“Bununla da erməni xalqı müharibə istəmədiyini bəyan etdi”

“Bununla da erməni xalqı müharibə istəmədiyini bəyan etdi”

Xəbər verdiyimiz kimi ötən gün Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası qalib gəlib. O, seçicilərin 53.92 faizinin etimadını qazanıb.

Ötən gün baş tutan seçkilər Azərbaycanda da böyük maraqla izlənilib. Paşinyanın qalib gəlməsinin ölkəmizin üçün əhəmiyyəti müxtəlif səpkilərdə şərh edilib.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər də “Qafqazinfo” açıqlamasında Paşinyanın qalibiyyətinin Azərbaycan üçün əhəmiyyətli olduğunu bildirib: “Buna görə də Azərbaycan cəmiyyəti də haqlı olaraq prosesi yaxından izləyirdi. Seçkiöncəsi şərhlərimdə də bildirmişəm ki, bütün şərait və şərtlərə baxmayaraq Paşinyan qalib gələcək. Paşinyanın da qalib gəlməsi bizim maraqlarımıza uyğundur.

Nəticələr gözlədiyim kimi də oldu. Artıq erməni xalqı bir daha təkrar öz seçimini göstərdi. Erməni xalqı müharibəni, revanşizmi deyil, sülhü sabitliyi, təhlükəsizliyi, iqtisadi inkişaf istədiyini bir daha bəyan etdi.

Digər tərəfdən erməni xalqı öz xarici inkişaf siyasətində də demokratiyanı, demokratik Qərbi seçdi, nəinki avtoritar Rusiyanı. Eyni zamanda, erməni xalqı artıq başa düşür ki, bu müharibənin arxasında məhz Rusiya dayanır. Ona görə də bizim üçün artıq üçtərəfli razılaşmanın yerdə qalan bəndlərinin həyata keçirilməsi üçün şərait yaranıb.

Erməni xalqı Paşinyana kart-blanş verib. Azərbaycan Rusiyaya təzyiq etməlidir ki, öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsin və erməni silahlı qüvvələri bizim ərazimizdən çıxarılsın. Həm də Ermənistanla sərhəddə delimitasiya və demarkasiya işləri başa çatdırılsın, eyni zamanda Zəngəzur dəhlizi açılsın.

Azərbaycan bu 3 istiqamətdə səylərini birləşdirməlidir. Digər bir məsələ isə bunlardan heç də az əhəmiyyətli olmayan mina xəritələrinin əldə edilməsidir. Rusiya da bundan sonra öz hesabını götürməlidir.

Rusiya erməni xalqının seçiminə təsir edib öz adamı olan Koçaryanı hakimiyyətə gətirə bilmədi. Amma bizim üçün burada narahatlıq yaradan məsələ odur ki, erməni xalqı öz seçimini etdiyinə görə Rusiya Qarabağda öz nəzarəti altında götürdüyü hissədə bundan sonra daha da möhkəmlənməyə çalışacaq.

Xüsusilə də Şuşa bəyannaməsinin imzalanmasından sonra onun qorxusu daha da artıb və bundan sonra daha da artacaq. Bundan sonra biz Qərblə daha çox işləməliyik.

Qarabağ münaqişəsinin həllində yaranmış geopolitikada Böyük Britaniya, Çin, Rusiyadan istifadə etdik. İndi isə delimitasiya, demarkasiya məsələsində və Zəngəzur dəhlizinin açılmasında Azərbaycan Qərblə, xüsusilə Amerikayla sıx işləməlidir. Biz Qərbdən siyasi diplomatik cəbhədə olan hücumları neytrallaşdıra və Rusiyadan olan hücumları isə balanslaşdırmalıyıq”.

Günel Türksoy

 

Mənbə: qafqazinfo.az