Beynəlxalq müşahidəçilər Ermənistanda seçkilərdə aqressiv ritorikanın qeydə alındığını açıqlayıb

Beynəlxalq müşahidəçilər Ermənistanda seçkilərdə aqressiv ritorikanın qeydə alındığını açıqlayıb

Ermənistanda növbədənkənar parlament seçkilərində qütbləşmə və aqressiv ritorika qeydə alınıb.

APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT Parlament Assambleyası və AŞPA-dan olan təmsilçilərdən ibarət beynəlxalq müşahidəçilərin bəyanatında bildirilib.

Qeyd olunub ki, ölkədə keçirilən növbədənkənar parlament seçkiləri qısa müddət ərzində təşkil olunsa da rəqabətli mühitdə reallaşıb: “Lakin intensiv qütbləşmə, güclü aqressiv ritorika, eyni zamanda, qadınların seçki kampaniyasından kənarda qalması müşahidə olunub”.

Bəyanatda vurğulanıb ki, seçki ilə bağlı qanunvericilik bazası əhatəli olsa da, bəzi çatışmazlıqlar hələ də mövcuddur: “Seçki sistemindəki son dəyişikliklər siyasi partiyaların və vətəndaş cəmiyyəti qruplarının əksəriyyəti tərəfindən geniş müzakirə olunaraq dəstəklənsə də, dəyişikliklərin seçkilərə yaxın qəbul edilməsi hüquqi qeyri-müəyyənliyə səbəb olub və dəyişikliklər barədə seçiciləri məlumatlandırmaq üçün vaxt az olub”.

Müşahidəçilər bildirib ki, bəzi hallarda həm özəl, həm də dövlət sektorundakı işçilərə konkret təşviqat tədbirlərində iştirak etmək üçün təzyiq edilib, təşviqat dövründə səslərin satın alınması və dövlət resurslarından sui-istifadə ittihamları qeydə alınıb.

Mənbə: apa.az