“Məncə, əlavə sanksiyalar qaçılmazdır...” AVROPDA MÜZAKİRƏLƏR GEDİR

“Məncə, əlavə sanksiyalar qaçılmazdır...” AVROPDA MÜZAKİRƏLƏR GEDİR

Almaniyanın Xarici işlər naziri Heyko Maas Belarusa irimiqyaslı iqtisadi sanksiyalara çağırıb. Bu çağırış Avropa Birliyi Belarusun avtoritar lideri Alyaksandr Lukaşenkaya qarşı cəza tədbirlərini müzakirə edəcəyi toplantı öncəsi səslənib. “Məncə, Belarusa əlavə sanksiyalar qaçılmazdır”, – Maas iyunun 21-də “Die Welt” qəzetinə müsahibəsində deyib.

“Biz Belarus iqtisadiyyatının sektorlarına, potaş sənayesi, yaxud enerji sektoruna sanksiyaları genişləndirməliyik. Minsk hökumətini AB daxilində hökumət istiqrazları ilə vəsait yığmaqdan məhrum etməliyik”, – o vurğulayıb.

İyunun 21-də AB-nin xarici işlər nazirləri Luksemburqda ekspertlərin razılaşdırdığı yeni tədbirləri müzakirə edəcəklər. Ötən ay Ryanair təyyarəsi Minskə məcburi endiriləndən və təyyarədəki müxalifət fəalı ilə sevgilisi həbs olunandan sonra ekspertlərə Belarusa qarşı sanksiyalar hazırlamaq tapşırılıb. Həmin insidentdən öncə belə AB Belarusa yeni sanksiyaları nəzərdən keçirirdi. Ötən avqustdakı mübahisəli seçkidən sonra Lukaşenka rejiminin müxalifətə divan tutması beynəlxalq narazılığa səbəb olub.

Sanksiyaların öncəki raundları ayrı-ayrı qurumları və Lukaşenkanın yaxın ətrafını hədəfləyib. AB hökumətləri razılıq əldə edərsə, sanksiyaların son raundu yeni istiqrazlara, AB investorlarının qiymətli kağızlar alverinə və qısamüddətli istiqrazlar almasına, AB banklarının investisiya xidmətlərinə, AB-nin ixrac kreditlərinə qadağaları əhatələyə bilər.

Diplomatların deməsinə görə, AB ekspertləri nümayişçilərə qarşı istifadə oluna biləcək silah və avadanlığın blok ərazisindən ixracına qadağaları sərtləşdirməyə də razılaşıblar. Belarusun əsas ixrac məhsulu olan potaşa, eləcə də tütün, neft və neft məhsullarına sanksiya təklifi ciddi addım sayılır, rejimin maliyyə mənbələrinin sıxışdırılması deməkdir.

Mayın 23-də “Ryanair” şirkətinə məxsus təyyarənin müxalif bloqeri həbs etmək üçün zorla Minskə endirilməsini bir çox ölkələr “dövlət səviyyəsində təyyarəqaçırma” adlandırıblar. Təyyarə endirilən kimi müxalifət blogeri Raman Prataseviç və rusiyalı sevgilisi Sofiya Sapeqa saxlanıblar.AB buna Belarusun hava şirkətlərinə blokun hava məkanına və aeroportlarına buraxmamaqla cavab verib. Avropanın aviasiya tənzimləyicisi digər şirkətləri Belarusu hava məkanına girməməyə çağırıb.

Virtualaz.org

Mənbə: virtualaz.org