Ermənistanın atəşkəsi pozmasında ANTİ BUCAQLAR

Ermənistanın atəşkəsi pozmasında ANTİ BUCAQLAR

Son vaxtlar ermənillər davamlı olaraq mövqelərimizi atəşə tutur. Və ötən 1 ayda Azərbacan tərəfi 1 şəhid verib, bir neçə hərbiçimiz isə yaralanıb. Ən qəribəsi odur ki, Qarabağdakı ermənilər də dinc dayanmır. Ara-sıra Şuşaya tərəf güllə atırlar.

İlk baxışdan belə başa düşülür ki, ermənilər mövcud status-kvo ilə barışmır və yeni müharibə istəyir.

Bəs əslində nə baş verir?

Apardığımız təhlillər göstərir ki, təmas xəttində baş verən insidentlər birbaşa rəsmi İrəvanın göstərişi ilə reallaşır. Çünki, artıq Ermənistanda hərbi müxalifət yoxdur. Paşinyan əleydarları olan General-polkovnik Movses Akobyan və General-leytenant Onik Qasparyanın başı üstündə Demokl qılıncı asılıb. Yəni heç bir hərbiçinin “gücü” yoxdur ki, Paşinyanın xəbəri olmadan hansısa radikal addım atsın.

Bəs Paşinyan atəşkəsi pozmaqla nəyə nail olmaq istəyir?

Təbii ki, Kreml divarları arasında yazılmış senariyə əsasən Paşinyan Azərbaycanı yeni “Yumruq əməliyyatı”na təhrik edir. Bu əməliyyatlar hesabına Moskva və İrəvan 3 məqsəd güdür.

Birincisi, Azərbaycan anti-terror əməliyyatına başlayır. Qarabağdakı silahlı dəstələri məhv edir. Yüzlərlə erməni hərbiçisi öldürülür. Əsgər anaları Ermənistanda ayağa qalxır və davamlı sülh istəyir.

İkincisi, Azərbaycan antiterror əməliyyatı başladığı zaman Ermənistanda hərbi səfərbərlik elan edilir. Və Paşinyan höküməti radikal qüvvələri məcburi şəkildə hərbi səfərbərliyə cəlb edir. Və beləcə, həm Paşinyanın əl-ayağına dolaşan, həm də Moskvanın zəhləsini tökən qüvvələr asanlıqla zərərsizləşdirilir.

Üçüncüsü, Ermənistanın növbəti müharibəyə başlamaq iqtidarında olmadığını Paşinyan bütün Nijde tərəfdarlarına və radikal qüvvələrə sübut edir.

Nəticədə, Ermənistandakı bütün siyasi qüvvələr və xalq Paşinyana yalvarır ki, Azərbaycanla təcili sülh sazişi bağlasın.

Bəs bundan Paşinyan, Ermənistan və Rusiya nə qazanır?

Birincisi, Paşinyan hakimiyyətini möhkəmləndirir və ən azı 10 il Baş nazir kimi siyasi səhnədə qalır.

İkincisi, Ermənistan Qarabağı əbədiyyən unudur, mifik və əsassız “dənizdən-dənizə Ermənistan” ideyasından əl çəkir. Qonşularla sülh və mehribançılıq şəraitində yaşamağa başlayan Ermənistanın yeni iqtisadi dirçəliş dövrü başlayır.

Üçüncüsü, Rusiya Ermənistanda nəzarəti tam ələ alır. Və Zəngəzur dəhlizinin açılması ilə Avropanın sanksiyalarından dəyən zərəri bir qədər konpensasiya edir.

Baş verən açıq proseslərdən və Paşinyanla Putinin bağlı qapılar arxasında razılaşdıqları sövdələşmələrdən təbii ki rəsmi Bakının və Ankaranın geniş məlumatı var. Ona görə də tez-tez atəşkəsin pozulmasına Türkiyə və Azərbaycan təmkinli mövqe nümayiş etdirir.

Xatırladaq ki, ötən həftə 2 gün davamlı olaraq Şuşanın Xankəndi istiqamətindən atəşə tutulmasına Ankara heç bir reaksiya vermədi. Halbuki, Qarabağda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir.

Ən azından buna görə Monitorinq Mərkəzindən hansısa açıqlama olmalıydı. Amma olmadı. Bu da ona işarədir ki, ”hər şey nəzarətdədir”.

Azərbaycan höküməti də baş verənlərə təmkin nümayiş etdirir. Və xəbərdarlığından da qalmır. Ali Baş Komandan deyir ki:

“İrəvan, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır və biz gec-tez o torpaqlara qayıdacağıq”.

Bu isə bir daha onu sübut edir ki, Azərbaycan öz mövqeyində istər qələbəyə qədər, istərsə də qələbədən sonra heç bir dəyişiklik etməyib. Sülh anlaşması və “Dəmir yumruq” hər ikisi Azərbaycanın təklif etdiyi variantıdır! Üçüncü həll yolu yoxdur.

Ona görə də hələ bir müddət təmas xəttində insidentlər qaçılmazdır.

Surxay Atakişiyev, Bizim.Media

Mənbə: bizim.media