“Rusiya Arayiki "vəzifədən" kənarlaşdırmaqla Paşinyana dərs vermək istəyir” - AÇIQLAMA

“Rusiya Arayiki "vəzifədən" kənarlaşdırmaqla Paşinyana dərs vermək istəyir” - AÇIQLAMA

“Ermənistanda keçirilən seçkilərdən dərhal sonra Xankəndidə Araik Arutunyan əleyhinə istefa tələbi ilə aksiyaların keçirilməsi, Azərbaycan hərbçilərinin Rusiyaya təcili səfəri, qısa zaman fərqi ilə Azərbaycan-Rusiya prezidentləri və XİN rəhbərlərinin telefon danışıqları çox ciddi bir hərəkətlənməyə işarədir. Ya da Ermənistanı şübhəyə salıb, gözünü qorxutmaq üçün diplomatik manevrdir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında blogger Əli Məhərrəmli səsləndirib. “Bəs nə baş verir” sualını isə Əli Məhərrəmli belə şərh edib: “Görünən qədər Rusiya Ermənistandakı seçkinin nəticələrindən məyusdur və “Artsax”ın “rəhbəri” Araik Arutunyanı “vəzifədən” kənarlaşdırmaqla Nikol Paşinyana dərs vermək, erməni cəmiyyətini cəzalandırmaq istəyir. Yəni Rusiya Dağlıq Qarabağ münaqişəsinin açarını itirib. Amma bir qapının açılmağını istəmirsənsə, onun açar dəliyinə yad əşlayalar dürtməklə qıfılı da xarab edə bilərsən. Rusiyaya bölgədə sülh və sabitlik yox, kövrək sülhü hər an, hər iki tərəfin də ziyanına poza biləcək oyun lazımdır. Bu oyun isə Dağlıq Qarabağın Azərbaycanın nəzarətində olmayan hissəsi, sərhəddəki mübahisəli bölgələr, dəhliz, əsirlər və s. üzərindən artıq oynanılır. İki gün öncə Rusiya prezidentinin “Qarabağda müharibə Rusiyanın səyləri nəticəsində dayandırılıb” fikirlərinə bir də “güzgü”dən baxaq. Yəni “Rusiyanın da səyləri ilə istənilən an alovlana bilər”. Bu, dünya birliyi üçün bəlkə də humanist xarici siysət görüntüsü yaradırsa, milli hökumətlər üçün təhditsayağı mesajdır”.

 

Qondarma Artsax məsələsinə gəlincə, Əli Məhərrəmli bunları deyib: “Yenə iki gün əvvəl özünü beynəlxalq təşkilat adlandıran və Azərbaycanın da öz ərazilərində humanitar missiyalar keçirməsinə vasitəçilik mandatı verdiyi Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəsmisi Xankəndidə qondarma qurumun “xarici işlər naziri” ilə görüş keçirib, müzakirə aparır. Qarabağa səpələnmiş leşləri bu təşkilatın köməyi ilə yığır ermənilər. Amma görünən qədər Rusiya Xankəndidə o üstündə unitaz şəkli olan bayraqları endirmədikcə və orada yenidən saxta bir rejim görüntüsü yaratdıqca, bu başqaları üçün də pis davranış nümunəsi olacaq. Siyasətdə ən pis oyun sənin uduzduğun yox, kənarda qaldığın oyundur. Sadəcə imkan verməməliyik ki, Rusiya Xankəndi üzərində əbədi qeyri-müəyyənlik oyunları oynasın. Bəzən ən pis variant belə, qeyri-müəyyən variantdan daha yaxşı olur. Qələbəmizin eyforiyasına qapılıb bəzi reallıqları gözardı etməməliyik. Rusiya “Artsaxı” süni nəfəs aparatına qoşub can verməyə çalışır. Çünki Rusiya üçün bölgədə qum saatı geri sayır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Mənbə: konkret.az