Köçəryan Paşinyanın tətbiq etdiyi taktikadan yararlanmaq istəyir (ŞƏRH)

Köçəryan Paşinyanın tətbiq etdiyi taktikadan yararlanmaq istəyir (ŞƏRH)

"Xankəndidə ermənilərin keçirdiyi mitinqlər Ermənistandakı proseslə, yəni növbədənkənar parlament seçkiləri ilə bilavasitə bağlıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov son günlər Xankəndidə ermənilər tərəfindən baş qaldıran aksiyaları şərh edərkən deyib. Onun fikrincə, bu mitinqlərin arxasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryan durur:

"Bildiyiniz kimi, seçkilərdə iştirak edən Robert Köçəryan və Serj Sərkisyan "Qarabağ klanı”nın rəhbərləridir. Lakin seçkinin nəticələri heç də Köçəryanla Sərkisyanın istəyinə uyğun olmadı. Bu seçkilər Köçəryan və Sərkisyanın hakimiyyətə gəlmək üçün son şansları idi. Seçkidə məğlubiyyətlə onların bu istəkləri birdəfəlik puç oldu”.

 

Politoloqa görə, belə vəziyyətlə üzləşən həmin klan liderləri son ümid yeri olaraq nəsə əldə etmək üçün Qarabağda yaşayan erməniləri ayağa qaldırmaq eşqinə düşüblər:

"Xankəndidəki aksiyalar bu mənada məhz Köçəryanla Serj Sərkisyanın maraqlarına xidmət edən mitinqlərdir. Bu mitinqlər məhz bu iki klan rəhbərinin dəstəyi ilə keçirilir. Belə aksiyalarla Paşinyana təzyiq göstərməyi düşünürlər. Köçəryan belədə vaxtilə Paşinyanın tətbiq etdiyi mitinq taktikasından yararlanmaq istəyir. Amma fərq ondadır ki, Paşinyan bu mitinqləri daha çox insanın iştirakı ilə Ermənistanda təşkil etmişdisə, Köçəryan daha az adamın olması ilə Xankəndidə keçirir”.

Həmsöhbətimiz düşünür ki, Köçəryan bu aksiyalarla heç nəyə nail ola bilməyəcək:

"Artıq Ermənistanda yaşayan Qarabağ erməniləri də Köçəryanın vaxtının keçdiyi qənaətindədir. Bu səbəbdən həmin şəxsin Xankəndidə hay-küy qoparmaqla yenidən hakimiyyətə gələcəyi mümkün deyil”.

Politoloq Rusiyanın bu prosesin arxasında dayandığına inanmır:

"Moskva Köçəryan üçün nəsə etməyə çalışsaydı, seçki dönəmində edərdi. Ümumiyyətlə, Köçəryanı yenidən diriltmək Rusiyanın marağında deyil. Çünki onun hakimiyyətdə təmsil olunması ilə İrəvandan Rusiyaya uzanan tələblərin sayı artacaq ki, Moskva indilikdə bu tələbləri yerinə yetirmək iqtidarında deyil. Kreml hazırda Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşı səviyyədə saxlmaqda maralıdır”.

 

Rüfət Sultan

 

Mənbə: qaynarinfo.az