Paşinyan qələbə qazandı: Köçəryan nəticələri tanıyacaq?

Bu gün Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri elan olunub.

Seçkinin nəticələrinə əsasən, Nikol Paşinyanın “Mülki Müqavilə Partiyası” səslərin 53,92 %-ni, Robert Köçəryanın “Ermənistan” bloku 21,04 %-ni toplayıb.

Serj Sarkisyanın “Şərəf duyuram” bloku 5,23 %, “Çiçəklənən Ermənistan” partiyası 3,96 %, “Respublika” partiyası 3,04 %, “Erməni Milli Konqresi” 1,54 %, “İşıqlı Ermənistan” partiyası” 1,22 % səs qazanıb.

Beləliklə, Paşinyan gözlənildiyi kimi növbədənkənar keçirilən parlament seçkilərinin qalibi oldu. Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53,92 %-ni topladığı üçün parlamentdə səs çoxluğuna sahib olacaq. Bu həm də bir növ Paşinyanın təkpartiyalı hökumət qurması deməkdir.

Bunu Cebhe.info-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

O bildirib ki, Paşinyan nəinki parlament seçkilərində qalib gəldi, həmdə o təkbaşına hökumət qurmaq və parlamentdə qanunları heç bir kənar qüvvənin köməyi olmadan qəbul etmək imkanlarına sahib oldu:

““Gallup” beynəlxalq sorğu mərkəzinin sorğuları niyə özünü doğrultmadı? “Gallup” 2 gün öncə açıqladığı son sorğunun nəticələrinə görə, Köçəryan blokunu dəstəkləyənlər 28,7 %-ə qalxmış, Paşinyanı dəstəkləyənlər isə 25,2 %-i olaraq müəyyənləşmişdi.

Müharibədən bir ay sonra keçirilən sorğuda cəmi 2 faiz civarında səsi olan Köçəryanın qısa müddətdə bu qədər güclənməsi heç bir məntiqə sığmır. Hesab edirəm ki, “Gallup”ın verdiyi proqnozlar qeyri-real və qərəzli idi. Sorğuların nəticələrinin qısa müddətdə Köçəryanın lehinə dəyişməsi seçki öncəsi atılan bir addım idi.

Köçəryan “Gallup” kimi məşhur və dünyaca tanınan bir sorğu agentliyinin sorğuları ilə erməni cəmiyyətinin fikrini manipulyasiya etməyə çalışırdı. O, bu yolla özünü şanslarını daha çox olduğu eyforiyasını yaradaraq Paşinyanın dəstəkçiləri də qalibin özü olduğuna inandırmağa çalışırdı.

Yəni Köçəryan illərcə aldatdığı erməni xalqını seçiilərdədə aldatmağa çalışırdı. Lakin göründüyü kimi seçkilərin nəticəsini “Gallup”ın sorğusu deyil, namizədlərin mitinqlərinə qatılan seçiciləri müəyyən etdi".

Politoloq qeyd edib ki, Paşinyan KTMT istiqamətində addımlayacaq:

"Paşinyan seçki nəticələrinin açıqlanmasından sonra Rusiya Prezidenti Vladimir Putinə, Rusiya Baş naziri Mixail Mişustinə, Fransa Prezidenti Emmanuel Makrona, ABŞ Prezidenti Co Baydenə, İran Prezidenti Həsən Ruhaniyə, Gürcüstan Baş naziri İrakli Qaribaşviliyə və Avropa Komissiyasının sədri Şarl Mişelə Ermənistana verdiyi dəstəyə görə təşəkkür edib.

Maraqlı məqam isə Paşinyanın Ermənistanın bundan sonra da KTMT və Avrasiya İttifaqı istiqamətində irəliləyəcəyini bildirməsidir.

Paşinyanın Qərb meyilli olması heç kəsə sirr deyil. Yəni seçkilərdə onun qələbə qazanması faktiki olaraq Qərbin qələbə qazanması deməkdir. Bu, həm də Ermənistanın Qərbə inteqrasiya prosesinin sürətlənməsi mənasına gəlir. Bu zaman bir sual yaranır. Nə üçün Paşinyan Ermənistanın bundan sonra da KTMT və Avrasiya İttifaqı istiqamətində irəliləyəcəyini qeyd etdi?

Seçkilərin nəticəsi elan olunmadan Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku bəyanat yayaraq növbədənkənar parlament seçkilərinin nəticəsini hələlik qəbul etməyə hazırlaşmadıqlarını bildirib. Köçəryanın bloku “hələ ki” desə də, güman ki, seçkilərin nəticələrini qəbul etməyəcək. Paşinyan bütün bunları hesablayıb indidən nəticələrini pərçimləmək üçün KTMT və Avrasiya İttifaqı istiqamətində irəliləyəcəyini bildirib. Yəni postseçki dövrü bitənədək Kremlin Köçəryanı hakimiyyətə qarşı ixtisaslara sövq etməsin qarışısnı almaq üçün belə bir addım atıb.

Düşünürəm ki, Paşinyan bu yolla bir müddət Kremlin gözündən pərdə asıb, fürsətini tapan kimi üzünü yenidən Qərbə döndərəcək. Bu vaxtadək isə Köçəryanın dəstəkçilərinə maksimum dərəcədə azaltmağa çalışacaq".

Ülviyyə
Cebhe.info

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcək

SONRAKI XƏBƏR

Toyota yeni modelinin ilk görüntülərini yayıb - FOTO