Hərbçilərin Laçında həlak olması ilə bağlı cinayət işi başlandı

Hərbçilərin Laçında həlak olması ilə bağlı cinayət işi başlandı

Dünən Laçın rayonunda DSX hərbçilərinin qəzaya düşərək həlak olması ilə bağlı cinayət işi başlanılıb.

Hərbi Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, 16.06.2021-ci il tarixdə Laçın rayonu ərazisində hərəkətdə olan "Maz" markalı yük avtonəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu ölmüşlər.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, daxil olan sözügedən məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.

Mənbə: qafqazinfo.az