Əlcəzair nəşri azərbaycanlı diplomatın müsahibəsini yayıb

Əlcəzair nəşri azərbaycanlı diplomatın müsahibəsini yayıb

Azərbaycanın Əlcəzairdəki müvəqqəti işlər vəkili İlham Əliyev bu ölkənin ən nüfuzlu nəşri olan “Algeria”ya geniş müsahibə verib.

AZƏRTAC xəbər verir ki, qəzetin müxbiri Rumaysa Rəhmaninin suallarını cavablandıran diplomat ermənilərin 44 günlük müharibədən sonra Hərbi Qənimətlər Parkı və əsirlərlə bağlı irəli sürdükləri iddiaların tamamilə əsassız olduğunu, xüsusilə Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan ərazisində terror aktı törətmək istəyən və saxlanılan şəxslərin “hərbi əsir” deyil, terrorçu olduqlarını bildirib. O, minalanmış ərazilərin xəritələrini verməkdən imtina edən Ermənistanın son təxribatlarından da ətraflı bəhs edib. İ.Əliyev vurğulayıb ki, hazırda Azərbaycan hökuməti ermənilərin işğal dövründə dağıdılmış infrastrukturun, mədəniyyət və dini abidələrin, məscidlərin bərpası isitiqamətində genişmiqyaslı işlər aparır. Diplomat deyib: “Bir neçə gen əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağın incisi olan Şuşa şəhərinə səfər etdi və orada Azərbaycan Prezidenti İlham Əliyevlə çox mühüm Şuşa Bəyannaməsini imzaladı. Bu sənəd iki qardaş ölkənin əlaqələrini daha da möhkəmləndirəcək”.

Müvəqqəti işlər vəkili Əlcəzair ilə Azərbaycan arasında qədim tarixə malik əlaqələrdən də bəhs edib. Diqqətə çatdırıb ki, bu il iki ölkənin rəsmilərinin qarşılıqlı səfərləri gözlənilir. Diplomat qeyd edib ki, hələ SSRİ dövründə Bakıdakı Neft-Kimya, Tibb institutlarında çoxlu sayda əlcəzairli tələbə təhsil alırdı. Hazırda Azərbaycan və Əlcəzair səfirlikləri ölkələrimiz arasında əməkdaşlığın inkişafı istiqamətində səyləri davam etdirir. O xatırladıb ki, 2019-cu ildə Əlcəzair Prezidenti Əbdülqadir Bensalah Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirak edib, Azərbaycanın dövlət başçısı İlham Əliyevlə ikitərəfli əlaqələrin perspektivlərinə dair müzakirələr aparıb.

Diplomat bildirib ki, COVID-19 pandemiyasına qədər 20 mindən çox əlcəzairli turist Azərbaycana gəlib, onlar ölkəmiz haqqında xoş təəssüratlarını yerli mətbuatla bölüşüblər. Həmin il Bakıya səfər edən Əlcəzairin mədəniyyət naziri azərbaycanlı həmkarı ilə iki ölkə arasında mədəni əməkdaşlığın perspektivlərini müzakirə edib. “Əlcəzairdə Azərbaycan musiqisini çox sevirlər. Ötən əsrin 70-ci illərində Azərbaycanın görkəmli bəstəkarı Əlcəzairdə çalışıb, burada bizim incəsənət xadimlərinin iştirakı ilə Beynəlxalq Mədəniyyət Festivalı da keçirilib. İndi də əlcəzairli gənclər Azərbaycanın universitetlərində təhsil alırlar”, - deyə diplomat bildirib.

Ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən Əlcəzair dövlətinə təşəkkürünü bildirən diplomat əlavə edib ki, hazırda ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində uğurlu əməkdaşlıq edirlər. İ.Əliyev ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi tərəqqisi, həyata keçirdiyi transmilli enerji və kommunikasiya layihələri barədə də ətraflı məlumat verib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Mənbə: azertag.az