Dendrologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

Dendrologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

AMEA-nın Dendrologiya İnstitutunun Sistematika laboratoriyasının əməkdaşları, professor Əliyar İbrahimov və dosent Fatmaxanım Nəbiyeva Yasamal-Lökbatan-Qobu-Səngəçal ərazilərində ekspedisiyada olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiya zamanı 4 yeni formasiya və onların birlikdə 20 assosiasiya və qruplaşması qeydə alınıb. Qobuda Anasieta və Astragaleta, Səngəçalda Astragaleta, Convolvuleta və Globularieta formasiyaları, onların tərkib və senotik quruluşu tədqiq olunub. Səngəçalın Bağlar qəsəbəsində Cuzğun cinsinin ilk dəfə 3 növünün 49 ədəd yaşlı və cavan nüsxələrinin olduğu sahələr aşkarlanıb. Bu nadir bitkilərin ekoloji mühiti, bitdiyi yerlərin müasir vəziyyəti öyrənilib və bu qənaətə gəlinib ki, bu şəraitdə onlar tezliklə məhv olacaq. Tapdanaraq yerə sərilmiş, qurumaq üzrə olan 2 Cuzğun fidanı yenidən əkilib. Abşeronun Taksonomik spektri külliyyatına əvvəllər qeyd olunmamış 15 növ əlavə edilib.

Hazırda Abşeron ərazisindən toplanılan bitki növləri təyin edilir, fitosenoloji və faydalı xüsusiyyətləri öyrənilir, sistematik vəziyyəti müəyyənləşdirilir, sistematik icmalı və taksonomik spektri tərtib olunur. Bitkilərini yayılma areallarını, bitki müxtəlifliyini, fitosenozların müasir növ tərkibini, quruluşunu öyrənmək üçün tədqiqatlar davam edir. Həmçinin tədqiqatların nəticələrinə aid 8-10 məqalə işlənib, bir neçəsi nəşrə təqdim edilib.

Ekspedisiya zamanı bitkilərin 560 fotoşəkli və videogörüntüsü (təsdiqedici flora elementləri, fitosenozlar, yeni elmi material və məlumatlar) çəkilib.

Qeyd edək ki, institutun Dendroloji parkında yerli floradan və dünyanın müxtəlif yerlərindən bitkilər gətirilərək introduksiya olunub. Əvvəllər Azərbaycan florasında olmayan bu bitkilərin yaşıllaşdırma-abadlıq və bəzək-bərpa işlərində respublikamızın hər yerində, xüsusilə düşməndən azad edilmiş Qarabağ torpaqlarında əkilməsi bu günün vacib məsələlərindən biridir.

Mənbə: azertag.az