Almaniya əhalisinin yarısı COVID peyvəndinin azı bir dozasını vurdurub

Almaniya əhalisinin yarısı COVID peyvəndinin azı bir dozasını vurdurub

Almaniyada koronavirus əleyhinə vaksinasiya kampaniyası başladıqdan bəri əhalinin təxminən yarısı azı bir doza peyvənd vurdurub.

AZƏRTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Kansler Angela Merkel bildirib.

Həyatın normallaşması üçün vaksinasiyanın böyük əhəmiyyət kəsb etdiyini vurğulayan AFR hökumətinin başçısı, eyni zamanda, koronavirusun “Delta” adlanan mutasiyasına qarşı diqqətli olmağa çağırıb. Almaniyada COVID-19 infeksiyasının bu mutasiyası hələ çox yayılmayıb və bütün yoluxma hallarının təxminən 6 faizini təşkil edir.

Angela Merkel epidemioloji vəziyyətin tez bir zamanda pisləşdiyi digər ölkələrin təcrübəsindən danışıb və futbol üzrə Avropa çempionatının final oyunlarının keçirildiyi stadionlarda müşahidə olunan izdihamlı mənzərənin onu çox narahat etdiyini deyib.

Qeyd edək ki, rəsmi məlumata görə, indiyədək Almaniyada təxminən 42 milyon insan koronavirus əleyhinə vaksinin bir dozasını, 25 milyon nəfər isə hər iki dozasını vurdurub.

Mənbə: azertag.az