Yaponiya telekanalı Azərbaycan və Türkiyə arasında birgə bəyannamə imzalanması barədə məlumat yayıb

Yaponiya telekanalı Azərbaycan və Türkiyə arasında birgə bəyannamə imzalanması barədə məlumat yayıb

Tokio, 17 iyun, AZƏRTAC

Yaponiyanın NHK telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında ittifaqın möhkəmlənməsi barədə birgə bəyannamə ilə çıxış etməsi barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, məlumatda ötən ilin payızında Azərbaycan və Ermənistan arasında baş verən müharibə barədə məlumat verilir. Qeyd edilir ki, Ermənistanın ağır məğlubiyyəti ilə başa çatan döyüşlər nəticəsində Azərbaycan mühüm Qələbə qazanaraq, uzun müddət işğal altında olan torpaqlarını azad edib.

Həmin vaxt Azərbaycana siyasi dəstək vermiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşa şəhərinə səfər etdiyi və burada Prezident İlham Əliyevlə iki ölkə arasında ittifaq barədə birgə bəyannamə imzaladığı qeyd edilir.

Bildirilir ki, həmin sənəddə tərəflər arasında qarşılıqlı müdafiə barədə bəndin əks olunduğu, üçüncü ölkə tərəfindən müttəfiqlərdən hər hansı birinə qarşı təhlükə yaranacağı təqdirdə bu iki ölkənin bir-birinə hərbi dəstək verəcəyi əksini tapıb.

Qeyd edilir ki, Türkiyə tərəfindən hazırlanmış pilotsuz uçuş aparatlarının Azərbaycanda da istehsal ediləcəyini bildirən Rəcəb Tayyib Ərdoğan, bir daha Azərbaycan ərazilərinin işğalına yol verməyəcəklərini də vurğulayıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az