Əliyev Paşinyanı BUNA MƏCBUR ETDİ: İrəvan sülh istəyir

Əliyev Paşinyanı BUNA MƏCBUR ETDİ: İrəvan sülh istəyir

Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Kremldə görüşdükdən sonra Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla telefonla danışıb. Belə ki, tərəflərin regiondakı vəziyyəti, üçtərəfli razılaşmaların icrasını, o cümlədən regionda kommunikasiyaların açılması və digər məsələləri müzakirə etdiyi bildirilib. Maraqlısı odur ki, hər iki görüşdən sonra Nikol Paşinyan hökumətin iclasını keçirib və Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu bildirib. Təbii ki, Ermənistan vədinə əməl etməli, bu dəfə də öhdəliklərinə naxələf çıxmamalıdır. Çünki bunu əksi olduğu halda bölgədə vəziyyət sabitləşməyəcək və tərəflərin sülh və əməkdaşlıq danışıqları yenidən arxa plana düşəcək. Prezident İlham Əliyev də xüsusən də son çıxışlarında buna dəfələrlə işarə edərək sözügedən məsələlərin Azərbaycan üçün prioritet məsələlərdən olduğunu bildirib və Ermənistanı da öhdəliklərinə əməl etməyə çağırıb.

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan politoloq Nurlan Qələndərli bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması böyük aktuallıq kəsb edir və xüsusi önəm daşıyır:

“Azərbaycan dövləti bu məsələdə qətiyyətli və birmənalı mövqe nümayiş etdirir, respublikamızın Ermənistan qarşısındakı şərtləri aydındır: məğlub ölkə yeni şəraitdə reallıqlara uyğun davranmalı, praqmatik mövqe sərgiləməlidir, öz qonşuları ilə normal münasibətlər qurmalı, ərazi iddialarından əl çəkməlidir. Eyni zamanda, Azərbaycanla sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparılmalı, delimitasiya üzrə işçi qrup yaradılmalı və sülh müqaviləsinə hazırlıq işlərinə başlanılmalıdır. Ermənistan siyasi rəhbərliyi yaxşı anlayır və anlamalıdır ki, o, eləcə də ona havadarlıq edən bəzi xarici güc mərkəzləri regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında deyillər. Ona görə də qalib və haqlı Azərbaycanın diktəsi fonunda reallıqlarla tam barışaraq şərtləri qəbul etmək və beynəlxalq hüquq normalarına uyğun davranış sərgiləmək məcburiyyətindədir”.

O, Paşinyanın sülh danışıqlarına razılıq verməsinə də toxunub və Ermənistanın alternativ yolu qalmadığını vurğulayıb: “Paşinyanın sülh müqaviləsinə hazırlıqla bağlı sonuncu fikirləri göstərir ki, BMT Nizamnaməsinin 51-ci maddəsində əks olunmuş “Sülhə məcburetmə” əməliyyatını 44 gün ərzində uğurla həyata keçirməklə ərazi bütövlüyünün bərpasına nail olan Azərbaycan postmüharibə dönəmində diplomatiya müstəvisində mühüm strateji gedişlər edərək Ermənistana sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu buraxmayıb. Bu reallıq bir daha təsdiq edir ki, Azərbaycan öz hərbi-siyasi resurslarından və diplomatik imkanlarından istifadə etməklə strateji hədəflərini addım-addım gerçəkləşdirir”.

Politoloq Ramiyyə Məmmədova isə açıqlamasında sülh danışıqlarının bir müddət uzanacağı qənaətində olduğunu bildirib: “Rusiya bu gün Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya məsələsinə öz töhvəsini verməyə çalışsa da, Ermənistan hələki tam şəkildə sülh danışıqlarına razılıq vermir, daha doğrusu ölkədə baş verən daxili çəkişmələri buna mane olur. Lakin Putinlə Əliyevin Moskva görüşündən və Putinlə Paşinyanın telefon danışığından gəlinən nəticə odur ki, Ermənistan bu məsələdə təkbaşına qərar vermir və verməyəcək də. Təbii ki, proses Rusiyann razılığı ilə həyata keçir və sülh müqaviləsi də demək olar ki, Ermənistanla deyil, Rusiya ilə bağlanacaq. Necə ki, üçrətəfli sazişlər bağlanıb”.

“Paşinyanın isə havadar olaraq ABŞ və Fransadan alacağı dəstəyin qarşısına isə Prezident İlham Əliyev tərəfindən divar hörüldü və ermənilərə Qarabağda heç bir status verilməyəcəyi bir daha gündəmə gəldi. Bütün bunları nəzərə alaraq və Rusiyanın da bu məsələdə ön planda olduğunu diqqətdə saxlayaraq Qərbin bu məsələdə regiondan geri çəkildiyini deyə bilərik. Və nə qədər çalışsalar da Ermənistana istədikləri dəstəyi verə bilməyəcəklər”, - deyə politoloq vurğulayıb.

Mənbə: metbuat.az