Yeni prezident, köhnə siyasət - Rusiya Cənubi Qafqazda necə davransa, İran onu yamsılayacaq

Yeni prezident, köhnə siyasət - Rusiya Cənubi Qafqazda necə davransa, İran onu yamsılayacaq

İranda Qərbin sanksiyaları, neft qiymətlərinin aşağı düşməsi, koronavirus pandemiyası səbəbilə iqtisadi problemlərin baş alıb getdiyi, ölkə üçün daxildə və xaricdə çətin şərtlərin olduğu bir dövrdə prezident postuna İbrahim Rəisi kimi qatı mühafizəkar seçildi. Sabiq Ədliyyə naziri olan İbrahim Rəisi barışmaz və kəskin mühafizəkar xətti ilə tanınır.

Qeyd edək ki, İranda baş verən istənilən siyasi hadisə həm qonşu dövlət olması, həm də soydaşlarımızın durumu baxımdan xüsusi önəm daşıyır. Eyni zamanda, İran hazırda bütün dünyanın diqqətində olan böyük oyunçudur. Bu səbəbdən də, qonşu ölkədə baş verən istənilən siyasi hadisə, xüsusilə də prezident seçkiləri Azərbaycana təsir edir.

Eurasia Diary mövzu ilə əlaqədar “Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltandan müsahibə alıb.

- Bildiyimiz kimi, İranda prezidentin seçilməsində Ali dini liderin qərarı böyük önəm daşıyır. Elə bu səbəbdəndir ki, bir çox insanlar seçki prosesindən narazı olduqları üçün seçkilərdə ümumiyyətlə iştirak etmədi.

- İrandakı prezident seçkilərində seçici aktivliyinin aşağı olması əvvəlki illərlə müqayisədə əhalinin siyasi cəhətdən seçki prosesinə və hakimiyyətə inamsızlığından irəli gəlir. Ümumilikdə İrandakı səsvermədə təqribən 59 mln. 10 min seçicinin yarısından da az qismi iştirak edib. Bu isə 49%-ə yaxın əhalidir. 17 mln.-dan çox insan isə İbrahim Rəisiyə səs verib. İbrahim Rəisinin seçkilərdə qalib gəlməsi əvvəlcədən hazırlanmışdı. İranda seçkini demək olar ki, hökumət özü keçirib. Seçkilərdə yalnız hərbi xətt, dövlət məmurları iştirak edib. Həmçinin, seçkidə daha ciddi siyasi fiqurlar yox idi.

- İbrahim Rəisi kimi qatı mühafizəkarın hakimiyyətə “gətirilməsi” İranın daxili və xarici siyasətində yaranmış hansı zərurətdən doğdu? Bu seçimin arxasında nə durur?

- Bundan əvvəlki dövrdə həm Həsən Ruhani, həm də Məhəmməd Xatəmi kimi islahatçının hakimiyyətə gətirilməsi rejim üçün başağrısı oldu. Bu başağrıları İranın nüvə proqramıyla bağlı çətinliklər yaratdı. Hakimiyyət istəyir ki, həm hökumət başçısı, həm də dövlət başçısı eyni xəttin nümayəndəsi olsun. Yəni Rəisi həm də Ayətullah Xameneinin yetirmələrindən sayılır. Eyni xəttin nümayəndələridir və eyni istiqamətdə fəaliyyət göstərə bilərlər. Hakimiyyət üçün əlavə problemlər yarana bilməz. Düzdür, Mahmud Əhmədinejad da mühafizəkar xətt tərəfdarı sayılırdı. Amma Əhmədinejad Xameneidən çox İslahiyədzinin tərəfdarı idi. Və bir çox hallarda o, özünü dövlət başçısı kimi də göstərməyə çalışırdı. Buna qarşı İranda çoxlu etirazlar oldu. Hakimiyyət pandemiya ilə bağlı yaratdığı fövqəladə rejimdən istifadə edərək əhalini bu tip aksiyaların keçirilməsinin qarşısını aldı.

İran Konstitusiyasının 112-ci maddəsinə görə, prezident ölkənin ikinci şəxsi hesab edilir. İkinci şəxs isə ölkənin nə daxili, nə də xarici siyasətinə başçılıq edə bilməz. Dövlətin başında Seyid Əli Xamenei dayanır və xarici və daxili siyasət kursunu dövlət başçısı müəyyənləşdirir. İbrahim Rəisi isə bu siyasətin icraçısıdır.

- İbrahim Rəisinin hakimiyyəti dövründə nüvə məsələsində İran hansı yolu tutacaq? Həmçinin, belə bir mühafizəkarın hakimiyyətə gəlişindən sonra İranın ABŞ və Avropa ilə münasibətləri necə olacaq?

- İranın Qərb bloku ilə münasibətləri daha çox Rusiya və Çinin ABŞ və Avropa ilə münasibətlərindən asılı olacaq. Çünki İranın arxasında Rusiya və Çin dayanır. İran həm də Çin və Rusiyanın əlində Qərbə və Avropaya qarşı istifadə etdiyi silahlardan biridir. Nüvə proqramı ilə bağlı danışıqlar isə davam edir. ABŞ və İran arasında irəliləyişlərə nail olunub, uğurlar var. Həmin sanksiyalar İranın neft hasilatı ixracatına şamil edilmir. İran tərəfi belə güman edir ki, yaxın vaxtlarda texniki məsələlər də həll olunacaq və dünya bazarına neft satışa çıxarmaq üçün İrana qarşı sanksiyalar aradan qaldırılacaq. ABŞ rəsmiləri dəfələrlə bəyan edib ki, sanksiyalar yumşaldılsa da, çoxlu sayda sanksiyalar hələ də qüvvədə olacaq. Bu isə o deməkdir ki, İran hakimiyyəti sanksiyasız yaşamayacaq. Nə qədər ki, Qərbin şərtlərinə əməl olunmur, bu sanksiyalar qüvvədə qalacaq. Bu sanksiyalar isə perspektivdə ölkənin vəziyyətinin ağırlaşmasına aparıb çıxaracaq.

- İranda sanksiyalar, neft qiymətləri, pandemiya və s. kimi səbəblərdən iqtisadi problemlər yaşanır. Və İbrahim Rəisinin dövründə İranın sərt siyasət yürüdəcəyi deyilir. Xüsusilə də İranın daxili siyasətində. Rəisinin dövründə Cənublu soydaşlarımızın hüquqları necə olacaq?

- Bayaq dediyim kimi, İbrahim Rəisi siyasəti icra edəndir. İranda hakimiyyət İran Mərkəzinin fars düşüncə sisteminin daşıyıcılarına məxsusdur. İstər onun başında türk sayılan Ayətullah Seyid Əli Xamenei olsun, istər yeni prezident seçilən İ. Rəisi olsun, bunlar, İran Mərkəzi sisteminin fars düşüncə sisteminin təmsilçiləridir. Fars düşüncə sistemi isə fars şovinizminə qulluq edir. Fars şovinizmi fars olmayan bütün millətlərin, o cümlədən, Azərbaycan türklərinin assimilyasiyası ilə məşğuldur. Bunlar Azərbaycan türklərinin milli haqlarını tanımır və tanımaq belə istəmirlər. Odur ki, “qəddari” adlanan İbrahim Rəisinin prezidentliyi dövründə də Azərbaycan türklərinə qarşı bu qəddarlıq davam edəcək. Rəisi prokuror olduğu dövrdə 3 min nəfərin, qeyri-rəsmi mənbələrə görə 30-40 min nəfərin edamı ilə bağlı hökm çıxarıb. Heç şübhəsiz ki, Rəisi hüquq-mühafizə orqanlarına rəhbərlik etdiyi dövrdə milli haqlarını tələb edən Azərbaycan türklərinə qarşı da ədalətsiz hökmlər çıxarıb. Bunun üçünsə beynəlxalq ictimaiyyət, insan hüquqları təşkilatları İrana dəfələrlə sanksiyalar tətbiq ediblər. Amma hələ ki, bu sanksiyaların heç birinə məhəl qoyulmayıb. BMT-nin İnsan hüquqları üzrə İrana dair məruzəçisi Şahidi 15 ilə yaxındır təyin olunub, amma indiyədək onun İrana daxil olmasına icazə verilmir. Avropa İttifaqının İran üzrə həmməruzəçisinin İrana girməsinə icazə verilmir. Bu isə o deməkdir ki, İran bölünmüş millətlər həbsxanası olaraq qalır və insan hüquqlarını tapdayan diktatura, avtoritar rejim olaraq mövcudluğunu sürdürür.

- Rəisi kimi qatı mühafizəkarın hakimiyyətə gəlməsi region, o cümlədən bölgədəki problemlər baxımdan Azərbaycan üçün nə vəd edir? Yeni prezident İranın Qarabağdakı proseslərdə iştirakına necə təsir edəcək?

- İrandakı hakimiyyət indiyədək Azərbaycan torpaqları işğal altında olan vaxt Ermənistan və Qarabağdakı separatçılarla hərtərəfli əməkdaşlıq edib. Hətta 44 günlük müharibə zamanı da İran Azərbaycan əleyhinə əks-təbliğat aparıb. Hansısa terrorçuların Azərbaycan tərəfindən döyüşə qatıldığı deyildi. Ermənistan tərəfə yanacaq və silah-sursatın verilməsi ilə bağlı videolar və xəbərlər yayıldı. Bu onu deməyə əsas verir ki, Azərbaycan torpaqları işğal altında olanda və işğaldan azad ediləndə İran hakimiyyəti etibarlı qonşu olmadı. O, başqa müsəlman ölkələri kimi Azərbaycanın bu haqlı savaşını müdafiə etmədi. İndi İran yeni yaranmış şəraitə uyğun olaraq əməkdaşlığa çağırılır ki, müharibə dövründə İran hakimiyyəti öz qonşuluq funksiyasını normal və ədalətli şəkildə icra etmədi, heç olmasa regionda təhlükəsizliyin yaranmasında iştirak etsin. Bu həm də İran üçün faydalı olacaq. “3+3” formatında əməkdaşlıq təklif olunub. İran perspektivdə Cənubi Qafqazda bu formatda iştirak edəcək. İran tərəfi bu layihəyə qarşı hələ etiraz etməyib. İranın burada iştirakı Rusiyadan asılı olacaq. Rusiya Cənubi Qafqazda necə davransa, İran da onu yamsılayacaq.

Gülnar Səlimova

Mənbə: ednews.net