Naxçıvan Dövlət Universitetində Silahlı Qüvvələr Günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində Silahlı Qüvvələr Günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində 26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə universitetin açıq idman meydançasında tədbir təşkil edilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının rektoru Elbrus İsayev ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayıb. Rektor Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılmasının Ümummilli Liderin adı ilə bağlı olduğunu bildirib. Elbrus İsayev Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızın işğaldan azad edilməsində qazandığı böyük Zəfərdən danışıb.

Universitetin Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev fakültədə görülən işlərdən bəhs edib. Orkestr alətləri və dirijorluq kafedrasının müəllimi Yusif Əsgərovun rəhbərliyi ilə yaradılan “Hərbi orkestr”in müşayiəti və idmançı tələbələrin iştirakı ilə hərbi idman oyunları nümayiş olunub.

Fiziki tərbiyə çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası tələbələri müəllimləri ilə birgə hərbi paradda iştirak edib, idmançı tələbələr ədəbi-bədii kompozisiya göstəriblər. Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq tələbələr “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndiriblər.

Tədbirdə bir qrup müəllim və idmançı tələbələrə təşəkkürnamə təqdim edilib.

Sonra fakültənin foyesində Məşqçilik ixtisası üzrə I kurs tələbəsi Özcan Babayevin rəsm əsərlərinin sərgisinə baxış olub. Əlamətdar tarixi günə həsr edilən sərgidə 30-a yaxın rəsm əsəri nümayiş olunub, həvəskar rəssama təşəkkürnamə verilib. Rektor qeyri-ixtisasda oxuyan tələbələrin bu cür qabiliyyətlərini yüksək qiymətləndirib, gələcəkdə belə sərgilərin keçirilməsi ilə bağlı təklif və tövsiyələrini çatdırıb.

Sonda fakültədə “Texnologiya” mərkəzi nəzdində fəaliyyət göstərən kabinələrə baxış olub və tədbir “Kulinariya” kabinəsində çay süfrəsi ətrafında davam edib.

Mənbə: azertag.az