Vətən müharibəsində əldə edilən Qələbə ölkəmizin daha da tərəqqi etməsinə zəmin yaratdı

Azərbaycanın və Türkiyənin ortaq gücü regionda yeni şərait yaradıb. 15 iyun – Milli Qurtuluş Günündə imzalanan Şuşa Bəyannaməsində öz əksini tapan bu yeni reallıq regionun bütün dövlətlərinin inkişafına və rifahına xidmət edir. 44 günlük Vətən müharibəsində işğal siyasətinə son qoyulan Ermənistanın da bu reallıqla barışmaqdan başqa yolu yoxdur. Çünki Ermənistan üçün bu yolun alternativi səfalət və zülmətdir. Şuşadan dünyaya mesajlar verən Azərbaycan və Türkiyə prezidentləri hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət etdilər.

Şuşa Bəyannaməsinin iki ölkənin maraqlarına xidmət etməsilə bərabər, həm də regional əhəmiyyəti olduqca böyükdür. Bu bəyannamə bir tərəfdən yuxarıda qeyd etdiyim kimi ölkələrimiz arasında artıq qarşısı alınmaz prosesə çevrilən dərin inteqrasiyanın sübutudursa, digər tərəfdən bütün dünyaya Azərbaycan-Türkiyə birliyinin nümayişidir.

Əlbəttə, biz həm Vətən müharibəsində əldə etdiyimiz Qələbənin möhtəşəmliyindən, həm Şuşa Bəyannaməsinin tarixi – siyasi əhəmiyyətindən çox danışa bilərik, danışacağıq da. Lakin orta statistik Azərbaycan vətəndaşları, elə uzun illərdir məcburi köçkün statusu daşıyan insanlar, yəni, şuşalılar, kəlbəcərlilər, laçınlılar, ağdamlılar, zəngilanlılar, cəbrayıllılar... doğma yurdlarına ayaq basacaqları günü səbirsizliklə gözləyirlər. Onların sırasından son 30 ildə, yəni, torpaqlarımız işğaldan azad olunana kimi dünyasını dəyişənlər bu həsrəti də özləri ilə apardılar, qəlbləri nisgilli getdilər. Lakin elə həmin mərhumların arasında uzaqgörən insanlar az olmayıb, müşahidəli adamlar Qələbənin uzaqda olmadığını görürdülər. Çünki Azərbaycan dövləti, onun başçısı cənab İlham Əliyev yürütdüyü siyasətlə Zəfər gününü addım-addım yaxınlaşdırırdı.

İndinin özündə də Azərbaycan vətəndaşını fərəhləndirən, möhtəşəm geo-siyasi hadisələrin fonunda ilk baxışda xırda görünən bəzi məqamlara diqqət yetirmək lazımdır. Geri aldığımız ərazilərin faydasını görməyimiz üçün bütün istiqamətlərdə - həm siyasi, həm iqtisadi, həm sosial müstəvidə gərgin iş aparılır.

Bu günlərdə Prezident İlham Əliyev “Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında” sərəncam imzalayıb. Bundan başqa, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsininin təsdiq edilməsi haqqında fərman və Şuşada məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən, ölkədə ekoloji tarazlığın mühafizəsi məqsədilə tullantıların idarə edilməsi sahəsində formalaşmış təcrübənin digər ərazilərdə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində atmosferə və ətraf mühitə mənfi təsirlərin azaldılması, resurslardan davamlı istifadə, habelə müasir ekoloji idarəetmə sisteminin inkişafı üçün geniş imkanlar yaradacağı perspektivi ilə Şuşada əmələ gələn bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunur.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində tunel inşa ediləcək. Prezident İlham Əliyev Şuşaya səfəri çərçivəsində bu tunelin də təməlini qoydu. Elə həmin gün Prezident “Zəfər” yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə də tanış olub. İşğaldan azad edilən ərazilərimizdə görülən bütün bərpa və yenidənqurma işləri kimi, burada da tikinti işləri yüksək sürətlə aparılır və yol istismara verilənədək körpü də hazır olacaq.

İşğaldan azad edilmiş ərazilərimizdəki digər su mənbələri kimi Köndələnçay su anbarı da artıq öz əlimizdədir. Məlum olduğu kimi, 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra bu su anbarından istifadə etməyimiz mümkün olmayıb. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən erməni vandalları əkin-biçinin suvarmaya ehtiyacı olduğu zaman suyun qarşısını kəsmiş, daşqınlarda və təsərrüfatlara su lazım lmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaratmışlar. Bir sözlə, mənfur düşmən bizi sudan bəhrələnməkdən məhrum etmişdi. Sərsəng və Suqovuşan su anbarları işğalçının əlində olduğundan 100 min hektar torpaq susuz qalmışdı. Nəticədə bir neçə rayonda su təminatını yaxşılaşdırmaq üçün yüzlərlə subartezian quyusunun qazılması zərurəti yaranmışdı. Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın suyundan istifadə edə bilmirdi. Vətən müharibəsindəki qələbəmizlə həmin sərvətlərimiz də özümüzə qayıtdı. İndi isə bu sərvətlərdən istifadə etməyimiz üçün bünövrələr qoyulur.

Bir sözlə, Vətən müharibəsində əldə edilən Qələbə təkcə tarixi ədalətin bərpası demək deyil, yalnız ərazi bütövlüyünün təmini deyil, şərəf məsələsi deyil, həm də ölkəmizin daha da tərəqqi etməsinə, milli-müstəqil iqtisadiyyatımızın daha da güclənməsinə, xalqımızın rifah halının daha da yaxşılaşmasına hesablanmış möhtəşəm layihədir. Bu nailiyyətin möhkəmlənməsi üçün vətəndaş olaraq hər birimiz öz üzərimizə düşən vəzifələri vicdanla yerinə yetirməliyik.

Əliabbas Salahzadə
Milli Məclisin deputatı

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

“Qohum-əqrabanın müdaxiləsi ailələri dağıdır“ - Günay İbrahimli

SONRAKI XƏBƏR

Daha bir avtobus marşrutunda ödəniş kartla olacaq