“Hindistan Azərbaycan neftinin ikinci ən böyük istehlakçısıdır” – SƏFİRLƏ SÖHBƏT

“Hindistan Azərbaycan neftinin ikinci ən böyük istehlakçısıdır” – SƏFİRLƏ SÖHBƏT

“Şimal-Cənub dəhlizi iki ölkə arasında ikitərəfli ticarətin inkişafı üçün vacibdir”

Bu gün Hindistan bütün dünyanın diqqət mərkəzindədir. Qədim əfsanələr diyarı hazırda COVİD-19 pandemiyası ilə mübarizənin ön cərəglərində yer alır. Güclü farmakalogiya sənayesi potensialına malik Hindistanın bu mübarizəsini bütün dünya həyacanla izləyir.

“AzPolitika.info” olaraq, Hindistanın Azərbaycandakı Səfiri cənab Bavitlunq Vanlalvavna ilə bu müsahibədə ölkələrimiz arasında münasibətlər, iqtisadiyyat, mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsi, qitələri birləşdirəcək meqaproyekt olan Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə əməkdaşlığı və digər bir çox məsələləri müzakirə etdik:

-Cənab Səfir, Hindistan çoxlu sayda ölkəni peyvəndlə təmin edib və hətta ehtiyacı olan bir çox ölkələrə peyvənd yardımı göstərib. Ölkənizin bu addımını Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı da təqdir edib. Hindistanın daxili peyvənd tələbatının öhdəsindən necə gəldiyini sizdən eşitmək istərdik. Hal-hazırda Hindistanda vaksinasiya üzrə vəziyyət necədir?

-Hal-hazırda Hindistanda iki yerli istehsallı peyvənd tətbiq olunur. “Covaxin” ölkə daxilində hazırlanıb. “Covishield” isə “Oxford/Astrazeneca” peyvəndinə oxşardır. “Zyudis Cadilla” kimi Hindistan şirkətləri də hazırladıqları peyvəndlərin kliniki sınaqlarını tamamlamaq mərhələsindədir. Serum İnstitutu və Dr. Reddy-nin Laboratoriyası kimi digər Hindistan şirkətləri, həmçinin "Novavax" və "Sputnik V" daxil olmaqla başqa ölkələrdə istehsal edilmiş peyvəndləri Hindistanda hazırlamaq istiqamətində xarıcı şirkətlərlə razılığa gəlinməkdədir. Bugünkü tarixə olan məlumata əsasən Hindistan yaşı 18 və 18-dən yuxarı olan insanları 270 milyona yaxın COVİD-19 əleyhinə peyvənd dozası ilə təmin edib. Hədəfimiz 2021-ci ilin sonuna kimi təxminən 2 milyard dozanın vurulmasıdır.

-Hindistan və Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq istiqamətində irəlilədiyini bilirik. Xüsusilə, Mumbaydan yüklərin daşınması daha da asanlaşır. Dehli bu sahədə əməkdaşlığı necə qiymətləndirir?

-Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin təsisçi üzvüdür və Hindistan hökuməti bu nəqliyyat marşrutunun tez bir zamanda istifadəyə verilməsinə böyük əhəmiyyət verir. Bu məzmunda Hindistan və Azərbaycan dəhlizin işlək vəziyyətə gətirilməsi istiqamətində sıx əməkdaşlıq edib. Dəhliz iki ölkə arasında ikitərəfli ticarətin inkişafı üçün vacibdir, çünki Hindistan və Azərbaycan arasında həm malların daşınmasına çəkilən xərcləri, həm də daşınma vaxtını əhəmiyyətli dərəcədə azaldacaq. Hindistan həmçinin, İranın Bəndər Abbas limanından əlavə Çabahar limanının da Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil edilməsini təklif edib. Yaxın gələcəkdə Bakıda keçirilməsi gözlənilən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Koordinasiya Şurası iclasının keçirilməsini səbirsizliklə gözləyirik, çünki həmin iclasın bu əhəmiyyətli təşəbbüsə lazımi təkan verəcəyinə inanırıq.

-Hindistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq hansı səviyyədədir?

-Keçən bir neçə il ərzində Hindistan və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələri əhəmiyyətli dərəcədə artıb. Lakin, pandemiya səbəbindən keçən il ərzində iqtisadi və ticarət əlaqələrimizdə azalma baş verib. Bu gün məmnuniyyətlə qeyd etmək istərdim ki, keçən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk beş ayında ikitərəfli ticarətin həcmində artıq 21 faizdən çox artım müşahidə etmişik. Bu gün Hindistan Azərbaycanın üçüncü ən böyük ixrac istiqamətidir və faktiki olaraq neft ixracı rəqəmlərinə baxdığımızda, Hindistan Azərbaycan neftinin ikinci ən böyük istehlakçısıdır. Digər tərəfdən isə, Hindistanın Azərbaycana ixracatı da keçən ilin eyni dövrü ilə müqayisədə bu il 22 faizdən çox artıb.

Bu qeyd etdiklərim ikitərəfli iqtisadi əlaqələrin gələcək inkişafı üçün çox müsbət əlamətlərdir. Kənd təsərrüfatı, İT, əczaçılıq, elektrik və mühəndislik məhsulları kimi sahələri iqtisadi əlaqələrimizi şaxələndirmək üçün potensial sahələr olaraq müəyyənləşdirmişik. Hətta pandemiya dövründə belə hər iki tərəfin ticarət palataları və biznes cəmiyyətləri müntəzəm olaraq videokonfranslar vasitəsilə qarşılıqlı əlaqədə olub. Bir çox Hindistan şirkəti Azərbaycanda təsis olunub ki, bu şirkətlər iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafına əhəmiyyətli şəkildə fayda verir.

-Cənab Səfir, ölkələrimiz arasında mədəni əməkdaşlığın möhkəm təməli var. Bu sahədəki mövcud vəziyyəti necə qiymətləndirirsiniz, hansı yeni addımlar atılır? Fikrinizcə, Səfirlik hansı səviyyədə əlaqələrə nail olub?

-Hindistan və Azərbaycan arasında uzun tarixi və dərin mədəni əlaqələr var. Hindistan musiqi və rəqsləri Azərbaycanda məşhurdur və əhali tərəfindən təqdir olunur. İki ölkə arasında son dövrlərdə sənətçilərin və mədəniyyət qruplarının səfərləri də daxil olmaqla tez-tez mədəni təmaslar həyata keçirilir. Hindistan və Azərbaycan 2018-ci ildə Mədəni Mübadilə Proqramı imzalayıb ki, bu proqram da əməkdaşlığı və sənətçilərin mübadiləsini təmin edir.

Hindistanın müstəqilliyinin 75 illiyinin qeyd olunmasına başlamışıq və Hindistan mədəniyyətini rəqs, musiqi, sənət və ədəbiyyat vasitəsi ilə Azərbaycan ictimaiyyətinə təqdim etmək fəaliyyət istiqamətlərimizdən biri olacaq. Beynəlxalq Yoqa Gününün qeyd olunması tədbirlərimizin sayı da ildən-ilə artmaqdadır. Diasporamızla birlikdə Hindistan ştatlarının müxtəlif mədəni xüsusiyyətlərini və festivallarını təbliğ etmək kimi müxtəlif təbliğat proqramlarımız vasitəsilə Hindistan mədəniyyətini Azərbaycandakı bir çox dostlarımıza çatdıra biləcəyimizə inanıram.

-Beynəlxalq Yoqa Günündən söz düşmüşkən, hal-hazırda 7-ci Beynəlxalq Yoqa Günləri başlayıb. Hindistan Səfirliyi 2015-ci ildən bəri bu günü qeyd edir. Səfirliyin “Facebook” səhifəsində bir çox onlayn yoqa sessiyaları təşkil olunmaqdadır. Başqa hansı tədbirlər planlaşdırılıb? Ümumiyyətlə, COVID-19 pandemiyası dövründə Beynəlxalq Yoqa Gününü necə qeyd edirsiniz və Azərbaycandan iştirak və dəstək hansı səviyyədədir?

-2015-ci ilin 21 iyununda ilk dəfə olaraq Beynəlxalq Yoqa Gününü qeyd etdiyimiz zamandan etibarən Azərbaycanda Beynəlxalq Yoqa Günü fəaliyyətlərinin sayı artıb. Həmin tarixdən keçən ilk beş ildə Bakının bir çox əlamətdar məkanlarında Yoqa sessiyaları keçirilib. 2019-cu ildə isə biz yoqanı Azərbaycanın regionlarına, Lənkəran, Qəbələ və Şamaxıya təqdim etdik. Həmin şəhərlərin İcra Hakimiyyətlərinin fəal dəstəyi ilə açıq ictimai məkanlarda Yoqa sessiyaları təşkil etdik və yoqanı bu ərazilərdə geniş əhali qruplarına təqdim edə bildik. Keçən iki il ərzində COVİD-19 ilə əlaqədar məhdudiyyətlər səbəbindən fəaliyyətimizi onlayn rejimlə məhdudlaşdırmışıq və Səfirliyin sosial media hesabları vasitəsilə yayımlanan Yoqa sessiyalarının təşkili üçün Azərbaycandan yoqa ustadları və müəllimləri ilə əməkdaşlıq etmişik. Fəaliyyətlərimizə dair müsbət rəylər almaqda davam edirik və Azərbaycanın müxtəlif hissələrindən yoqa həvəskarları proqramlarımızda iştirak etməyə və bizi dəstəkləməyə davam edir.

Doğru vurğuladınız, 21 iyuna təsadüf edən 7-ci Beynəlxalq Yoga Günü ərəfəsində Azərbaycandakı yoqa müəllimləri və yoqa mərkəzləri ilə birlikdə bir sıra onlayn yoqa sessiyaları təşkil etmişik. Bütün bu proqramlar “Facebook” səhifəmizdə( @indiainazerbaijan) yerləşdirilib və qoşula bilmədiyiniz halda belə proqramı istədiyiniz zaman izləyə və yoqa təlimatına əməl edə bilərsiniz. Növbəti bir neçə gün ərzində də Bakı Gənclər Mərkəzi və “YoQa Shahi Studio” ilə birlikdə onlayn hibrid yoga sessiyaları təşkil edəcəyik.

-Yoqanın Hindistanda yarandığını və ölkənizin dünyada yoqanı təbliğ etdiyini hər birimiz bilirik. Pandemiya dövründə Yoqanın COVID 19-la mübarizəyə köməyi barədə nə deyə bilərsiniz?

-Müntəzəm şəkildə məşq edildiyi halda yoqa insanın gündəlik problemlərini həll etməyə dair uğurlu təcrübəyə malikdir. Yoqa cism və zehnin arasında ahəng yaratmaq üçün effektiv vasitədir. Yoqa mütəxəssisləri və həvəskarları COVID-19 pandemiyası dünyanı bürüyən zaman yoqanın yenidən aktuallaşması məsələsində həmfikirdir. Bu dövrdə fiziki sağlamlığın qorunması və balanslı zehin xəstəlikə mübarizə üçün ən təsirli vasitələrdir. Yoqa bu hədəflərə nail olmağa kömək edə bilər. Yoqanın zamanın sınağından keçmiş nəfəs alma, meditasiya və fiziki məşqlər kimi üsulları insanı bədənə və zehnə təsir edə biləcək xarici təhlükələrə daha effektiv reakasiya verməyə hazırlaya bilər və sağlam edər.

Onu da qeyd edim ki, 2015-ci ildən başlayaraq hər il keçirilən Beynəlxalq Yoqa Günü tədbirlərinin başlamasından etibarən Azərbaycanda yoqanın kütləviliyi artmaqdadır. Bu, həmçinin o deməkdir ki, Azərbaycanda daha çox insan Yoqanın həqiqi mahiyyətini və əhəmiyyətini başa düşüb. Buradan bildirmək istərdim ki, bədənin gərginliyini azaltmağa, insanın öz həqiqi mahiyyətini kəşf etməyə və bədən tarazlığını yaxşılaşdırmağa kömək edən nəfəs alma üsulları da daxil olmaqla bir çox digər elementləri əhatə etdiyi üçün yoqanın fiziki məşqdən daha çox məna kəsb etdiyini qəbul etmək çox vacibdir. Yoqa sahəsində əməkdaşlıq etmək üçün nə edə biləcəyimizə gəlincə isə, Azərbaycanda daha çox insanın yoqanın faydalarına çıxışı üçün yoqa müəllimləri və ölkə qurumları arasında böyük əməkdaşlıq potensialı var. Bu potensiala birgə Yoqa mərkəzlərinin yaradılması və ya insan resursları mübadiləsi və təlimlər daxil oluna bilər.

Beynəlxalq Yoqa Günü ərəfəsində təşkil edilən tədbirlərdən əlavə il ərzində Yoqa ilə əlaqəli fəaliyyətin həyata keçirilməsinin lazım olduğunu düşünürük. Bu məqsədlə Yoqa sessiyaları təşkil etmək üçün yoqa müəllimləri ilə əməkdaşlıq etməyi və mümkün olarsa onları Azərbaycanın bölgələrinə aparmağı planlaşdırırıq. Hindistan Mədəni Əlaqələr Şurasının Hindistan Səfirliyi vasitəsilə Yoga Könüllüləri və müəllimlərinin sertifikatlaşdırılması proqramını başlatdığını söyləməkdən məmnunam və bu təşəbbüsün yoqanı peşəkarlıqla öyrənməyə və öyrətməyə marağı artıracağına ümid edirəm.

Ayurvedaya gəldikdə isə Azərbaycanda Ayurvedaya dair məlumatın az olduğunu bilirik və yaxın aylarda mütəxəssislərin çıxışları və yerli reabilitasiya mərkəzlərinin iştirakı ilə təbliğat proqramları təşkil etməyi planlaşdırırıq.

Laçın SƏMLA

Mənbə: azpolitika.info