Küveytlilər də bizim kimi qonaqpərvər, yeyib-içən xalqdır- MÜSAHİBƏ-ÖZƏL

Küveytlilər də bizim kimi qonaqpərvər, yeyib-içən xalqdır- MÜSAHİBƏ-ÖZƏL

Könül Hacızadə: "Milli mənəvi dəyərlərimiz bizi daha çox bir-birimizə birləşdirir"

Azərbaycanın yaxın və uzaq ölkələrlə dostluq münasibətlərinin inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasında həmin ölkələrdə fəaliyyət göstərən dostluq cəmiyyətlərinin müstəsna rolu var. Məhz həmin cəmiyyətlərin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın zənin tarixi-mədəni irsi, adət-ənənələri təbliğ edilir, tanıdılır. Bu mənada uğurla fəaliyyət göstərən və Azərbaycanı layiqincə təmsil edən təşkilatlardan biri də "Vətənsevər" Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətidir. Cəmiyyətin sədri Könül Hacızadə ilə söhbətimizdə Azəbaycanın təbliği istiqamətində Küveytdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər, eləcə də Azərbaycan-Küveyt əlaqələrindən danışdıq.

-Könül xanım, bildiyimiz qədər Siz uzun illədir Küveytdə yaşayırsınız. Öncəliklə Küveytə getmə səbəbini bilmək istərdik və hansı zərurət Sizi bu ölkəyə apardı, neçə idir ki, Küveytdə yaşayırsınız?

-Bəli, 19 ildir mən Küveyt dövlətində yaşayıram. Ailə həyatı quraraq bu ölkəyə getmişəm və həyat yoldaşım Küveyt vətəndaşıdır.

-Küveytdən baxanda Azərbaycan necə görünür və Küveyt mühitinə uyğunlaşmaq nə dərəcədə asan və ya çətindir?

-Küveytdən baxanda hazırda Azərbaycan güclü dövlət kimi görünür. Buna səbəb bizim 44 günlük müharibə dönəmindəki ordumuzun şücaəti və Ali Baş Komandanımızın müvəffəq siyasətidir. Üstəlik Azərbaycanın zəngin yeraltı-yerüstü sərvətləri turizim sahəsində gördükləri işlər zəngin adət-ənənəsi milli mətbəxi küveytlilərdə bizə qarşı maraq doğurur. Demək olar ki, ərəb ölkələri arasında Azərbaycana bənzərliyi olan yalnız Küveyt Dövlətidir. Buna misal tarixi bənzərliyimiz, hər iki ölkənin neft ölkəsi olması, eyni zamanda İslam ölkəsi olmamızdır. Bütün bunlar adət-ənənə sarıdan bir-birimizi daha çox yaxınlaşdırır. Buna görə də deyərdim ki, Küveytdə yaşamaq çətin olmadı və uyğunlaşdım.

-Azərbaycan yadınıza düşəndə nəylə təsəlli tapırsınız, Vətən sevgisini, həsrətini necə aradan qaldıra bilirsiniz?

- Əlbəttə vətən başqadır. Azərbaycanımı canım qədər sevirəm, hətta daha çox. Fəxr etmişəm, edirəm edəcəmdə ki, mən Azərbaycan qızıyam. Mən deyərdim ki, qəribçilik az çəkirəm indi. Çünkü ailədə yoldaşım və övladlarımla öz ana dilimdə danışıram. Hətta ailə içi qohumlardan da mənim dilimə maraqlı olub öyrənənlər var. İki baldızıma öz dilimi öyrətmişəm. Arada söhbətləşirik aramızda.

-Maraqlıdır, 44 günlük Vətən müharibəsi günlərində xaricdə yaşayan bir azərbaycanlı kimi hansı hisslər keçirir, müharibənin gedişini necə izləyirdiniz?

-Vətəninə bağlı, onu dilə gətirəmiyəcək qədər sevən biri kimi deyərdim 44 günlük Vətən müharibəsi dönəmində çox narahat idim. Bir üzüm sevinir, o birisi üzüm hüzünlü, gözüm yaşlı idi. Sevinirdim Qarabağımızı müzəffər ordumuz başda Ali Baş Komandanımızın rəhbərliyi ilə uğurlu siyasəti nəticəsində azad edirik. Hüzünlü idim şəhidlərimiz olurdu, gənc övladlarımız canlarını qurban verirdilər. Hələ Gəncə və Bərdədə şəhid olan vətəndaşlarımızı demirəm. Yuxu nədir demək olar ki, yatmırdım. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Çox ağrılı və şərəfli bir yol keçdik 44 gündə. Öz növbəmdə gecə-gündüz təbliğat və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq cəhdində idim. Allaha şükürlər olsun ki, biz bu müharibədən zəfərlə, şərəflə qələbə qazandıq. Təbii ki, ordumuzun şəhidlərimizin qanı, qazilərimizin sağlamlığını itirilməsi hesabına. Ali Baş Komandanımız Möhtərəm İlham Əliyev Cənablarının uğurlu xarici və daxili siyasəti və əmri ilə biz bu yolda zəfər qazandıq. Alnımızdakı qara ləkə silindi. Biz bu gün dünyaya hayqıraraq qürurla, şərəflə deyirik, bəli biz güclü dövlətik, bizim güclü ordumuz müqayisə ediləmiyəcək dövlət başçımız var.

-Tarixi zəfərdən sonra Küveytdə Azərbaycana olan münasibətdə hansısa formada dəyişiklik, yaxud maraq hiss olunurmu?

 

-Zəfərimiz Küveyt Dövlətində yerli əhali arasında da maraqla, bizi sevənlərin sevinci ilə qarşılandı. Çoxlu təbriklər, zənglər oldu. Həm bir diaspora sədri olaraq mənə, eyni zamanda fövqaladə və səlahiyyətli səfirliyimizə təbriklər olurdu. Təbii ki, sevincli anlar idi. Bunun üçün mən Küveyt əhalisi və dövlətinə təşəkkür edirəm.

-Bildiyimiz qədər həm 44 günlük Vətən müharibəsi, həm də ondan sonrakı dövrdə ermənilər Azərbaycana qarşı informasiya savaşına çıxıb, əleyhimizə məlumatlar yayırlar. Küveytdə də ermənilərin yaşadığını nəzərə alsaq, bu ölkədə də eyni mənfi tendensiya müşahidə edildimi və buna qarşı hansı tədbirlər gördünüz?

-Əlbəttə ki, bizim qələbəmiz burada yaşayan ermənilərdə də qıcıq yaradırdı. Hər cəhdə, hər təhdidə əl atırdılar. Mətbuata məqalə verirdik, onu ləğv etməyə çalışırdılar. Mənim özümə dəfələrlə açıq təhdid mesajları göndərirdilər. Sosial şəbəkələrdə profilləri sındırıb şikayət edib bağlatdırırdılar. Bir sözlə bu mənfur və nankor məxluqlar min oyundan çıxırdılar. Yalnız biz yenə də bunlara məhəl qoymadan öz işimizlə, haqq səsimizi çatdırmaqla məşğul idik.

- Siz "Vətənsevər" Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədrisiniz. Cəmiyyət olaraq Azərbaycan mədəniyyətinin Küveytdə təbliği istiqamətində hansı adımlar atır, layihələr həyata keçirirsiniz?

-Doğrudur, 10 ildir Vətənsevər Azərbaycan Küveyt Mədəniyyət və Dostluq diaspora təşkilatının sədriyəm. Bu 10 ildə demək olar ki, əlimdən gələn qədər çalışmışam ki, vətənimizi, xalqımızı, dövlətçiliyimizi, adət-ənənəmizi yüksək səviyyədə təbliğ edim. İnanıram buna nail ola bilmişəm. Buna görə öz növbəmdə dəstək üçün Küveytdəki Azərbaycan səfirliyinə və Diasporla iş üzrə Dövlət Komitəsinə şükranlarımı bildirirəm.

-Ümumiyyətlə, Cəmiyyət olaraq iki ölkə arasında mövcud olan dostluq münasibətlərini necə xarakterizə edirsiniz?

-İki ölkə arasında dostluğu xarakterizə edən adət ənənəmizin bənzərliyi, tarixi bənzərliyimiz, zəngin ölkə olmağımız, dinimiz, xasiyyət baxımından bənzərliyimiz var. Məsələn, deyərdim küveytlilər də bizim kimi qonaqpərvər, yeyib-içən, süfrəsi və qəlbi açıq bir xalqdır. Milli mənəvi dəyərlərimiz bizi daha çox bir-birimizə birləşdirir. İnanıram ki, bu dostluğumuz, yaxınlığımız daimi olacaq inşallah.

Süleyman İsmayılbəyli

Mənbə: olaylar.az