Latviya Azərbaycan dost dövlətdir, yoxsa?.. - AÇIQLAMA

Latviya Azərbaycan dost dövlətdir, yoxsa?.. - AÇIQLAMA

Azərbaycan – Latviya arasında əlaqələr bir sıra sahələrdə gücləndirilir, bunlar arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi də yer alır.

İki ölkə arasında gələcək planlar, görüləcək işlər haqqında Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov Modern.az-a danışıb.


Onun sözlərinə görə, 44 günlük müharibə dövründə Latviya azsaylı ölkələrdən idi ki, Azərbaycana öz dəstəyini göstərmişdi:


“Əsas məsələ parlamentlərarası əlaqələrin gücləndirilməsi idi. Keçirilmiş müxtəlif görüşlərdə əməkdaşlığın bir sıra sahələri müzakirə olundu. Bura iqtisadi, parlamentlərarası, beynəlxalq əlaqələr və diplomatik sahədə qarşılıqlı əməkdaşlıq daxildir. Hazırda Latviya parlamenti ilə çox sıx əlaqələr qurulub. Azərbaycan Milli Məclisinin sədri Latviyada iki dəfə səfərdə olub. Həmçinin, Latviya Seyminin spikeri bir dəfə parlamentdə çıxış edib. Bu da təbii ki, iki ölkə arasında əməkdaşlığın göstəricisidir. Eyni zamanda, müxtəlif sahələr üzrə yerli özünüidarəetmə orqanları arasında əməkdaşlıq da görüşlər zamanı müzakirə edilir. Pandemiya dövründə onlayn şəkildə görüşlər təşkil edilib. Burda həm Latviyanın, həm də Azərbaycanın bələdiyyə sədrləri iştirak edirdi. Bu yaxınlarda da artıq planlaşdırırıq ki, əməkdaşlığı daha da gücləndirək. İyulun 5-də Latviyada bələdiyyə seçkiləri keçiriləcək və müəyyən islahatların ediləcəyi gözlənilir. Bir çox bələdiyyələr birləşərək yarıya qədər azaldılacaq. Bu da təbii ki, bizim üçün yeni çağırışlar ortaya qoyur.

Hazırda isə Latviya səfər planlaşdırılmır. Hər iki ölkənin qanunverici orqanı tətilə çıxır. Yeni mövsümdən etibarən biz bu səfərləri düşünə bilərik.

Latviyanın Azərbaycandakı səfiri ilə də münasibətlərimiz çox yaxşıdır.
Həm Azərbaycanın, həm də Latviyanın səfiri ilə əməkdaşlığın gücləndirlməsi üçün əlaqələrimizi gücləndiririk. Bu işdə onlar da çox fəaldılar. Latviyanın Azərbaycandakı səfirini parlamentə dəvət etmişdik, iki dəfə nümayəndələr arasında görüş keçirilib. Sonuncu nümayəndə heyətinin Azərbaycana səfərində də səfirin rolu böyükdür”.

 

Aysel Məhərrəm

Mənbə: modern.az