Təhsil haqları ARTIRILACAQ? - AÇIQLAMA

Təhsil haqları ARTIRILACAQ? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı Fərman imzalayıb. Bəs tələbələrə verilən kreditlərdən sonra təhsil haqlarında artım olacaqmı?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Sonxeber.az-a açıqlama verib:

"İlk növbədə qeyd edim ki, təhsil kreditləri birmənalı şəkildə ölkədə təhsil haqlarının artmasına təsir göstərməyəcək. Təhsil haqları müəyyənləşən zaman mütləq ali təhsil müəssisələrinin xərcləri nəzərə alınır. Yəni tədris ili ərzində tələbəyə çəkilən xərc təhsil haqqında öz əksini tapır. Ali təhsil müəssisələrində təhsil haqqı nə qədər aşağı olsa, tələbələrin ödəmə qabiliyyəti də bir o qədər normal vəziyyətdə olacaq. Ona görə də mən birmənalı şəkildə tələbə kreditlərinin təhsil haqlarına mənfi təsir göstərəcəyinə inanmıram.

Digər tərəfdən, bunun məbləği də o qədər çox deyil ki, təhsil haqlarına təsir göstərsin. Çünki bu gün yaradılmış fond 80 milyon manatdır. Bu da hər bir universitetə normalda 100-150 tələbənin kreditini maliyyələşdirməyə imkan verəcək. Bu rəqəmləri nəzərə alsaq, hər universitetə düşəcək tələbə sayı əsasında təhsil haqlarının artırılacağını düşünmürəm. Əgər bu, daha kütləvi hal alsaydı, yəni hər bir universitetdə 500-1000 tələbə kreditdən yararlansaydı, o zaman, təbii ki, təhsil haqlarına təsri ola bilərdi. Amma həmin vəsaitlər müraciət edənlərə yox, birbaşa universitetin hesabına daxil ediləcək. Bu da universitetin maliyyə vəziyyətini düzəldəcək".

 

 

Mənbə: sonxeber.az