70 qazi ƏƏSMN tərəfindən müasir protezlərlə təmin edilib

70 qazi ƏƏSMN tərəfindən müasir protezlərlə təmin edilib

Vətən müharibəsində yaralanan 70-ə yaxın hərbçimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müasir protezlərlə təmin edilib.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib. Onun sözlərinə görə, bunlar yeni nəsil protezlərdir: "Həmin protezlərin təqdim edilməsi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına böyük töhfə verəcək".

Nazir müavini deyib ki, əlilliklə bağlı qanun layihəsində əsas yenilik əlilliyi olan şəxslərin təyinatı ilə bağlıdır, artıq daha düzgün təyinat aparılacaq: "Əlilliyi olan şəxsin əlillik təyinatı zamanı onun fərdi reabilitasiya proqramı da hazırlanacaq. Proqram çərçivəsində həmin şəxsin cəmiyyətə inteqrasiyası da nəzərə alınacaq. Eyni zamanda, yeni qanun layihəsində psixoloji dəstək layihəsi də var. Vətən müharibəsi zamanı könüllü olaraq bizə qatılan psixoloqlarla müharibədən əziyyət çəkən və travma alan hərbçilərimizlə bağlı işlər aparılıb. Hər bir müəssisəmizdə psixoloq ştatı yaratmışıq. Bərpa mərkəzimizdə müalicə alan hər bir vətəndaş əlavə olaraq psixoloqlar tərəfindən də qiymətləndirilir".

Mənbə: apa.az