Ermənistanın taleyini həll edəcək qərar - Ayrılan vaxt bitdi

Müharibədə rüsvayçı məğlubiyyətə uğrayan, təslim aktına qol çəkən bir siyasətçi erməni cəmiyyəti tərəfindən dəstəkləndi. Nəzərə alsaq ki, II Qarabağ savaşında məğlub olan Nikol Paşinyan parlament seçkilərində səslərin 60%-ə qədərini yığdı, bu, erməni seçicilərin Paşinyanın istədikləri namizəd olduğu yox, respondentlərin iki pisdən yaxşını seçməsi məntiqinə əsaslana bilər.

Nəticələr göstərir ki, artıq erməni cəmiyyəti Qarabağ adlı problemlə yüklənmək istəmir, xalq anlayır ki, iştirak etdikləri haqsız müharibədən bir də qalib ayrıla bilməyəcəklər. Artıq o da tam aydınlaşmağa başlayır ki, Paşinyanın seçkilərə kimi verdiyi provokativ bəyanatlar müxalifətin qarşısında xal qazanmaq, müxalifətə meydan verməmək üçün məcburiyyətdən atılmış manipulyativ bəyanatlardan başqa bir şey deyildi.

Parlament seçkisində Paşinyanın qalib gəlməsi və Köçəryan kimi bir caninin hakimiyyətə yolunun bağlanması erməni xalqının Rusiyanın qəzəbindən qorxmadığını, Kreml mifini yerə vurduğunu, müharibəyə və dolayısı ilə Qarabağ avantürasına "yox" dediyini göstərdi. Nəticələr regionda yeni müharibə ehtimalını sıfıra endirdi, revanşizm aktuallığını itirdi.

Paşinyan artıq yaxşı bilir ki, Ermənistanın çətin iqtisadi durumdan yeganə çıxış yolu regionda qonşularla münasibətləri normallaşdırmaqdan keçir. Bunun üçün isə Paşinyan tərəddüdsüz olaraq 10 noyabr üçtərəfli birgə bəyanatın icrasında fəaliyyətini aktivləşdirməlidir. Çünki Zəngəzur dəhlizi Ermənistan üçün xilas yolu, Paşinyan üçün isə sığorta ola bilər. Paşinyan Qərbin layihəsidir, məntiqlə, o, Qərblə münasibətləri yaxınlaşdırmalıdır. Bu da Rusiyanın İrəvandakı "əmiri" Robert Köçəryanın manipulyativ gedişlərini artırmağa səbəb olur. Elə Xankəndi ətrafında baş verən son hadisələr seçkidən sonra yaşanan müvəqqəti kütləvi emosiyadan daha çox, böyük fərqlə uduzan Robert Köçəryan və dəstəsinin arxasında məkrli planların olduğu qisas əməliyyatına bənzəyir.

Görünür ki, keçmiş Qarabağ klanının tör-töküntüləri Paşinyanın qələbəsini həzm edə bilmədikləri üçün Rusiyanın bəzi dairələri ilə birləşib müqavimət göstərmək niyyətindədirlər. Amma bu durum Paşinyana sərf etmir. Ona görə də? "Xankəndi böhranı" tezliklə həllini tapmalıdır. Təbii ki, Xankəndində etiraz aksiyalarının təsadüfi olduğunu düşünmək sadəlövhlük olar. Paşinyanın artıq belə bir təcrübəsi var. Bir fakt kifayət edir ki, ona qarşı daxildə hansı oyunların getdiyini Paşinyan anlasın. Ermənistanın bundan əvvəlki Xarici İşlər naziri Ara Ayvazyanın istefa verməsinin əsl səbəblərinin üzə çıxması yəqin ki, Ermənistanın baş nazirinin də diqqətindən qaçmayıb.

Çox güman ki, Paşinyan Ayvazyanı elə Azərbaycanla Ermənistanın danışıqlar prosesini əngəlləməyə çalışdığı üçün tutduğu postundan uzaqlaşdırdı. O, istefa verən kimi isə, 15 nəfər erməni əsirin qarşı tərəfə qaytarılması və Ağdamdakı minalanmış xəritələrin Azərbaycana təhvil verilməsi bu iddiaları xeyli artırdı. Sonradan Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçmiş xarici işlər naziri Ara Ayvazyanın işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana verməyə əngəl yaratdığını təsdiqləməsi isə bütün bir çox qaranlıq məqamlara işıq saldı. Sirr deyil ki, Ayvazyan Qarabağ klanına yaxınlığı ilə seçilir və buradan belə nəticə çıxır ki, Köçəryan-Sarkisyan ikilisi hakimiyyət daxilində yer alan adamları vasitəsilə seçkilərə kimi monipulyativ gedişlər edərək daxili auditoriyada Paşinyana olan inamı qırmaq məqsədi daşıyırdılar.

Hər halda Paşinyanın yenidən seçilməsi Ermənistanda revanşist qüvvələrin məqsədlərini həyata keçirmək imkanlarını məhdudlaşdırdı. Hər halda Bakının Paşinyandan gözləntiləri böyükdür. Çox güman ki, Ermənistan baş naziri 44 günlük müharibədəkı ağır məğlubiyyətdən nəticə çıxaracaq və anlayacaq ki, onun yeni bir müharibə barədə düşünməsi ona yalnız bədbəxtçilik gətirə bilər. İkinci dəfə eyni nəticəni yaşamaq nəinki Paşinyanın siyasi fəaliyyətini təhlükə altını alacaq, onun gələcək həyatını da bitirə bilər. Bunların baş verməməsi üçün isə Paşinyan Azərbaycanın təşəbbüs göstərdiyi layihələrə qoşulmalıdır. Parlament seçkilərin' kimi rəsmi Bakı Ermənistan hakimiyyətinə təzyiqini nisbətən azaldaraq seçkilərin nəticəsinə təsir edəcək bəyanatlar səsləndirməməklə, sərhəddəki təxribatlara adekvat cavab verməməklə, Paşinyanın əlini gücləndirdi. Lakin bu, Bakının Ermənistana verdiyi son şans, qoyduğu son müddət idi. İndi növbə Ermənistandadır - ya üçtərəfli bəyanatın icrası üçün əməli-praktiki addımla atmağa başlayacaq, ya da Azərbaycan regiondakı yeni geopolitik vəziyyəti müəyyənləşdirən tərəf olaraq lazımi qərarlar qəbul edəcək.

Təhməz Əsədov
Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

XİN: Azərbaycan COVID-19-a görə 30-dan çox ölkəyə yardım edib

SONRAKI XƏBƏR

Yeni qeydiyyat üsulu ilə 746 yerli investisiyalı MMC qeydiyyata alınıb