Deputat Faxralıda şəhid bulağının açılışını etdi

Yeni Azərbaycan Partiyasının 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə seçilmiş deputatı Anar Məmmədov Goranboy rayonu, Faxralı kəndində Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin adlarına inşa edilən xatirə bulağının açılış mərasimində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, şəhidlər bulağının açılışında şəhidin doğmaları, rəsmi şəxslər, ağsaqqallar, gənclər, kənd sakinləri, birinci Qarabağ və Vətən müharibəsinin iştirakçıları, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak edib. Əvvəlcə Faxralı kənd şəhidlərinin ruhuna dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib. Sonra bulaq kompleksinin açılışı olub. Xatirə bulağının açılışında çıxış edən millət vəkili Anar Məmmədov onların birinci Qarabağ və Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açmış, ölkəmizin o cümlədən rayonun, xüsusən Faxralı kənd sakinlərinin qəhrəmanlığından danışıb. Onun sözlərinə görə, şəhid ailələrinə göstərilən diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən birini təşkil edir.

Daha sonra çıxış edən Faxralı kənd ağsaqqalı Sahir Qurbanovun sözlərinə görə, dünyanın heç bir yerində şəhid ailələrinə Azərbaycandakı kimi diqqət və qayğı göstərilmir. Şəhid ailələri dövlət tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunur, şəhid adının əbədiləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Xalqımız da şəhidlərin xatirəsini hər zaman uca tutur, şəhid ailələrinə hər zaman diqqqət və qayğı ilə yanaşır. Şəhidlərin xatirəsinin uca tutulması xalqımızın tarixən formalaşdırdığı milli-mənəvi dəyərlərin mühüm tərkib hissəsidir.

Sonda şəhidlərin ailə üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.




Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Van Dammın oğlu ilə gəlini DODAQ-DODAĞA - YENİ FOTOLAR

SONRAKI XƏBƏR

Bakıda kirayədə yaşayan kişinin meyiti tapıldı