Şuşadan verilən açıqlamaların böyük əks- sədası olacaq

Şuşadan verilən açıqlamaların böyük əks- sədası olacaq

Azərbaycanın mədəniyyət paytaxtı, dünyaya ilkinlər bəxş edən əfsanəvi qala şəhəri - musiqi beşiyi Şuşa ilk rəsmi qonağını, dostunu, qardaşını qarşılayır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 illik erməni əsarətində qalmış Qarabağ torpaqlarına ilk dəfə gəlişi Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinə qayıdışı gününə -15 iyun Milli Qurtuluş gününə təsadüf edir. Unudulmaz tarixi bir gün.15 iyun 2021- ci il. Elə bil Günəş də öz gözəlliyini, dağlar da öz əzəmətini qədim şəhərə - Şuşaya ərməğan etmişdi həmin gün. Əsrarəngiz gözəlliyi, füsunkarlığı ilə Şuşa yenə də göz qamaşdırırdı. Qarabağ atları 30 illik həsrətdən sonra yenə Cıdır düzündə cövlan edirdi. Möhtəşəm duruşu, yerişi ilə düşmən gözü çıxarırdı. Əziz qonaqları Qarabağ musiqisi, rəqqasların gözoxşayan rəqsləri qarşılayırdı. Cıdır düzü "Dədə Qorqud" yurdunun çal- çağırından xəbər verirdi. Azad olmuş şəhər əziz qonaqlarını böyük məhəbbətlə qarşılayırdı.Dost gəlişindən, qardaş gəlişindən daha da saflaşmışdı, gözəlləşmişdi doğma Şuşamız. Uca Tanrının da nəzərləri həmin gün azad Şuşada idi. İşğaldan azad olmuş azad Şuşada Azərbaycan və Türkiyənin Dövlət bayraqları dalğalanır. 44 günlük Vətən savaşından qalib çıxmış Azərbaycan Ordusu və bu ordunun qalib sərkərdəsi, Ali Baş Komandan - cənab İlham Əliyev öz doğma qardaşını,dostunu, onun ailə üzvlərini, qonaqları ölkənin vitse- prezidenti Mehriban xanım Əliyeva ilə birgə qarşılayır. Bu səmimi qarşılanma, görüş hələ neçə illər ərzində dillərdə olacaqdır.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks- sədası olacaqdır.

İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu həm bizi ruhlandırdı , eyni zamanda, müdaxilə etmək fikrində olan qüvvələri, dairələri dayandırdı. Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa- quruculuq işlərində oynayacağı roldan xəbər verir.

Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb.xx əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir :"Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir".xx əsrin sonlarında Ulu Öndər Heydər Əliyev demişdir:"Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir".xxı əsrdə azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşma və fəlsəfənin təcəssümüdür.

Bəyannamə bütün əməkdaşlıq istiqamətlərini əhatə edir.Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi- ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, hərbi tərəfdaşlıq. Bu, tarixi nailiyyətdir. Bu , bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq.

Günəş Hüseynova
YAP Şuşa rayon təşkilatının 40 saylı ƏİP təşkilatının sədri,
Şuşa rayon Malıbəyli kənd 1nomrəli tam orta məktəbin direktoru

Mənbə: modern.az