Çerkassk vilayətinin qubernatoru: "Azərbaycan investisiyalarına malik müəssisələrin yaradılmasında maraqlıyıq"

Çerkassk vilayətinin qubernatoru: "Azərbaycan investisiyalarına malik müəssisələrin yaradılmasında maraqlıyıq"

“Report”un Şərqi Avropa bürosunun Ukraynanın Çerkassk Vilayəti Dövlət Administrasiyasının rəhbəri Aleksandr Skiçko ilə müsahibəsi

- Azərbaycan və Ukraynanın regionları arasında münasibətlərin hazırkı inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? Hansı sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə zərurət var?

- İkitərəfli iqtisadi münasibətlər və onların inkişaf perspektivləri mövcuddur. 2021-ci ilin yanvar-mart aylarının yekunlarına görə, Çerkassk vilayəti və Azərbaycanın müəssisələri arasında ikitərəfli mal dövriyyəsi 1,9 milyon ABŞ dolları təşkil edib. İxrac üstünlük təşkil edir, həcmi 70%-dir. Buraya qida məhsulları, yanacaq, meşə materialları, antifriz preparatları və s. daxildir.

Əmtəə həcminin artırılması üçün perspektivlər mövcuddur. Xüsusilə də, qənnadı məhsulları, şirniyyat, un və yarma, spirtsiz içkilər, likör-araq məmulatları, bərk pendir, konservləşdirilmiş və dondurulmuş meyvə-tərəvəz, təzə tomat və xiyar, mebel, dənli və paxlalı bitkilər, dərman vasitələri, gübrə, yem qatqıları və s. ixrac etməyə hazırıq.

Çerkassk vilayətində Azərbaycandan investisiya qoyulmuş müəssisə fəaliyyət göstərir. AXMED YAR UA MMC adlı bu müəssisə soyuducu avadanlıqlarının istehsalı ilə məşğuldur.

Əlbəttə ki, biz ikitərəfli əməkdaşlıqda, xüsusilə də vilayətimizdə Azərbaycan investisiyasına malik müəssisələrin yaradılmasında maraqlıyıq. Vilayət rəhbərliyi qanun və səlahiyyətlər çərçivəsində bu cür istehsal müəssisələrinin yaradılmasına kömək göstərməyə hazırdır.

- Çerkassk vilayətinin şəhərlərindən birinin Azərbaycanın işğaldan azad edilmiş şəhərlərindən biri ilə qardaşlaşması mümkündür?

- Belə bir qardaşlaşma artıq mövcuddur. 2003-cü il sentyabrın 3-də Sumqayıt və Çerkass şəhərləri arasında dostluq əlaqələrinin bərpası haqqında razılaşma imzalanıb. Bu razılaşma hazırda da qüvvədədir. Düzdür, pandemiya və karantin səbəbindən hazırda aktiv fəaliyyət dayandırılıb. Ümid edirəm ki, yaxın zamanda bərpa ediləcək. Beynəlxalq əməkdaşlığın inkişafı və qurulması Çerkassk Vilayət Administrasiyasının fəaliyyətinin əsas istiqamətlərindən biridir. Hazırda 7 regionlararası razılaşma, 5 niyyət protokolu, 1 əməkdaşlıq haqqında memorandum mövcuddur. Bundan başqa, vilayətin şəhər və ərazi icmalarının 47 tərəfdaşlıq razılaşması var.

- Ukrayna islahatlar dövründədir. Siz öz vilayətinizdə hansı islahatları həyata keçirirsiniz?

- Bütün Ukraynada olduğu kimi, regionda da desentralizasiya islahatı həyata keçirilir. Çerkassk vilayətində 66 ərazi icması yaradılıb. 20 region ləğv edilib, əvəzinə 4 rayon təşkil edilib.

Eyni zamanda, Ukrayna prezidentinin “Böyük tikinti” proqramı çərçivəsində genişmiqyaslı layihələrin tətbiqi üzərində çalışırıq. Bu, təkcə infrastrukturun bərpası deyil, obyektlərin planlaşdırılması, layihələndirilməsi və tikintidəki yanaşmaların dəyişməsidir.

Proqramın məqsədi prosesləri ləngitməmək, qısamüddətli dövrdə sənədləri hazırlamaq və təsdiq etmək, obyektləri tikmək və istismara verməkdir.

Gücümüzü tibb sahəsinin inkişafına yönəldirik. Vətəndaşlarımızın sağlamlığından vacib nə ola bilər? COVID-19-a qarşı vaksinləmədən başqa bir sıra regional infrastruktur layihələri nəzərdə tutulur. Tibb sahəmizi yeni keyfiyyət səviyyəsinə çatdırmağa çalışırıq.

Bundan başqa, turizm və rəqəmsallaşdırma sahəsindəki layihələr də bizim üçün çox vacibdir. Hazırda Çerkassk vilayətində Kreativ İqtisadiyyatın İnkişafı Mərkəzinin yaradılması üzərində işləyirik. Biz regionda istehsal startaplarının inkişafını təmin etmək istəyirik. Bundan savayı, gənclərin mühacirət etmədən özlərini reallaşdırması üçün daha çox imkanlara malik olmasını arzulayırıq.

Turizm də vilayət hakimiyyətinin fəaliyyətində prioritet istiqamətdir. Biz fəal şəkildə turizm obyektlərinin yenilənməsini və bərpasını təmin edir, naviqasiyanı təşkil edir, Çerkassk vilayətinin turizm yerlərini populyarlaşdırmağa çalışırıq. Mən tez-tez həm ukraynalı, həm də xarici turizm mütəxəssisləri ilə görüşürəm. Onların təcrübəsindən faydalanmağa çalışırıq. Fürsətdən istifadə edərək, azərbaycanlıları bizim vilayətə dəvət edirəm. Biz “Borispol” beynəlxalq hava limanından sadəcə 2 saatlıq məsafədə yerləşirik. İnanın, belə mənzərəli yerləri başqa heç bir yerdə görməyəcəksiniz.

- Ümumilikdə bu islahatlarda, xüsusilə də vilayətin iqtisadi inkişafında etnik azlıqların, o cümlədən azərbaycanlıların rolunu necə görürsünüz?

- Vilayət Dövlət Administrasiyası olaraq ictimai və xeyriyyə təşkilatlarının azərbaycanlı vətəndaşların təhsil, mədəniyyət, informasiya və dini ehtiyaclarının təmin edilməsinə, onların etnik özünəməxsusluğunun saxlanması və inkişafına yönəlmiş fəaliyyətinə köməklik göstəririk. Çerkassk vilayətində azərbaycanlıların 2 ictimai təşkilatı var. Azərbaycanlıların ictimai təşkilatının nümayəndəsi Vilayət Dövlət Administrasiyasının Milli azlıq ictimai təşkilatları ilə iş üzrə Şurasına üzv olub. O, Ukrayna Azərbaycanlıları Konqresinin Çerkassk vilayəti üzrə regional təşkilatının sədri Məzahir İbrahimovdur. Vilayətimizin iqtisadi və mədəni potensialını inkişaf etdirməyə və onu vətəndaşların, o cümlədən etnik azlıqların yaşayışı üçün komfortlu etməyə çalışırıq.

- Ukrayna indi elə bir dövrdədir ki, müharibə gedir və təkcə ukraynalıların deyil, etnik azlıqların da həmrəyliyinə ehtiyac var. Ukraynada çoxlu azərbaycanlı gənc yaşayır. Bu gənclərin Ukrayna həqiqətlərini dəstəkləməsi və onun ətrafında birləşməsi üçün səfərbər edilməsi ilə bağlı hər hansı planınız var?

- Şübhəsiz ki, biz sülh tərəfdarıyıq. İstənilən hərbi münaqişə insanların ölümü, ailələrin dağılması, həmçinin nəhəng iqtisadi itkilər deməkdir. Rusiya ilə münaqişədə Ukrayna həqiqətlərini dəstəkləyən etnik azərbaycanlılara minnətdarıq. Sualınızda çox vacib bir ideya səsləndi: hamımız sülh və həmrəyliyə ehtiyac duyuruq. Bu, hazırda gündəlikdə durmalı olan əsas məsələdir.

Mənbə: report.az