Paşinyanın seçilməsi Azərbaycanla olan gərginliyə necə təsir edəcək? - AÇIQLAMA

Paşinyanın seçilməsi Azərbaycanla olan gərginliyə necə təsir edəcək? - AÇIQLAMA

"Ermənistanda 20 iyunda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri onu göstərdi ki, ermənilər müharibədə aldıqları məğlubiyyəti indiki şəraitdə qəbul edirlər. Revanşist ideyaları və revanşist ritorikası ilə qalib gəlməyi hədəfləyən Robert Kocaryanın, eləcə də ümumən "Qarabağ planı"nın Ermənistanda heç bir gələcəyinin olmaması ilə bağlı biz öz proqnozlarımızı vermişdik. Bununla bağlı Ermənistan xalqı daha rasional davranaraq, öz seçimini etdi".

Bu sözləri Sonxeber.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib.

O bildirib ki, Paşinyanın seçilməsində bizim üçün maraqlı tərəflərindən danışaraq, əsas məsələnin Zəngəzur dəhlizinin açılması olduğunu vurğulayıb:

"Paşinyan 50 faizdən çox səs toplayaraq seçildi. Belə ehtimallar var ki, o, hökuməti və hakimiyyəti yenidən formalaşdıracaq. Paşinyan öz çıxışında həm seçicilərinə təşəkkür etdi, həm də kabinetin qurulması ilə bağlı fikirlərini söylədi.

Həm 10 noyabr, həm də 11 yanvar tarixində imzalanan 3 tərəfli müqavilələrin icrası bizim üçün əsasdır. Zəngəzur dəhlizinin açılması isə ən önəmli məsələdir. Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən artıq bu istiqamətdə öz fəaliyyətini təşkil etməli və Zəngəzur dəhlizinin açılması istiqamətdə praktiki addımlar atmalıdır. Belə olduğu halda bölgədə uzunmüddətli sülhü bərpa etmək olar. Əsas məsələ isə nəqliyyat-kommunikasiya xətlərinin açılmasına, bununla da uzun müddət davam edən düşmənçiliyə və Azərbaycana qarşı olan ərazi iddialarına son qoymağa nail olmaqdır. Eyni zamanda danışıqlar yolu ilə sərhədlərin delimitasiyası və demarkasiyası prosesi də həyata keçirilə və qarşılıqlı olaraq sərhədlərin tanınması istiqamətində görüşlər, təmaslar qurula bilər. Sərhədlərin qarşılıqlı tanınması gələcəkdə genişmiqyaslı və hərtərəfli sülh müqaviləsinin imzalanmasına gətirib çıxara bilər.
Nikol Paşinyan ölkədə risklərin minimallaşdırılması, müharibə təhlükəsinin qarşısının alınması və birgə yaşayışın formalaşması üçün öz hakimiyyəti dövründə fəaliyyət göstərməlidir".

Politoloq Paşinyan siyasətinin tərkib hissəsindən də danışıb:

"Ermənistan əhalisinin yenidən Paşinyanı seçməsi ona etimad etdiklərini göstərdi. Paşinyanın bu istiqamətdə çox planları var. Həm iqtisadi yüksəliş, həm müharibənin sonlanması üçün nəqliyyat-kommunikasiya xətlərinin açılması üzərindən iqtisadi dividetlər əldə etmək, qonşularla münasibətlərin normallaşdırılması, sərhəd məsələlərinə yenidən baxılması Paşinyanın siyasətinin tərkib hissəsidir".

Aytəkin Cəlali

 

 

 

 

 

Mənbə: sonxeber.az