Rusiya regionda Zəngəzuru və Azərbaycanı seçir – Moskva görüşünün YEKUNU

İyulun 20-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Moskvaya səfəri başa tutub. Səfər çərçivəsində prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüş keçirib. Görüşdə iki ölkə arasındakı qarşılıqlı əməkdaşlıq və gələcək pespektivlər müzakirə olunub.

Hələ görüşdən əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun da qeyd etdiyi kimi, görüş daha çox işgüzar xarakter daşıyıb və iki ölkə arasındakı mövqelərin uzlaşdırılmasına xidmət edib.

İki ölkə prezidentləri arasındakı görüşün Azərbaycan Ermənistan sərhəddində son dövrlərdə yaşayanan insidentlər və atəşkəsin pozulması hallarının müşahidə olunduğu vaxta təsadüf etməsi isə xüsusilə maraq doğurur.

Əməkdaşlıq və gələcək perspektivlərlə yanaşı görüşdə regionla bağlı hansı önəmli məsələlərin müzakirə olunduğu, eyni zamanda bu görüşün qarşıdakı aylarda proseslərə necə təsir edəcəyi də sual altındadır.

İki tərəli görüşlərin məqsədi nədir?

Bir sıra ekspertlərin fikrincə, Azərbaycan prezidentinin Moskva səfəri iyulun 8-də Ermənistan baş nazirinin oxşar səfəri ilə birlikdə dəyərləndirilməlidir. Hər iki səfər arasında kifayət qədər zaman fərqinin olmasına baxmayaraq region üçün əhəmiyyətli məsələlərin müzakirə olunduğu dəqiqdir.

Çünki hər üç ölkənin maraqları Qarabağ məsələsində toqquşur və regionda baş verən proseslərin bu günki vəziyyəti və gələcək perpektivləri də bu ölkələr arasında müzakirə olunmalıdır.

İkinci amil isə Rusiyanın proseslərin inkişafındakı rolu ilə bağlıdır. Tarixi təcrübə göstərir ki, həlli vacib problemlərə Rusiyanın reaksiyası işgüzar görüş konseptindən olduqca fərqlənir. Əgər Rusiya rəsmiləri Bakı və İrəvanla təcili telefon danışığı aparmır və nümayəndə heyəti göndərmirsə, deməli müzakirə olunan məsələr daha çox strateji hədəflərlə bağlıdır.

Ermənistankı son seçkilərdən sonra Nikol Paşinyanın Moskvaya səfər etməsi olduqca gözlənilən idi. Çünki Ermənistanda artıq yeni hökümət və yeni siyasi qaydalar formalaşırdı.

Bu şərtlər daxilində Rusiya üçün yeni hökümətin regiondakı proseslərə qarşı münasibəti, istəkləri və Rusiyanın maraqlarına hansı dərəcədə loyal olması əsas müzakirə mövzusu idi.

Bu baxımdan Paşinyan və Putinin görüşü Ermənistan və Rusiya münasibətlərinin növbəti dövrdə hansı istiqamət üzrə inkişaf edəcəyinin göstəricisi idi.

Rusiyanın nəbz yoxlaması, yoxsa yeni reallıq?

Oxşar proses Azərbaycan üçün də keçərlidir. Ermənistanla gələcək perspektivləri müəyyən edən və belə demək mümkündürsə, Ermənistanın yeni hökümətinin baxış bucağını öyrənən Rusiya üçün Azərbaycanın mövqeyi kilid önəmə sahibdir.

Çünki Rusiya 10 noyabr və 11 yanvar sazişlərindən irəli gələn şərtlər daxilində Qarabağda mövcud atəşkəs vəziyyətinin qorunub saxlanmasında əsas cavabdeh tərəfdir. Bu regional fəaliyyətdən əlavə Rusiyanın nüfuz məsələsidir.

Lakin son aylarda baş verən proseslər təkcə Rusiyanın yox, ABŞ və Avropanın da bölgədə nüfuz qazanmaq istiqamətindəki fəaliyyətini artırıb. Bu fəaliyyətlər Ermənistanla yanaşı tərəflərin Azərbaycana da ciddi təzyiqləri ilə müşahidə olunur.

Bu təzyiqlərin hansı dəyişiklərə səbəb olduğu və gələcəkdə regiondakı proseslərin inkişafına necə təsir edəcəyi isə birbaşa Rusiya üçün həyati əhəmiyyətə malikdir.

Bu baxımdan iki tərəfli görüşün daha çox Rusiya üçün prioritet məsələ olduğunu demək daha məqsədəuyğundur. Çünki Rusiya bu görüşlə həm Azərbaycanın mövqeyini və Qərblə yaxınlıq səviyyəsini öyrənmək, həm də Qarabağ məsələsindəki gələcək perspektivlərini yenidən müəyyənləşdirməklə güvən yeniləmək istəyir.

Araz Əliyev, Bizim.Media

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Dənizdə batan Zaur ikinci kurs tələbəsi imiş

SONRAKI XƏBƏR

Türkiyədə ard-arda iki dəfə ZƏLZƏLƏ OLDU