Boris Conson: 2021-ci il britaniyalıların səyahət etmələri üçün mürəkkəb dövr olacaq

Boris Conson: 2021-ci il britaniyalıların səyahət etmələri üçün mürəkkəb dövr olacaq

Böyük Britaniya hökumətinin əsas məqsədi koronavirus infeksiyasının ölkəyə daxil olmasının qarşısını almaq olduğundan 2021-ci il xaricə səyahətlər üçün mürəkkəb dövr olacaq.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Boris Conson bu barədə Sky News telekanalının efirində danışıb. O, həmçinin Birləşmiş Krallıqda koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlərin iyulun 19-da aradan qaldırılacağına inamını ifadə edərək deyib: “Düşünürəm ki, vəziyyət iyulun 19-da son nöqtənin qoyulması üçün əlverişli görünür”.

Britaniyada əvvəlcə bütün məhdudiyyətlərin aradan qaldırılması iyunun 21-nə planlaşdırılmışdı. Lakin koronavirusun Hindistan variantına (Ümumdünya Səhiyyə Təşkilatının yeni təsnifatında “Delta” adlanan ştam) yoluxma hallarının sürətlə artması fonunda Birləşmiş Krallıqda epidemioloji vəziyyətinin pisləşməsi səbəbindən bu tarix bir ay təxirə salınıb. Son beş gündə sutkalıq yoluxma hallarının sayı təxminən 10 min nəfər təşkil edib, halbuki bir ay öncə bu göstərici 3 mindən çox deyildi. Hakimiyyət orqanları peyvəndin birinci və ikinci dozaları arasındakı fasiləni səkkiz həftəyədək azaldaraq vaksinasiya prosesini sürətləndirmək niyyətindədir.

Qeyd edək ki, indiyə qədər Böyük Britaniyanın yetkinlik yaşına çatan əhalisinin demək olar ki, 82 faizi (43 milyon nəfər) COVID-19 əleyhinə peyvəndin ilk dozasını vurdurub. Həmin kateqoriyadan olan 59,5 faiz britaniyalı isə (31,3 milyon nəfər) tam vaksinasiya edilib.

 

Mənbə: azertag.az