Paşinyanın Qarabağla bağlı son bəyanatı nəyə hesablanıb?

Paşinyanın Qarabağla bağlı son bəyanatı nəyə hesablanıb?

"Siyasətdə hər şeyi güc və pul həll edir. Ermənistanın isə nə pulu var, nə də gücü".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Ermənistanın Qarabağın müstəqilliyini tanımasına dair bəyanatlar təhlükəlidir və müharibəyə səbəb olar" fikirini şərh edərkən deyib. Politoloq qeyd edib ki, Ermənistanın hazırkı durumda güclü müttəfiqi də yoxdur:

"Ermənistanın qatı millətçi dairələri Paşinyan və ondan əvvəlki prezidentlərini qınayırlar ki, sizin ən böyük səhviniz "arsax”ın müstəqilliyini tanımamağınızdır, tanısaydınız, hər şey başqa cür olardı. İndi necə olardı, bax bunu heç kəs izah edə bilmir. Nə baş verib? Müharibə baş verib, "arsax” tanınıb ya tanınmayıb, onun əhəmiyyəti yoxdur. Hərbi cəhətdən Azərbaycan ordusu Ermənistan ordusundan güclü çıxıb və onu məğlub edib, torpaqları alıb. İndi əgər "arsax”ı tanısaydılar, zəif erməni ordusu güclənəcəkdimi? Yox. Rüşvətxor, kütbeyin erməni generalları müdrik, ağıllı, qəhəman generllar olacaqdılar? Yox. Amma nə ola bilərdi? Hansısa xarici qüvvə də qoşulub Ermənistana "arsax”ın müstəqilliyin tanıyardı və sonra da beynəlxalq miqyasda Azərbaycana qınaq olardı ki, siz müstəqil "arsax” respublikası və onun xalqına qarı təcavüz törətmisiniz. Gəlin təhlil edək, daha kim "arsax”ın müstəqlliyin tanıyır? Rusiya? Yox, Rusiya istəməzdi ki, "asrax” müstəqil olsun. Rusiyaya "arsax”ın müstəqil olması deyil, münaqişənin davamlı olması lazımdır. Fransa, Amerika "arsax”ın müstəqlliyini tanıyardımı, yox. Onlar da tanımazdı. Çünki onlar da münaqişə lazımdır. Münaqişə bölgənin nəzarətdə saxlamaq üçün ən səmərəli alətdir.

Fərz edək ki, sabahkı seçkidə Köcəryan qalib gəlib və "arsax”ın müstəqilliyini tanıdı. Onda nə baş verəcək? Heç nə. Rusiya sülhməramlılarının nəzarətində olan ərzidə ermənilər qalır. Orada rus sülhməramlıları hakimdir, Araik və onun dəstəsi yalnız ona görə qalıb ki, ruslar ona icazə verib. Azərbaycan Rusiya və Türkiyə öz münasibətlərini qurur, Ermənistan isə asılı və məğlub ölkə kimi qalacaq".

Qeyd edək ki, Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan "Ermənistanın Qarabağın "müstəqilliyini” tanımasına dair bəyanatlar təhlükəlidir və müharibəyə səbəb olar",- deyə bildirib.

Bahar Rüstəmli

Mənbə: qaynarinfo.az