"Türkiyə ilə müttəfiqlik Rusiyanı qıcıqlandırmayacaq"

"Türkiyə ilə müttəfiqlik Rusiyanı qıcıqlandırmayacaq"

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfəri olduqca mühüm siyasi hadisə kimi yadda qaldı. Cənab Ərdoğanın Bakıda deyil, Şuşada rəsmi qarşılanma mərasimi isə Türkiyə-Azərbaycan qardaşlığında tamamilə yeni səhifə açdı. Səfərin ən möhtəşəm səhnəsi Prezident İlham Əliyevlə iyunun 15-də Şuşa şəhərində Azərbaycan-Türkiyə arasında müttəfiqlik haqqında “Şuşa bəyannəməsi”ni imzalaması oldu. Müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Şuşada Türkiyənin Baş konsulluğunun açılması isə rəsmi Ankaranın Qarabağın tacı və paytaxtı olan Şuşanı birbaşa siyasi qarantiya altında alması deməkdir. Konsulluğun açılması sayəsində Türk dünyasının mədəniyyət paytaxtı olasn Şuşanın təhlükəsizliyi büsbütün Türkiyənin təminatı altına alınacaq.

Bəyannamə 100 il əvvəl imzalanmış Qars sazişinə istinad edilmiş beynəlxalq müqavilə statusundadır, böyük rəmzi məna daşıyır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Müttəfiqlik bəyannaməsi tarixə əsaslanır və əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.

100 il əvvəl, 1921-ci ilin 13 oktyabrında imzalanan Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddirsə, 15 İyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi Qarabağın və Azərbaycanın təhlükəsizliyinin, dövlət suverenliyinin təminatı olan beynəlxalq aktdır. Ulu öndər Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünü və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirərək demişdir: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.

 

100 il əvvəl Türkiyə Böyük Millət Məclisi hökumətinin, Mustafa Kamal Paşanın, Kazım Qarabəkir Paşanın möhür vurduğu Qars müqaviləsi bir əsr sonra onların ləyaqətli xələfləri Rəcəb Tayyib Ərdoğan İlham Heydər oğlu Əliyev tərəfindən daha güclü və beybəxalq hüquqi statusa malik Şuşa Bəyannaməsi ilə tamamlandı.

Türkiyə və Azərbaycanın müttəfiqliyinin möhkəm sütunlarından biri kimi də Qars müqaviləsinin mühüm əhəmiyyəti vardır. 70 il sonra dövlət müstəqilliyini elan edən Azərbaycanla Türkiyənin tarixi qardaşlıq əlaqələri tamamilə bərpa olundu, Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən iki qardaş ölkənin siyasi müttəfiqliyin etibarlılığını möhkəmləndirən dərin bünövrə qoydu və müstəqil Azərbaycan ilə Türkiyə əlaqələrinin yeni mərhələsi başlandı. 1992-ci ilin 28 mayında “Ümid” körpüsünün açılması bugünkü Zəfər Bəyannaməsinin gətirib çıxaran tarixi hadisədir.

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə Qarabağda həm də yeni beynəlxalq siyasi blokun – müttəfiqliyin də hüquqi əsasını qoymuş oldu.

Cənab İlham Əliyevin qeyd etdiyi kimi qardaş ölkələr arasında əməkdaşlığın zirvəsi olan müttəflqlik yeni siyasi dönəmin başlanması deməkdir və bu, özü hər şeyi deyir. Gələcək işbirliyinin “Yol xəritəsi” olan müttəfiqlik sazişi Azərbaycan və Türkiyənin inkişaf etmiş Avropa dövlətləri kimi dünya siyasi-hərbi və iqtisadi mühitində yerini və rolunu daha da möhkəmləndirərək.

Azərbaycan və Türkiyə ən yaxın strateji müttəfiq kimi bir-birinin təhlükəsizliyini təmin etmək, inkişaf bumunu gücləndirməklə yanaşı, həm də, regionun təhlükəsizliyi, sabitliyi və inkişafı üçün dərin təməllər yaratmış olur.

Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı mühüm bənd də məhz Qafqaz regionu və yaxın qonşu ölkələrin birgə geniş əməkdaşlıq formatlarının trendlərini müəyyən edir. Cənab Tayyib Ərdoğanın bəyan etdiyi kimi bu regionun bütün ölkələri – Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistan Zəngəzur və digər strateji nəqliyyat-kommunikasiya marşrutlarına qoşulmaqla bölgədə geniş əməkdaşlıq və davamlı inkişaf, rifah mühiti yaratmış ola bilərlər. “Gəlin, altı ölkə bir platforma formalaşdıraq: Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan. Bu platforma ilə birlikdə artıq bölgədə bir sabitlik meydana gəlsin, bölgədə düşmənçiliklər ortadan qalxsın”.

Türkiyənin regionda güc mərkəzi kimi xoşniyyətli addımları, eyni zamanda, dar dalana sıxılmış Ermənistan üçün yeni nəfəs aça bilər. Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi proseslər Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Məsələn, Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər və beləliklə özləri də özlərini saldıqları blokadadan xilas ola biləcəklər.

Şuşa Türk dünyasının zəngin mədəni xəzinəsidir, Türkiyə Prezidenti tərəfindən Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi Qarabağın türk dövlətləri ilə dərin siyasi-iqtisadi-humanitar bağlarını möhkəmləndirəcək.

Müttəfiqlik Bəyannaməsinin imzalanması münasibətilə hər iki qardaş ölkəni təbrik edir, Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığının. müttəfiqliyinin əbədi olmasını arzulayıram!

Vaqif Abdullayev

Mənbə: konkret.az