Qərb ölkələri “Taliban”ı hücumları dayandırmağa çağırdı

Qərb ölkələri “Taliban”ı hücumları dayandırmağa çağırdı

Qərb ölkələri Əfqanıstanda vəziyyətin gərginləşməsindən narahatdır və “Taliban” hərəkatını hərbi hücumları dayandırmağa çağırır. Bu barədə ABŞ, Avropa İttifaqına üzv ölkələr və NATO-nun bu günlərdə qəbul etdiyi birgə bəyanatda deyilir. Məlumatı “İzvestiya.ru” yayıb.

ABŞ Dövlət Departamen­tinin saytında yerləşdirilmiş bəyanatda bildirilir: “Biz təkidlə hər iki tərəfi atəşin daimi olaraq və bütün ölkə boyu dayandırılması, gələcək Əfqanıstan dövlətinin qu­rulmasının əsas prinsipləri və tam siyasi nizamlama­ya nail olana qədər onun idarə edilməsi üzrə keçid mexanizmlərinin detalları ilə bağlı razılaşmaya gəlməyə çağırırıq”.

Bundan əlavə, Qərb dövlətləri talibançıları onların nəzarəti altında olan Əfqanıstan rayonlarına humanitar yardımların çatdırılmasını, eləcə də bütün ölkədə diplomatların, jurnalistlərin, beynəlxalq təşkilatların və aeroportların təhlükəsizliyini təmin etməyə çağırıb.

Bəyanatda, eyni zamanda, Əfqanıstanda münaqişənin nizamlanmasında tərəqqiyə nail olunması üçün Qərb ölkələrinin üçüncü tərəflərin köməyini və vasitəçiliyini dəstəkləməyə hazır olduqları da qeyd edilir.

Xatırladaq ki, bir gün əvvəl ABŞ-ın Dövlət katibi Entoni Blinken xəbərdarlıq etmişdi ki, əgər “Taliban” hakimiyyəti ələ keçirərsə, Əfqanıstan dünyadan təcrid olunmuş ölkəyə çevriləcək.

İyulun 22-də Rusiyanın Xarici İşlər nazirinin müavini Andrey Rudenko da, öz növbəsində, bildirmişdi ki, Əfqanıstanın şimal hissəsi yeni qaynar nöqtəyə çevrilir və bu, ABŞ qoşunlarının ölkədən çıxarılması nəticəsində baş verir.

Ondan bir qədər əvvəl, iyulun 16-da Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da Əfqanıstanda vəziyyətin deqradasiyaya uğradığını bəyan etmişdi. Onun sözlərinə görə, ABŞ qoşunları bu ölkəni tərk etdikdən sonra terror təşkilatları regionda öz mövqelərini möhkəmləndirib və narkotik maddələrin istehsalı rekord həddə çatıb.

Dünən ABŞ Prezidenti Co Bayden əfqanıstanlı həmkarı Əşrəf Qəni ilə telefon söhbəti zamanı bu ölkənin təhlükəsizlik qüvvələrinə kömək etməyə hazır olduğunu, administrasiyanın bu məqsədlə 2022-ci ildə Konqresdən 3,3 milyard dollar ayrılmasını xahiş etdiyini təsdiq edib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com