Ermənistanın PLANLARI – Qərbi Azərbaycana fokuslamaq üçün hansı oyun qurulub?

Ermənistanın PLANLARI – Qərbi Azərbaycana fokuslamaq üçün hansı oyun qurulub?

II Qarabağ müharibəsinin bitməsini və Ermənistanın kapitulyasını elan edən 10 noyabr sazişi proseslərin sadəcə hərbi fazasının sona çatdığını göstəricisi idi. Lakin Azərbaycan və Ermənistan arasında daha uzun və daha şiddətli mübarizə diplomatik sferada davam etməkdə idi.

Azərbaycan tərəfi müharibənin sona çatması və kaputulyasiya aktının imzalanmasını “yekun həll” kimi qiymətləndirdi. Çünki imzalanan sazişlər Azərbaycanın maraqlarına cavab verirdi və münaqişənin birdəfəlik həllinin ən bariz göstəricisi idi. Ermənistan üçünsə münaqişənin nəticələri ilə barışmaq mümkün görünmürdü. Məhz bu səbəblə ermənilərin dilində münaqişənin bu gün də bitmədiyini və eyni tempdə davam etməsi ilə bağlı fikirlər eşidirik.

Ermənistanın diplomatik strategiyası

Ermənistan rəhbərliyi bu gün məğlubiyyəti və Qarabağı tamamilə itirməyi ona görə qəbul etmir ki, mövcud vəziyyətdən hər hansı formada daha az zərərlə çıxış yolunun mövcud olduğuna inanır. Ermənistanı bu cür bir alternativin varlığına inandıran isə sülh sazişindəki konkret olmayan müddəalar və geosiyasi reallıqlardır. Ermənistan mövqeyindən bu gün Xankəndində Azərbaycan əsgəri əvəzinə Rus əsgərinin olması qarşıdakı 5 il ərzində nələrisə dəyişmək fürsətindən xəbər verir.

Erməni diplomatiyası belə bir sual üzərində düşünür: “əlimdə olanı necə qoruya bilərəm?”.

Onlar yaxşı başa düşür ki, Rusiya üçün Ermənistan Azərbaycanla müqayisədə ikinci dərəcəli prioritetdir. Yəni mövcud şərtlər daxilində Rusiyanın 5 il sonra Azərbaycanın tərəfində yer alması ehtimalı daha çoxdur, nəinki Ermənistanın maraqlarının təmin olunması.

Bu şərtlər daxilində verilə biləcək tək rasional qərar prosesə başqa maraqlı aktorların da cəlb olunmasıdır. Necə ki, son aylarda Fransa və ABŞ-ın simasında biz bunun şahidi oluruq.

Ermənistanın xarici siyasət prioritetlərinin müəyyən olunmasında inzibati qurumlarla yanaşı xaricdə fəaliyyət göstərən diaspora və təşkilatların da ciddi rolu var. Bu diaspora və təşkilatlar hətta Ermənistan Azərbaycanla münasibətlər normallaşsa belə, bizim əleyhimizə kampaniya aparmağa davam edəcəklər və Ermənistan da onların fəaliyyətindən artıqlaması ilə istifadə edir.

Ermənistan hərbi sferada məğlub olub, lakin bu gün Cənubi Qafqazdakı vəziyyət Ermənistana və onun üzərindən prosesə daxil olmaq istəyən qüvvələrə əlavə hərəkət terayektoriyaları qazandırıb. Beləliklə, Ermənistan özünü diplomatik fortposta çevirməklə əslində özünə sərf edən nəticənin əldə olunması istiqamətində iş aparmış olur.


Azərbaycana qarşı yeni hücumların pərdəaraxası

Digər tərəfdən son aylarda Qərbdə fəaliyyət göstərən erməni diasporası və təşkilatlarının anti-Azərbaycan fəaliyyətində ciddi inkişaf müşahidə olunur. Proseslərin mərkəzində Azərbaycanla yanaşı Rusiyanın yer alması da xüsusilə diqqət çəkir. Məqsədli şəkildə Qarabağda və dövlət sərhəddində baş verən proseslər Rusiyanın razılığı ilə Azərbaycanın Ermənistana qarşı yeni hücumu kimi tirajlanır.

Ermənilər yaxşı başa düşür ki, Qərblə Rusiya arasındakı uzunmüddətli rəqabət və son illərdə daha da korlanmış münasibətlər mövcuddur. Qərb Cənubi Qafqazda məhz Rusiyanın güclənməsinin qarşısını almaq və onu neytrallaşdırmaq üçün maraqlıdır.

Eyni zamanda Cənubi Qafqazda 3 əsas tərəf Rusiya, Azərbaycan və Ermənistan-Qərb bloku mövcuddur və bütün siyasi proseslər məhz bu 3 tərəf arasında cərəyan edir.

Azərbaycan isə Cənubi Qafqazda müstəqil xarici siyasət yürütməkdə davam edir və bu fəaliyyət öz növbəsində Ermənistanın bütün diplomatik fəaliyyəti üçün təhlükəlidir.

Bu baxımdan Ermənistan diplomatiyasının əsas hədəfi Azərbaycan və Rusiyanı birgə maraqlardan çıxış edən iki müttəfiq dövlət kimi göstərməkdir. Çünki Qərb üçün müstəqil xarici siyasətə malik Azərbaycan strateji tərəfdaş ola bilər, ancaq seçimini Rusiyadan yana istifadə etmiş Azərbaycan Belarusiya nümunəsində olduğu kimi yeni hədəfdir.


Bu baxımdan Ermənistanın əsas hədəfi Cənubi Qafqazdakı mübarizənin Qərb-Ermənistan və Rusiya-Azərbaycan ittifaqları miqyasına qaldırmaqdır. Çünki məhz bu vasitə ilə Qərbin dəstəyini ala və Qərbin Azərbaycan qarşı təzyiq kartlarından istifadə imkanları yarana bilər.

Azərbaycan üçünsə xarici siyasətdə müstəqilliyin qorunub saxlanması, Qərb və Rusiya ilə dövlət maraqları çərçivəsində münasibətlərin inkişaf etidirilməsi həyati önəmə malik məsələdir.

Araz Əliyev

Mənbə: bizim.media