Yaponiya hökuməti Tokioda fövqəladə vəziyyət rejiminin müddətini uzadır

Yaponiya hökuməti Tokioda fövqəladə vəziyyət rejiminin müddətini uzadır

Tokio, 30 iyul, AZƏRTAC

Yaponiya hökuməti koronovirus pandemiyasına görə Tokioda fövqəladə vəziyyət rejiminin müddətini uzadır və daha bir neçə prefekturada məhdudiyyətləri genişləndirir.

AZƏRTAC xəbər verir ki, bu barədə ekspertlər komissiyasının iyulun 30-da keçirilən iclasında Yaponiyanın iqtisadiyyatın bərpası naziri Yasutoşi Nişimura bəyan edib.

Nazir deyib: “Tokioda və Okinavada fövqəladə vəziyyət rejiminin müddətini uzadılması qərarına gəldik. Həmçinin biz fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi siyahıya Saytama, Kanaqava, Çiba və Osaka prefekturalarının əlavə olunması barədə də razılaşdıq”. Y.Nişimura əlavə edib ki, hökumət koronavirusa qarşı mübarizə ilə əlaqədar tədbirlərin Hokkaydo, İşikava, Kioto, Hyoqo və Fukui prefekturalarında gücləndirilməsini də qərara alıb.

Nazir sakinlərə müraciət edərək onları vəziyyəti düzgün başa düşməyə və koronavirusa qarşı mübarizə üçün tətbiq edilən qadağalara əməl etməyə çağırıb.

Qeyd edək ki, iyulun 29-da Yaponiyada yoluxma ilə əlaqədar yeni antirekord müəyyən edilib – 10699 nəfər. Həmin göstərici ilk dəfə olaraq 10 min həddini aşıb. Həmçinin üç gündür ki, paytaxt Tokioda da antirekord yenilənir. Belə ki, Tokioda iyulun 27-də 2848, 28-da 3177, 29-da isə 3865 yoluxma halı qeydə alınıb.

Yaponiya hökuməti virusun yayılmasının səbəbini yeni “Delta” ştammı ilə izah edir. Bununla yanaşı, yaşlı nəslin nümayəndələri arasında vaksinasiya aparıldığına görə ən çox gənclərin yoluxduğu qeyd edilir. Hökumətin mövqeyinə görə vəziyyətin gərginləşməsində Olimpiya Oyunlarının heç bir rolu yoxdur.

Xatırladaq ki, hökumət epidemioloji vəziyyətin gərginləşməsi ilə əlaqədar iyulun 12-dən Tokioda fövqəladə vəziyyət rejimi tətbiq edib. Yeni qərara əsasən avqustun 30-dək uzadılan fövqəladə vəziyyət rejiminə görə tamaşaçılar Olimpiya Oyunlarına buraxılmırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Mənbə: azertag.az