Bədbəxt hadisə nəticəsində 2 sərhədçimiz həlak olub

Bədbəxt hadisə nəticəsində 2 sərhədçimiz həlak olub

İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Ordu.az-ın sorğusuna cavab olaraq bildirilib.

Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu vəfat edib.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.

Ordu.az

 

Mənbə: ordu.az