Türk dünyasını birləşdirən yol - ZƏNGƏZUR DƏHLİZİNDƏN XÜSUSİ REPORTAJ

Türk dünyasını birləşdirən yol - ZƏNGƏZUR DƏHLİZİNDƏN XÜSUSİ REPORTAJ

Prezident İlham Əliyevin də dediyi kimi, müharibə başa çatdı, münaqişə tarixdə qaldı və yeni imkanlar yarandı.

Dövlət başçısının bu fikirləri ondan xəbər verir ki, Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir “damarı” açılacaq və bu, bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək, əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolunu reallaşdıracaq.

Azərbaycanın Vətən Müharibəsində inamlı qələbəsi bu gün Cənubi Qafqazda tamamilə yeni bir mənzərənin yaranması ilə müşayiət edilməkdədir. İndi ölkəmiz üçün əsas məsələ müharibədən sonra əldə olunan sülhün davamlı xarakter almasına nail olmaqdır. Azərbaycan bu məqsədinə regionda iqtisadiyyat və kommunikasiya əlaqələrinin bərpası ilə nail olmağa çalışır.

 

Hazırda Zəngilanın Ağbənd kəndindəyik. Mehri yolu ərazisindəyik. O yol ki, önəmli iqtisadi əhəmiyyət daşıyır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ayhan Satıcı Zəngəzur dəhlizinin önəmi həm iqtisadi, həm siyasi, həm də tarixi baxımdan vacibliyindən söz açıb: “Zəngəzur dəhlizinin önəmi həm iqtisadi, həm siyasi, həm də tarixi baxımdan çox vacibdir və Azərbaycanın tarixinin əvəzedilməz parçası olaraq qalır. Ölkə başçısının da dəfələrlə vurğuladığı kimi, Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Bu dəhlizin ən vacib nüanslarından biri ondan ibarətdir ki, Zəngəzur dəhlizi nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizindən başlayaraq Cənub Şərqi Asiya və Mərkəzi Asiya olmaqla Avropa arasındakı nəqliyyat-logistika xətti olmaqla davam edəcək”.

Ayhan Satıcınının sözlərinə görə, Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Belə ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək.

 

Mütəxəssis deyir ki, bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, həm birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına mühüm təsir göstərir, həm də maliyyə dəstəyi nümayiş etdirir.

 

Bundan başqa, Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisi vasitəsilə Naxçıvanın həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Həmçinin dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək: “Zəngəzur dəhlizi iqtisadiyyatı sıxılmış Ermənistan üçün də kifayət qədər əhəmiyyət kəsb edir. Pol Kruqmanın çox gözəl bir sözü var. O deyirdi ki, Kanada özündən daha çox ABŞ-a yaxındır. Biz bu ifadəni Ermənistanla Azərbaycan arasında tətbiq etsək, onu deyə bilərik ki, Ermənistan özündən çox Azərbaycana yaxındır. Biz bunu nəyə əsasən deyirik? Ermənistanın 1 570 kilometrlik sərhəd xəttinin 2/3 hissəsi Azərbaycanladır. Yerdə qalan sərhədin 1/3 hissəsinin böyük əksəriyyəti isə Türkiyə ilədir. Ermənistan Azərbaycan və Türkiyə ilə sərhədlərini bağlayıb, bu da 80%-dən çox Ermənistan sərhədlərinin bağlanmasına gətirib çıxarıb. 44 kilometrə bərabər olan Ermənistan-İran sərhədi isə yüklənmə düşdüyü müddətdə bir o qədər də əlverişli deyil. Ermənistanın birbaşa Gürcüstan və Rusiya ilə olan sərhədi isə mövsümi xarakter daşıdığına görə Zəngəzur dəhlizinin əhəmiyyəti daha da artır. Zəngəzur dəhlizi tək Azərbaycan, Türkiyə, İran üçün yox, həm də dalana düşmüş, iqtisadiyyatı sıxılmış Ermənistan üçün də kifayət qədər əhəmiyyət kəsb edir”.

 

Ekspertin fikrincə, dəhliz Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq, şübhəsiz ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq: “Ermənistan isə Zəngəzur dəhlizinin qeyd edilən üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər. Nəzərə alsaq ki, Ermənistan Dəmir Yolları Rusiya Dəmir Yollarının mülkiyyətindədir və Ermənistanla İran arasında olan 3,5 milyard ABŞ dolları dəmir yolu xəttində də Tehranın marağı yoxdur. Çünki Zəngəzur dəhlizinin reallaşması rəsmi Tehranın maraqları çərçivəsindədir”.

 

“Bu il Süveyş kanalında baş verən kollaps ticarət dövriyyələrinin dayanmasına səbəb oldu. Zəngəzur dəhlizi kimi nəqliyyat-logistika xətlərinin olması, kollaps zamanı alternativ yol kimi çıxış etməsi mühüm əhəmiyyət kəsb edir. Həmçinin Naxçıvanın Azərbaycana quru yolla birləşdirilməsi də Naxçıvanın Azərbaycan iqtisadiyyatına daha da reinteqrasiyasına səbəb olacaq. 2019-cu ilin statistik göstəricisinə əsasən, Avropa İttifaqı (Aİ) və Çin arasında olan ticarət dövriyyəsinin həcmi 560 mlrd. ABŞ dolları civarında olub. Zəngəzur dəhlizi kimi alternativ xəttin, nəqliyyat-logistika yolunun olması Çin və Avropa İttifaqı ölkələrinin marağındadır. Bu böyüklükdə olan ticarət dövriyyəsinin Azərbaycan ərazisindən keçməsi ölkə iqtisadiyyatına müsbət təsir edəcək”, - deyə Ayhan Satıcı qeyd edib.

 

SEVİNC VAQİFQIZI

XƏQANİ HÜSEYNOV

Mənbə: apa.az