Beynəlxalq Türk Akademiyasının Prezidenti Şuşa Bəyannaməsini alqışlayıb

Beynəlxalq Türk Akademiyasının Prezidenti Şuşa Bəyannaməsini alqışlayıb

Beynəlxalq Türk Akademiyası Prezidenti Darxan Kıdırali "Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə bağlı Bəyanat yayıb.

APA-nın məlumatına görə, D. Kıdırali Türk Akademiyasının Prezidenti olaraq, 15 iyun 2021-ci il tarixində "Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasını məmnuniyyətlə qarşıladığını və alqışladığını bildirib.

”Bəyannamə yalnız iki qardaş ölkənin deyil, bütün Türk dünyasının həmrəyliyini ifadə edən və gücləndirən bir çox müddəanı özündə ehtiva edir. Xalqlarımızın ortaq dəyərlərinin, tarixi və mədəni irsinin qorunmasına, Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsinə, mədəniyyət, elm və təhsil də daxil olmaqla bütün sahələrdə əlaqələrin genişləndirilməsinə, Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səviyyədə səylərin gücləndirilməsinə çağırışın əks olunduğu Bəyannamə əməkdaşlıq üçün unikal imkanlar yaratmaqdadır.

Sənəddə Türk Akademiyası daxil olmaqla ortaq təşkilatlarımızın adının qeyd olunması, onların fəaliyyətinin əhəmiyyətini artırmaqla yanaşı, əməkdaşlıq üçün yeni istiqamətlər müəyyənləşdirir və geniş üfüqlər açır.

Türk Akademiyası olaraq, Bəyannamədə əksini tapan müddəaların həyata keçirilməsinə öz töhfəmizi verməyə hazır olduğumuzu bildirməkdən şərəf duyuruq.

İnanıram ki, Şuşa Bəyannaməsi yalnız iki ölkənin deyil, bütün Türk dövlətləri arasında çoxtərəfli və genişmiqyaslı əməkdaşlığın, türk xalqları arasında birlik və bərabərliyin gücləndiyini göstərən, gələcək münasibətlərimizin bünövrəsini və ardıcıllığını təmin edən nümunəvi bir sənəd kimi tarixdə yerini alacaq”, - deyə D. Kıdırali qeyd edib.

Mənbə: apa.az