Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar

26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarını uğurla başa vurmuş gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, gənc əsgərlərin yola salınması mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərləri ümumqoşun və ixtisas hazırlığı kurslarında yeni hərbi biliklər qazanmaları münasibətilə təbrik ediblər.

Polkovnik Mehman Gülməmmədov 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində gənc əsgərlərin hazırlığı kurslarının uğurla başa çatması münasibətilə Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Təbrikdə məşğələlərdə yenilməz və möhkəm iradəli döyüşçülər kimi yetişən gənc əsgərlərin bundan sonra da nümunəvi xidmət edəcəklərinə əminlik ifadə olunub.

Çıxışlardan sonra gənc əsgərlər müxtəlif ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları komandirlərindən öyrəndikləri yüksək peşəkarlıqla nümayiş etdiriblər.

Yolasalma mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Mənbə: azertag.az