Ceyhun Bayramov Xəzər dənizi ilə bağlı əlavə sənədlərin imzalanmasının vacibliyinə diqqət çəkdi

“Azərbaycanla Qazaxıstan arasında dinamik inkişaf edən münasibətlər möhkəm təməllər üzərində qurulub”.

Oxu.Az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, həmkarının Azərbaycana səfəri ikitərəfli münasibətlərin daha da inkişafına böyük təkan verəcək.

Nazir koronavirus pandemiyasının iki ölkə arasındakı ticarət əlaqələrinə mənfi təsir göstərdiyini də deyib.

“Bizim məqsədimiz budur ki, iqtisadi-ticari əlaqələrin səviyyəsi pandemiyadan əvvəlki vəziyyətə qayıtsın”, - deyə o əlavə edib.

C.Bayramov qeyd edib ki, həmkarı ilə Azərbaycanla Qazaxıstan arasında Şərq-Qərb orta dəhlizi üzrə əlavə yüklərin cəlb edilməsi və işlərin koordinasiyasını müzakirə ediblər.

Nazir Xəzər dənizi ilə bağlı məsələlər, onun hüquqi statusunun müzakirə mövzusu olduğunu deyib.

“Biz ölkələrin mövqeyinin daha da yaxınlaşmasının vacibliyini, əlavə sənədlərin imzalanmasının vacibliyini qeyd etdik. Birgə işçi qrupun fəaliyyəti mövzusuna toxunduq”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

BŞTİ: "Valideynlərə kömək məqsədilə 31 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir"

SONRAKI XƏBƏR

Türkiyədə kürd partiyası qapadılır - Məhkəmə iddianaməni qəbul etdi - VİDEO