Rusiyanın Ermənistana kömək üçün əlavə əsgəri də yoxdur... - Rusiyalı ekspert

“Moskvanın başqa prioritetləri var: Ukrayna, Əfqanıstan, NATO. Rusiya münaqişəni söndürəcək və ona diqqət etməyəcək...”

“Rusiya münaqişədə iştirak etməyəcək və Ermənistanın müraciətinə məhəl qoymayacaq”.

EDNews.net Moderator.az-a istinadən xəbər verir ki, bunu Rusiya mediasına açıqlamasında Ermənistanın Azərbaycanla sərhəddə mütəmadi gərginlik yaratmasına münasibət bildirən "Novaya Qazeta" qəzetinin hərbi icmalçısı Pavel Felqenhauer söyləyib.

"Ermənistan Rusiyanı münaqişəyə cəlb etmək istəyir. Çünki müharibəni uduzur, gücü yoxdur, ordusu yoxdur, silahlı qüvvələrinin yenidən qurulması mümkün deyil. Ermənistan Rusiyaya güvənir. Amma Rusiyanın başqa prioritetləri var: Ukrayna, Əfqanıstan , NATO. Rusiya münaqişəni söndürəcək və ona diqqət etməyəcək. Rusiyanın münaqişəyə qarışmaq üçün heç bir marağı yoxdur. Rusiya Federasiyasının Ermənistana kömək üçün göndərməkdən ötrü əlavə əsgəri də yoxdur" –deyə P. Felqenhauer vurğulayıb.

"Rusiya Zabitləri" ictimai təşkilatı ekspert şurasının üzvü, hərbi politoloq Aleksandr Perenciyev də sərhəddə indiki gərginləşmənin yeni müharibəyə gətirib çıxarmayacağı ilə razılaşıb.

“Bunun Azərbaycan üçün heç bir faydası yoxdur” –deyən Perenciyev də hesab edir ki, Rusiya münaqişəyə müdaxilə etməyəcək.

"Azərbaycana sülh lazımdır. Eyni zamanda onu da bilmək gərəkdir ki, rusiyalı müşahidəçilər vəziyyətə tam nəzarət edə bilmirlər. Çünki aydın sərhədlər yoxdur. Və həmin sərhədlər Ermənistana sərf etmədiyi üçün yoxdur. Hələlik sərhəd yalnız atəş xəttidir, sərhəd deyil. Ümumiyyətlə, vəziyyət idarə oluna bilər - Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli təmas var” –deyə rus politoloq izah edib.

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

Fələstin prezidenti Rusiyaya səfərə hazırlaşır

SONRAKI XƏBƏR

Tarix və coğrafiyadan imtahan keçirilir