Beynəlxalq təşkilatlara inteqrasiya - Azərbaycanın uğurlarında mühüm faktor

Beynəlxalq təşkilatlara inteqrasiya - Azərbaycanın uğurlarında mühüm faktor

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası dünya birliyinə inteqrasiyanı özünün prioritetlərindən biri olaraq gördü. Respublikamız müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası, İslam Əməkdaşlıq (İƏT), Müstəqil Dövlətlər Birliyi (MDB), Qoşulmama Hərəkatı və çoxlu sayda digər təşkilatlara üzv olmağı qarşısına məqsəd qoydu və məqsədinə çatmağa nail olmağı bacardı.

Ölkəmiz həmçinin NATO və Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan öz milli maraqlarını gerçəkləşdirir, eyni zamanda dünya birliyinə öz töhfəsini verir. Ölkəmizin 6 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi fəaliyyət göstərir.

Azərbaycanın ilk üzv olduğu beynəlxalq təşkilat dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-dir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra 1992-ci ilin 2 martında BMT-nin üzvlüyünə qəbul edilib və 1992-ci il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb. BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışıb. 1993-cü il ərzində BMT TŞ Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələrdə Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələbləri irəli sürülüb.

Müasir dünyada bütün dövlətlər bir-biri ilə sıx bağlıdır. Bu bağlılıq həm ikitərəfli əməkdaşlıq, müttəfiqlik formasında, həm regional və beynəlxalq təşkilatlar daxilində reallaşır. İnteqrasiya nə qədər güclü olarsa, dövlətlər öz inkişaflarında bir o qədər uğur qazanırlar, müstəqilliklərini möhkəmləndirirlər. Bu fonda beynəlxalq təşkilatların üzvü olmaq və həmin təşkilatın imkanlarından istifadə etmək hər bir ölkə üçün prioritet məsələlərdən sayılır. Qeyd etdiyimiz kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən qısa zaman sonra beynəlxalq təşkilatların mərhələ-mərhələ üzvü oldu. Həmin təşkilatların tribunasından öz həqiqətlərini dünyaya çatdırmaqda, dünya problemlərinin həllində Azərbaycanın mövqeyini ortaya qoymaqda uğurla istifadə etdi və edir.

Aydın Mirzəzadə: “Çox əhəmiyyətli görüşlər, tale yüklü məsələlərin müzakirəsi məhz Bakıda keçirilir”

Milli Məclisin deputatı Aydın Mirzəzadə bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, bunu biz xüsusilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən, yeni dövlətçilik modelinin həyata keçməsindən sonra gördük. Ulu öndərin səyi nəticəsində Azərbaycan müxtəlif təşkilatlarda ölkəmizin ərazi bütövlüyü ilə bağlı qərarların qəbul edilməsinə nail oldu. Həmin təşkilatlar Azərbaycanın ağrılı keçmiş Dağlıq Qarabağ probleminin həlli ilə bağlı gördüyü işlər barədə məlumatlandırıldı. Dünyanın Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi ilə bağlı daha çox məlumat əldə etməsinə nail olundu. Deputatın sözlərinə görə, digər tərəfdən, beynəlxalq təşkilatlara üzvlük ikitərəfli və çoxtərəfli inteqrasiyada çox böyük dəstək rolunu oynayır. Bu, həm də iqtisadi sahədə özünü göstərir: “Azərbaycan regionda böyük iqtisadi layihələrin təşəbbüskarı oldu və regiondan çox-çox uzaqlarda öz uğurlarının davamını göstərir. Azərbaycan öz neftinin Avropa bazarına çıxarılmasına, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunun möhkəmlənməsinə nail oldu. Beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycan tarixinin, mədəniyyətinin təbliğində böyük rol oynadı. Bunların nəticəsidir ki, Azərbaycanda beynəlxalq tədbirlərin, beynəlxalq idman yarışlarının keçirilməsi artıq bir ənənə halını alıb. Bir çox prestijli tədbirlər məhz Azərbaycanda keçirilməyə başlandı. Beynəlxalq təşkilatlarda fəaliyyətlə Azərbaycanın uğurlu dövlətçilik modelini göstərməyə və bu modelin cəlbedici olmasına nail ola bildik. Azərbaycan bu gün beynəlxalq diplomatik mərkəzlərdən birinə çevrilib. Çox əhəmiyyətli görüşlər, taleyüklü məsələlərin müzakirəsi məhz Bakıda keçirilir”.

Həmsöhbətimiz xatırlatdı ki, Azərbaycan üzv olduğu həm beynəlxalq, həm regional təşkilatlar vasitəsilə bir sıra məsələlərin həllinə öz yardımını göstərir: “Qoşulmama Hərəkatının 2019-cu ildə üzvü kimi Azərbaycan 120-yə qədər ölkənin qrup şəklində problemlərini BMT tribunasından səsləndirdi, həmin problemlərin həllinə çağırış etdi. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi BMT-nin pandemiya ilə əlaqədar xüsusi sessiyasının çağırılması təşəbbüsünü qaldırdı və bu təşəbbüs yüksək qarşılandı, məsələ reallaşdı. Azərbaycan koronavirusla mübarizədə 30-dan çox ölkəyə yardım göstərib. Koronavirusla mübarizə üçün vaksinlərin paylanmasında üçüncü dünya ölkələrinə ədalətsiz münasibəti Azərbaycan Prezidenti qınadı, həmin ölkələrə daha çox vaksinlərin verilməsi çağırışını etdi. Bu hadisə Azərbaycanın dünyada nüfuzuna ciddi müsbət təsiri elədi. Beynəlxalq təşkilatlarda üzvlük Azərbaycanın dünyanın ayrılmaz və vacib bir hissəsi olduğunu göstərdi, Azərbaycansız bu dünyanın mümkün olmadığını diqqətə çatdırdı. Bu gün dünyada Azərbaycanı tanımayan, Azərbaycanla bağlı hansısa məlumatlara malik olmayan yoxdur. 44 günlük Vətən müharibəsində dünyanın daha çox ölkələri Azərbaycanın yanında oldular. Bu, Azərbaycanın dünya birliyinə inteqrasiyasının gətirdiyi nəticələrdən idi”.

Mənbə: cia.az