mərhələnin başlanğıcıdır. Şuşa Bəyannəməsinin Azərbaycanın bir dövlət olaraq yer üzündən silinməsini hədəfləyən bütün oyunların pozulmasının başlanğıcı olan Milli Qurtuluş Günündə imzalanması bir millətin iki dövlətinin əbədiyyətə qədər bir və hürr olacağının mübarək imzalarla təsdiqlənmiş simvolu olacaq. Çünki Bəyannamədə siyasi, iqtisadi-ticari, təhsil, diaspor, media sahəsində əməkdaşlıqla yanaşı hərbi, milli təhlükəsizlik sferasında birgə əməkdaşlıqdan bəhs edilib. Sənəddə qeyd edilir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Bəyannamədə ümumilikdə bütün müstəvilərdə inkişaf edən qardaşlıq əlaqələri öz əksini tapıb. İşğaldan azad olunmuş ərazilərin bərpası prosesi sürətlə həyata keçirilir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq edir.

Bundan əlavə olaraq sənəddə bölgənin gələcək inkişafı, davamlı sülhü, sabitliyi, o cümlədən regiona ölkələrinin hamısının birgə əməkdaşlığını təmin edən beynəlxalq əhəmiyyətli layihələrin icrası da əksini tapıb. Bu baxımdan Azərbaycanın irəli sürdüyü Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edib, faydalana biləcəyi yeni bir ortaq iqtisadi layihədir”.

Deputat onu da qeyd edib ki, bütün bu uğurlaırn bir müəllifi var və o da cənab Prezident İlham Əliyevdir: "Məhz cənab İlham Əliyevin uzaqgörən, cəsarətli siyasəti, rəhbərliyi nəticəsində ordumuz Azərbaycan tarixinin son 250 ilində qələbələrə imza atmağa başladı və xalqımız məğlubiyyət sindromundan xilas oldu. Şuşa Bəyannaməsi də diplomatik müstəvidəki müharibədə əldə edilən möhtəşəm qələbədir. Bununla da Türkiyə və Azərbaycan tarixi birliyə doğru tarixi rəsmi razılaşmanı imzaladı.Belə bir Bəyannamənin imzalnmasına imza atan və bunu reallaşdıranları tarix heç vaxt unutmayacaq və uca tutacaq!”

Mürtəza

 

Mənbə: xeberle.com