Süruşa görə belə Robertə dəyər verilmədi...

Süruşa görə belə Robertə dəyər verilmədi...

Beləliklə, Ermənistandakı seçkilərlə bağlı MDB-nin müşahidə missiyasının rəhbəri İlhom Nematov ermənilərin keçirdikləri mətbuat konfransında ölkədəki “parlament seçkilərinin Konstitusiya və Seçki Məcəlləsinə uyğun keçirildiyini” bəyan edib.

Yəni, parlament seçkilərinin qalibi Nikol Paşinyndır. Qeyd edək ki, hazırda Nikolun qazandığı mandatla yeni hökumət qura biləcəyi də istisna edilmir.

Amma maraqlıda olsa, Ermənistandakı son seçkilərlə bağlı ermənilər müxtəlif fikirlər sələndirməkdədirlər. Məsələn, ermənilərin “Aysor.am” saytında yer alan bir məlumatda Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri olmuş Edqar Qazaryan ölkəsində hakimiyyətin heç vaxt seçki yolu ilə dəyişmədiyini bildirir.

Məncə, “müəmmalı” açıqlamadır. Əslində buna “demokratik bir ölkənin demokratik seçkilərinə” xələl gətirə biləcək açıqlama adı da vermək olar. Amma Edqar Qazaryan vaxtilə bu işlərin içində olan biri kimi, ona “irad” bildirmək niyyətində də deyilik.

Qeyd edək ki, seçkinin nəticələri ilə bağlı mövqe bildirən “Mənim addımım” fraksiyasından olan keçmiş millət vəkili Arsen Julfalakyan Paşinyanın yenidən ölkəyə rəhbərlik edəcəyinə təəssüfləndiyini bildirir. Maraqlıdır ki, vaxtilə Paşinyanın “silahdaşı” olan Julfalakyan sual edir, görən, xalq Nikoldan imtina etmək üçün ondan daha hansı pislikləri görməlidir. Məgər, müharibədəki məğlubiyyət, “tarixi ərazilər”in itirilməsi minlərlə ölü və yaralı, çökən bir ordu, bərbad iqtisadiyyat, bərbad təhsil sistemi, böyük maddi ziyan və daha nələr, nələr cəmiyyətdə Nikola qarşı nifrət yaymağa kifayət etmədimi?

Bildirək ki, hazırda ermənilər arasında Arsen Julfalakyanın fikirlərinə şərik olanlar da az deyil. Məsələn, Paşinyanın 680 mindən artıq səsi necə qazandığına şübhə bildirən “Zartonk” partiyasının nümayəndəsi Ara Zohrabyan ermənilərin yalançı və məğlub birinə səs verməkdə böyük səhvə yol verdiklərini bildirir. Onun fikrincə, bu seçkilərdə milli dəyərlər sistemi, milli ləyaqət və vətənin təhlükəsizliyi ermənilərin qəlbində yer tapa bilmədi(?). Bəlkə də, amma, məncə, olan şeydən danışmaq lazımdır..

Qeyd edək ki, Nikol Paşinyanın yenidən səlahiyyətlərini icra edəcəyi ehtimalından pəjmürdə olanlardan biri də erməni hərbçisi Senor Asratyandır. Deyirlər, hərbçilərin sabiqi olmur, amma mənə elə gəlir ki, bu sözləri Senor haqqında demək olar. Nə isə... Asratyanın fikrincə, ermənilər yenə məğlub olub, amma bu dəfə xarici və ya daxili düşmənə yox, bu dəfə onlar özü özlərinə məğlub olublar.

O da maraqlıdır ki, nə R. Koçaryandan, nə də S. Sarkisyandan hələ ki, bir səs-səmir yoxdur. Belə görünür ki, onlar xalqdan aldıqları “sarsıdıcı zərbənin” avazımasını gözləyirlər. Əslində, bu gözlənilən idi, yəni seçkilərdə aşağı nəticə göstərmələri ermənilərin onlara münasibətinin sübutudur.

Amma, bunlar hamısı öz yerində... mənə belə gəlir ki, hazırda Robert Koçaryana ən çox yer eləyən onun seçiciləri qarşısına çıxarıb oxutdurduğu gəlini Süruşa görə belə ona verilməyən dəyərdir...

Ağasəf Babayev

Mənbə: sia.az