Sorosun "övladlıq"dan rədd etdiyi Paşinyan: "Revanşistlər artıq Qərbin nəzarəti altındadır" - Mehmet Perincek

“Paşinyan hökuməti problemləri həll etmək istəyirsə, “Altılıq” platforma təklifinə müsbət cavab verməlidir”.

Bu fikirləri Yenicag.info-ya verdiyi müsahibədə Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrini və Nikol Paşinyanın bundan sonra izləyəcəyi mümkün siyasəti dəyərləndirən türkiyəli ekspert, Rusiya üzrə mütəxəssis Mehmet Perincek deyib.

Mehmet Perincek Ermənistandakı revanşist qrupların artıq Qərbin nəzarətində olduğunu bildirib:

“10 noyabrdan əvvəl və sonra iki fərqli Paşinyan var. 10 noyabrdan əvvəl Paşinyan, İlham Əliyevin də dediyi kimi, Sorosun uşağıydı. Lakin hal-hazırda Paşinyan Rusiya tərəfdən də daha asan anlaşıla bilən fiqur halına gəlib. Rusiya bu gün üçtərəfli atəşkəsin zaminidir. Buna görə də əldə edilən anlaşmanın yerinə yetirilməsinə qarşı atılacaq hər bir addım Rusiyanın prestijinə zərər verəcək və hər hansı münaqişə ocağı Rusiyanı çətin vəziyyətə salacaq. Bu baxımdan, revanşist müxaliflərin iqtidara gəlməsi Rusiyanı daha çox incidəcəkdi.

Artıq Türk-Rus birgə monitorinq mərkəzi də fəaliyyət göstərir. Bu mərkəzə Moskva da, Ankara da önəm verir. Ermənistanda daha uzlaşmaçı hökumətin olması Moskvanın da mənafeyinə uyğundur. Çünki onlarla bu prosesi idarə etmək daha asandır. Əgər 10 noyabrdan əvvəl Paşinyan Qərbin himayəsində idisə, bu gün artıq revanşistlər Qərbin idarəsi altındadır. Çünki Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan arasında gərginliyin artması Qərbin çıxarlarına uyğundur. Artıq rollar dəyişib. Paşinyan hökuməti Rusiyanın işini asanlaşdıracaq”.

Mehmet Perincek Paşinyanın ölkədaxili problemlərin həllinə nail olmaq üçün təklif edilən “Altılıq” platformaya müsbər cavab verməli olduğunu vurğulayıb:

“Türkiyə, Azərbaycan və Rusiya ilə yaxşı münasibətlərin qurulması Ermənistan xalqının xeyrinədir. Onlar iqtisadi və siyasi problemlərini ancaq qonşçu xalqlarla münasibətləri yaxşılaşdırmaqla həll edə bilərlər. Təklif edilən altılıq platformanın qurulmasıyla regional inteqrasiya prosesi sürətlənəcək. Bütün bunlar.ş təbii ki, Ermənistan xalqının xeyrinədir. Paşinyan hökuməti bun dərhal müsbət reaksiya verəcəkmi, bunu deyə bilmərəm, ancaq seçki nəticələrinə baxanda görürük ki, ermənilər revanş arzulayanlara səs verməyib. Bu da ermənilərin sülh və sakitlik istədiklərini göstərir. Paşinyan hökuməti problemləri həll etmək istəyirsə, altılıq platforma təklifinə müsbət cavab verməlidir”.

Aqil Bəkir

Yenicag.az

ƏVVƏLKİ XƏBƏR

Erməni ekspert: “Qarşıdakı aylarda Türkiyə və Azərbaycanla ikinci kapitulyasiya sənədini imzalayacağıq”

SONRAKI XƏBƏR

“Hindistan Azərbaycan neftinin ikinci ən böyük istehlakçısıdır” – SƏFİRLƏ SÖHBƏT