Şahin Hacıyev: Qafqazda yeni geosiyasi vəziyyət hərbi balansı dəyişib

Şahin Hacıyev: Qafqazda yeni geosiyasi vəziyyət hərbi balansı dəyişib

Turan İnformasiya Agentliyinin Siyasi redaksiyasiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində Azərbaycan-Türkiyə müttəfiqlik bəyannaməsindən və regionda yeni yaranan geopolitik durumdan danışıb.

Amerikanın Səsi: Dünən Azərbaycan və Türkiyə müttəfiqlik haqqında Şuşa Bəyannaməsini imzalayıb. Bu bəyannamə regiona hansı yeni situasiyalar gətirə bilər?

Bəyannamə göstərdi ki, bu, iki dövlət arasında ən yüksək səviyyədə razılaşdırılan və düşünülmüş siyasət var.

Şahin Hacıyev: Bu sənəd əslində yeni heç nə gətirmir. Sadəcə indi, müharibədən sonra yaranan nəticəni legitimləşdirir. İndiyənədək Azərbaycan və Türkiyə arasında olan münasibətləri qanuni çərçivəyə salır. Ona görə ki, indiyənədək deyilirdi ki, Türkiyənin burada iştirakı, Türkiyənin siyasi təsiri, Türkiyənin hərbi yardımı qeyri-qanunidir. Bu, beynəlxalq qanunvericiliyə ziddir. Bunun bir əsası yoxdur. Türkiyə pantürkizmi yayır və sair. Bax, bu sənəd onu göstərdi ki, bu, iki dövlət arasında ən yüksək səviyyədə razılaşdırılan və düşünülmüş siyasət var.

Amerikanın Səsi: Bir çox ekspertlər, siaysi liderlər bəyan edir ki, postmünaqişə dövründə Qafqazda, bütövlükdə regionda yeni siyasi, iqtisadi situasiya yaranıb. Yeni situasiya nədir?

İndiyənədək Rusiya bu regionda, Qafqazda söz sahibi olan bir dövlət hesab edilirdi. Amma, indi artıq Türkiyə öz mövqeyini təsdiqlədi.

Şahin Hacıyev: Bəli, tamamilə döğrudur. Yeni situasiya ondan ibarətdir ki, geosiyasi balans dəyişib. İndiyənədək Rusiya bu regionda, Qafqazda söz sahibi olan bir dövlət hesab edilirdi. Amma indi artıq Türkiyə öz mövqeyini təsdiqlədi və onun ambisiyaları beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən böyük dövlətlər tərəfindən tanındı. Aydındır ki, bu, nə Rusiyanın, nə də Qərbin xoşuna gəlir. Lakin onlar məcbur edilib, bunu qəbul ediblər. Ən vacibi də budur. Eyni zamanda, geosiyasi vəziyyətin dəyişməsi, həm hərbi balansın, həm də iqtisadi maraqların yenidən formalaşmasına gətirib çıxarır. Burada Türkiyənin rolu artmaqda davam edəcək.

Amerikanın Səsi: Regionda yaranmış yeni geopolitik duruma İranın münasibəti necə olacaq?

Hətta, İranın müttəfiqi olan Rusiya belə, İranı bu münaqişənin həllinə və yaxud postmünaqişə dövrünə yaxın qoymaq istəmir.

Şahin Hacıyev: İranın münasibəti qısqanclıq və bizim ifadə ilə desək, “toydan sonra nağara”. Yəni, İran indiyənədək Azərbaycana heç bir siyasi dəstək vermirdi. Çox yumşaq mövqe tuturdu. Ermənistanla dostluq edirdi. Çalışırdı ki, Azərbaycan bunu qəbul etsin. Bizim bütün iradlara baxmayaraq, siyasətində dəyişiklik etmirdi. Lakin müharibənin nəticəsi onu göstərdi ki, İran çox böyük səhv edib. Azərbaycanda ona olan münasibət, belə deyək, İranın qeyri-səmimi münasibətinin nəticəsi odur ki, İran sanki oyundan kənarda qalıb. Hətta, İranın müttəfiqi olan Rusiya belə, İranı bu münaqişənin həllinə və yaxud postmünaqişə dövrünə yaxın qoymaq istəmir. İranın xarici işlər naziri vaxtaşırı bəyanat verir, Moskvaya, Yerevana gedir, Bakıya gəlir, hansısa guya, təkliflər, proyektlər stolun üstünə qoyur. Lakin onların heç birinin nə adı, nə mahiyyəti məlumdur. Yəni, İranın rolu kənardan baxıb, müşahidə etmək olacaq.

Amerikanın Səsi: Türkiyə prezidenti qeyd etdi ki, yeni siyasi, geopolitik situasiyada 6 dövlətin maraqları nəzərə alınacaq. Bu Rusiya, Türkiyə, İran və üç Qafqaz respublikasıdır. Müxtəlif vektorlu xarici və daxili siyasətə malik olan bu ölkələrin ümumi birliyi necə yarana bilər?

Bu həm iqtisadi baxımdan, həm təhlükəsizlik baxımından, həm də böyük dövlətlərin maraqlarından çıxış edərək çox düşünülmüş və müsbət ideyadır.

Şahin Hacıyev: Burada əsas Türkiyənin təşəbbüsüdür. Bu, regional lider olan dövlətin xəttidir. Digər böyük dövlət olan Rusiyanın iştirak etməsinə dəvətdir. Hər bir regionda böyük dövlətlərdən başqa yerli, regional dövlətlər var. Onlar həmişə çalışırlar ki, öz maraqları ətrafında qonşu ölkələri birləşdirsinlər. Türkiyənin təklifi isə kifayət qədər düşünülmüş, hesablanmış ideyadır. O, bütün adları çəkilən dövlətlərin maraqlarına uyğundur. Bu həm iqtisadi baxımdan, həm təhlükəsizlik baxımından, həm də böyük dövlətlərin maraqlarından çıxış edərək çox düşünülmüş və müsbət ideyadır.

Amerikanın Səsi: Şuşa Bəyannaməsində mühüm məqamlardan biri də xarici təcavüzə qarşı Türkiyə və Azərbaycanın hərbi qüvvələrinin birgə çıxış etməsinin əksini tapmasıdır. Bu necə reallaşa bilər? Çünki, bundan öncəki sazişlərdə də belə məqamlar var.

Yalnız, 2019-cu ildə, yalnız bir ildə Azərbaycan və Türkiyə hərbçiləri 13 birgə təlim keçirib.

Şahin Hacıyev: Yox, mən deməzdim ki, əvvəlki sazişlərdə belə bir hallar olub. Ümumi deyilirdi ki, təhlükəsizlik problemi yaranarsa məsləhətləşmələr olacaq, yardım götərilə bilər, siyasi dəstək və sairə ola bilər. Amma bu sazişdə birmənalı qaydada hərbi müttəfiqlikdən söhbət gedir. Əslində, bu da yeni deyil. Çünki, müharibə dövrü və ondan əvvəlki bir neçə il göstərdi ki, hərbi səviyyədə Azərbaycan-Türkiyə münasibəti artıq müttəfiqlik səviyyəsinə çatıb. Yalnız 2019-cu ildə, yalnız bir ildə Azərbaycan və Türkiyə hərbçiləri 13 birgə təlim keçirib. Digər faktorları da buraya əlavə etsək, artıq mütəffiqlik var idi. İndi isə bu, tam legitim şəkilə salındı. Yəni, artıq heç kim deyə bilməz ki, Türkiyə bunu edə bilər, Türkiyə NATO qanunlarını pozur və yaxud Azərbaycan özbaşınalıq edir və sair. Bu, tamamilə qanuni formaya minən bir münasibətlərdir.

Amerikanın Səsi: Azərbaycanın suverenliyinin, yəni təhlükəsizliyinin daha da möhkəmləndirilməsi NATO-nun, Avropa İttifaqının, ABŞ-ın maraqlarına nə qədər cavab verir? Bir də, bu, Mərkəzi Asiya respublikalarına Avropa İttifaqının çıxışını təmin edə bilərmi?

Konflikt nə qədər tez tez sona çatarsa bütün digər məsələlər, yəni ikitərəli, çoxtərəfli inkişaf prosesi avtomatik olaraq irəli gedəcək.

Şahin Hacıyev: Bu, artıq postkonflikt dövrünün inkişafından asılı olan məsələlərdir. İqtisadi münasibətlərdən asılıdır. Konflikt nə qədər tez bitərsə, nə qədər tez sona çatarsa bütün digər məsələlər, yəni ikitərəli, çoxtərəfli inkişaf prosesi avtomatik olaraq irəli gedəcək. Söhbət ondan gedir ki, balansın yaradılması və dövlətlərarası razılaşma prosesi gedir və o tamamlanmalıdır. Bu olmasa hansısa bir saziş, hansısa bir təklif, yaxud iqtisadi-siyasi perspektiv həyata keçə bilmir. Bu da bəzən uzunmüddətli, bəzən isə qısamüddətli proses olur. Lakin o proses bitmədən bütün qalan məsələlər haqqında, onların nə qədər tez, nə qədər gec olması barədə danışmaq tezdir.

Amerikanın Səsi: Bəs, Azərbaycan yeni geopolitik situasiyada özünü necə aparmalıdır? Rusiya ilə, İranla, Türkiyə ilə, Qərblə, Amerika ilə münasibətlərini necə qurmalıdır?

Birincisi böyük dövlətlərlərlə düşmənçilik qeyri-konstruktiv və qeyri-produktivdir. Çalışıb onların maraqlarına zidd olmayan siyasət həyata keçirmək lazımdır.

Şahin Hacıyev: Bu, əslində ən ciddi və ən çətin məsələdir. Məsələ buradadır ki, burada səhv etmək olmaz. Birincisi böyük dövlətlərlərlə düşmənçilik qeyri-konstruktiv və qeyri-produktivdir. Çalışıb onların maraqlarına zidd olmayan siyasət həyata keçirmək lazımdır. Lakin bu, o demək deyil ki, onlara baş əyəsən və istədiklərini edəsən. Misal üçün, Azərbaycanı götürək. Biz 30 ildir haqlı olduğumuzu və yaxud bizə qarşı təcavüz olunması barədə danışırdıq. Belə təəssürat yaranmışdı ki, bunu heç kim nəzərə almır və yaxud vecinə almır, iştirak etmir və sairə. Lakin məsələ bundadır ki, böyük güclər, böyük dövlətlər razılaşsalar da, hətta bunu istsələr də, o demək deyildi ki, bunu edəcəklər. Geosiyasi vəziyyəti nəzərə alıb öz siyasətini qurmalısan. Müttəfiq qazanaraq öz problemini həll etməlisən. Formula ilə desək, bu belədir. Bunun müxtəlif variantları ola bilər. Çox məşhur bir ifadə var, daimi müttəfiq yoxdur, daimi maraqlar var. Bu gün səninlə müttəfiq olan dövlət sabah düşmən də ola bilər. Və əksinə, sən gərək elə siyasət aparasan ki, sənin maraqların sənin müttəfiqini düşmən etməsin.

Mənbə: www.amerikaninsesi.org