ABŞ Ermənistanda Kremli məğlub etdi - Dağlı

ABŞ Ermənistanda Kremli məğlub etdi - Dağlı

Ermənistanda keçirilən parlament seçkilərində Paşinyan qalib gəldi. Nəticə Ermənistan qədər Rusiya, ABŞ, Azərbaycan və Türkiyəni maraqlandırır.

Axar.az xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist Taha Dağlı deyib.

O bildirib ki, Qarabağ məğlubiyyəti Qərb tərəfindən dəstəklənən Paşinyanla rusiyapərəst erməni müxalifləri arasında dərin bir uçuruma səbəb oldu:

“Rusiya tərəfindən dəstəklənən Ermənistan ordusu Paşinyana qarşı çevriliş etməyə çalışdı. Nəticədə Paşinyan böhranı özü üçün yaxşı idarə etdi, erkən seçki qərarı verdi. Bir növ bu seçkiləri Qərblə Rusiya arasındakı mübarizənin əks olunması da adlandırmaq olar. Çünki bu, ABŞ administrasiyasının dəstəklədiyi Paşinyanla Rusiyanın dəstəklədiyi Köçəryanın qarşı-qarşıya gəldiyi bir seçki idi. Paşinyan qalib, Rusiya məğlub oldu. Moskva Qarabağ müharibəsində istədiyini almışdı. Rusiya Qarabağa sülhməramlı qüvvə adı altında əsgərlərini göndərdi, ancaq Rusiyanın Ermənistanda ağalıq iddiası qarşısında bir Paşinyan maneəsi var idi və seçkilərin nəticəsi göstərdi ki, bu maneə bir müddət qalacaq”.

T.Dağlının sözlərinə görə, Rusiya bölgəni “arxa baxçası” kimi görür:

“Rəsmi Moskva Ermənistan-Azərbaycan münaqişəsini son 30 ildir demək olar ki, təkbaşına idarə edirdi. Bu status-kvo pozuldu. Azad olunan Qarabağda "sülh gücü" adı altında mümkün itkinin qarşısını aldılar. Ancaq Paşinyanın rəhbərlik etdiyi Ermənistan Rusiyanın tam nəzarətində deyil. Ermənistanda Paşinyanın davam etməsi xüsusən ABŞ faktoruna görə Rusiyanın hərəkət sahələrini məhdudlaşdıra bilər. Misal üçün Zəngəzur dəhlizi. Rusiya bu dəhlizin vacib nöqtəsi olan Sünik şəhərində hərbi baza yaratmağa çalışır. Bu bazanın qarşısında ən böyük maneə Paşinyandır. Çünki ABŞ bu dəhlizdə qalıcı Rusiya hərbi varlığının əleyhinədir. Paşinyanın qazandığı seçkiləri də Bayden effekti kimi qiymətləndirə bilərik. ABŞ Prezidentinin 24 aprel tarixindəki soyqırım böhtanı Paşinyan üçün Qarabağ məğlubiyyətindən sonra itirdiyi nüfuzun əvəzini çıxarmaq üçün vacib bir hədiyyə oldu. Rusiya Qarabağ prosesində bitərəf qalmaqla Paşinyanı cəzalandırmağa üstünlük verdi. Əlbəttə ki, birbaşa Azərbaycan və Türkiyə ilə üz-üzə gəlmək istəmirdilər. Ancaq aydındır ki, Qarabağ müharibəsində Paşinyan yox, Köçəryan Ermənistanın başında olsaydı, ruslar hər şeyə rəğmən səs-küy salmaqdan əl çəkməzdilər. Paşinyan kimi bir fiqurun Türkiyəyə və Azərbaycana çox böyük zərər verəcəyini söyləmək çətindir. Bu mənada Paşinyanın davam etməsi Azərbaycan üçün mənfi vəziyyət yaratmır. Əksinə, Rusiyanın dəstəklədiyi Köçəryanın qələbəsi Qarabağa yeni hücum cəhdlərini tətikləyə bilərdi. Köçəryan Ermənistandakı parçalanmaya səbəb ola bilərdi”.

Mənbə: axar.az