Paşinyan bunu etməsə, Azərbaycan hərəkətə keçəcək - Deputat DETALLARI AÇDI

Paşinyan bunu etməsə, Azərbaycan hərəkətə keçəcək - Deputat DETALLARI AÇDI

20 iyun seçkilərində qalib olan Nikol Paşinyanın təbliğat və təşviqat kampaniyası sırasında verdiyi vədlərin yerinə yetirilməsilə bağlı fikirləri birmənalı deyil. Əsas gözləntilərdən biri də Zəngəzur dəhlizinin açılması prosesinin sürətləndirilməsidir. Sürətli həllini gözləyən bir sıra məsələlər də var.

Bütün bu məsələləri millət vəkili Elman Məmmədovla müzakirə etdik.

Elman Məmmədovun Publika.az-a müsahibəsini təqdim edirik.

- Elman müəllim, Nikol Paşinyanın yenidən hökumət başçısı seçilməsi Azərbaycan-Ermənistan sərhədində demarkasiya və delimitasiya işlərini sürətləndirəcəkmi?

- Ermənistan xalqının müharibədən, gərginlikdən, təlaşdan, qorxudan bezmiş hissəsinin sayı artır. Bu çoxluq da Paşinyandan çox, sülhə səs verdi. Gördülər ki, Paşinyan digərlərindən, yəni Koçaryan, Sarkisyan kimi qatillərdən nisbətən konstruktivdir. Bu səbəbdən Ermənistan xalqının çoxu Paşinyana səs verdi. Təbii ki, belə bir şəraitdə Paşinyan etimadı doğrultmaq üçün fəaliyyətində qonşu dövlətlərlə, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıracaq. Regionda dayanıqlı sülhün yaranmasında müəyyən addımlar atacaq. Çünki Paşinyan 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il sənədlərinə imza atıb. Həmin imzaya cavabdeh olmalıdır. O, sənədlərin müvafiq bəndlərinin icra olunmasında məsuliyyət daşıyır. Bu səbəbdən sərhəddə atəşkəsə əməl olunacaq, demarkasiya və delimitasiya işləri sürətli şəkildə davam edəcək. Yəni telekommunikasiya xətlərinin açılması, sərhədlərimizin bərpa olunması kimi məsələlərin hamısında gözlənilir ki, Paşinyan o sənədlərin tələblərinə cavab verən addımlar atacaq.

- Azərbaycan və Ermənistan arasında böyük sülh müqaviləsi imzalana bilərmi?

- Əgər Paşinyan ona göstərilən etimaddan düzgün nəticə çıxarsa, yol verdiyi səhvləri təkrarlamasa, vaxtaşırı verdiyi sərsəm bəyanatlardan əl çəkib daha sağlam düşüncə ilə fəaliyyət göstərsə, görəcək ki, qonşularla əməkdaşlıqdan başqa çıxış yolu yoxdur. Buna görə də qeyd etdiyimiz məsələlərin, yəni sülh müqaviləsinin imzalanması və bölgədə sülhün bərqərar olması barədə addımlar atılacaq. Bu şərtlə ki, Paşinyan əvvəlki sərsəm çıxışlarından əl çəksin.

- 20 iyun seçkilərindən sonra Xankəndi və digər ərazilərdən erməni qoşunlarının qalıqlarının çıxarılması prosesi sürətlənəcəkmi?

- Bu məsələ Azərbaycanın Rusiya və Ermənistan qarşısında qoyduğu bir nömrəli tələbi olub. Azərbaycan ərazisində digər dövlətin, Ermənistanın silahlı birləşmələri olmamalıdır. Azərbaycan ərazisində cinayətkar qurum fəaliyyət göstərə bilməz. Paşinyan yenidən seçildikdən sonra hakimiyyəti formalaşdırmağa başlayıb. Paşinyan və Rusiya sülhməramlı qüvvələri həmin terrorçu qrupları Azərbaycan ərazisindən çıxarmasalar, Azərbaycan heç kimdən soruşmadan özünün səlahiyyətlərindən və hüquqlarından istifadə edərək genişmiqyaslı anti-terror əməliyyatları keçirəcək. Azərbaycanı buna məcbur etməmək üçün Ermənistan və Rusiya bu məsələni həll etməlidir.

- Zəngəzur dəhlizinin açılması prosesi sürətlənəcəkmi?

- Paşinyanın Zəngəzurla bağlı çıxışları sadəcə seçki kampaniyası ilə bağlı idi. Bu cür çıxışlar kütləyə oynamaqdan ibarətdir. Paşinyan istəsə də, istəməsə də bu dəhliz açılacaq. Paşinyanın rəhbərlik etdiyi dövləti bu məsələnin həll olunmasına məcbur edən rıçaqlarımız çoxdur. Bir məsələ də odur ki, Zəngəzur dəhlizinin açılması və fəaliyyət göstərməsi bölgədə ən çox Ermənistanın xeyrinə olacaq. Qazax və Naxçıvanın kəndlərinin geri qaytarılması məsələsi də gündəmdədir.

Rahib Ələsgərli

Mənbə: publika.az