Ermənistan əlindəki son imkanı da itirdi - Üstünlük tamamilə Azərbaycanda

Ermənistan əlindəki son imkanı da itirdi - Üstünlük tamamilə Azərbaycanda

4 qonşuya malik olan Ermənistanın onlardan üçünə qarşı ərazi iddiaları olması tarixi saxta məlumatlar üzərində qurulmuş, bu forpost dövlətin kimin hakimiyyətdə olmasından asılı olmayaraq işğal, terror, cinayət ideyaları ilə idarə edildiyini bir daha təsdiq edir. Belə bir dövlətin təbii ki, qonşuları ilə dinc yaşamaq istəyindən söhbət də gedə bilməz. Tarixin müxtəlif dövürlərində qonşuları ilə bu cür gərgin münasibətlərinin bumeranq effekti ilə ancaq özlərinə zərbə endirdiyinə şahid olsaq belə, son 44 günlük Vətən müharibəsinin acı nəticəsi də Ermənistanı məkirli planlarından çəkindirmir.

Əsassız, sərsəm iddialarından əl çəkməyən Ermənistanın yenidən Azərbaycanla sərhəddə gərginlik yaratması 10 noyabr üçtərəfli bəyanatın şərtlərindən imtina etməsi, uzun illər forpostu olduğu, gah kömək umub, gah da orbitindən çıxmağa çalışdığı Rusiyanın dövlət başçısının imzasına hörmətsizlik, Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtinadan başqa bir şey deyil. Bu isə 10 noyabr bəyanatının şərtlərini - sərhədlərin delimitasiya, demarkasiyasını, Zəngəzur dəhlizi və digər kommunikasiyalarla bağlı məsələlərin həllini tapması üçün Azərbaycanın 44 günlük Vətən müharibəsində olduğu kimi bu missiyanın öhdəsindən güc yolu ilə gəlməsinə səbəb yaradır.

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına son müsahibəsinin ardından atdığı son tvitləri bir daha düşməni fakt qarşısında qoyur. Birinci açıqlamada Avropa İttifaqı ilə Azərbaycan arasında yaxın vaxtlarda Sazişin imzalacağından xəbər verilir: "Sazişin 90 faizi razılaşdırılıb, qalan məsələlər də, hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər".

Bunun ardınca növbəti paylaşımda Azərbaycanla Ermənistan arasında mümkün sülh razılaşmasından söhbət açılır və Prezident ölkəmizin danışıqlara hazır olduğunu bəyan edir: " Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir . Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq".

Dövlət başçısının bu tvitləri Ermənistana yönəlmiş ciddi mesajlardır. Qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, dövlət başçısı Aİ ilə imzalanacaq sazişin 90 faizinin razılaşdırıldığını deməklə Azərbaycanın iradəsinə bağlı məsələləri nəzərdə tutur, yerdə qalan 10 faizin isə Ermənistanın icra etməkdən yayınmağa çalışdığı kapitulyasiya aktı hesab edilən 10 noyabr üçtərəfli bəyanatından asılı olduğu ehtimalı artır. Aİ-nın bu sazişin imzalanmasında maraqlı olması isə, Ermənistanın Azərbaycanla sülh danışıqlarına başlamasına təsir göstərəcəyi anlamına gəlir. Azərbaycan Prezidentinin əminliklə dediyi "Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir" ifadələrdən belə aydın olur ki, Ermənistanın faktiki olaraq Azərbaycanın irəli sürdüyü gündəlikdən çıxması mümkünsüzdür.

O da aydın olur ki, Rusiya ilə Qərb arasında manevrlər "imkanlarını" işə salmaqla destruktiv mövqe nümayiş etdirən İrəvanın ənənəvi siyasətinə söykənərək konstruktiv platformadan qaçdığını yaxşı bilən Prezident İlham Əliyev pressinqli elə bir diplomatik hücum planı hazırlayıb ki, bir-birinə zidd tərəflərdə dayanan güc mərkəzləri Rusiya və Qərbin Azərbaycanın təqdim etdiyi, rəsmi Bakının maraqları əsasında hazırlanan gündəliyə "hə" dedilər. Müharibədən sonrakı mərhələ Ermənistan üçün son imkan idi. Postkonflikt dövründə olduqca çevik addımlar atan Azərbaycan bununla da müharibədəki qələbənin davamını gətirmək üçün əla imkan əldə edib. Bu imkan Ermənistanın "come back" arzusunu sıfıra endirib.

Ötən gün Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca Rusiya sərhədçilərinin dayaq məntəqələrini yerləşdirməyi təklif etməsinə Moskvadan cavab özünü çox gözlətmədi. Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun Paşinyanın təklifinə "Paşinyanın təklifi ilə bağlı hər iki tərəflə danışıqlar aparılır" cavabı bir daha sərhəd məsələləri daxil olmaqla 10 noyabr sənədlərinə daxil olan bir çox məsələlərin məhz Bakının təqdim etdiyi gündəlik əsasında icra ediləcəyindən xəbər verir. Peskov bu cavabı ilə Ermənistana "Hər şey rəsmi Bakının reaksiyasına bağlıdır" mesajı verdi.

Hadisələrin bu cür inkişafı Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalaması üçün son tamamlama işlərinin getdiyini deməyə imkan verir. Təbii ki, burada əsas Azərbaycanın istəkləri prearitet təşkil edəcək. Çünki dünya tarixinə də nəzər salsaq, görərik ki, həmişə güclü tərəf zəif tərəfi sülh sazişi imzalamağa məcbur edib. Sülhə məcbur etmə təcrübəsindən məharətlə istifadə edən rəsmi Bakı Ermənistan bunu arzulamasa belə diqtə edən tərəfdir. Belə bir vəziyyətdə II Qarabağ müharibəsində ordusu darmadağın edilən Ermənistanın rəsmi Bakının qoyduğu şərtlər daxilində sülh sazişini imzalamaqdan yayınmaq üçün hər vasitələrə əl atır.

Məqsəd isə dünya ictimaiyyətinin fikrini bölgəyə yönəldib, vəziyyətdən çıxmaq üçün lazımı dəstəyi almaqdır. Elə bunun üçün də sərhəddəki son təxribatlar son günlər daha intensiv xarakter alıb. Nəticədə Azərbaycan Ermənistan ərazisindən pozulan atəşkəs nöqtələrini susduqrmaq məcburiyyətində qalır. Ermənistan bunu əlində əsas götürərək dünyaya hayqırır ki, baxın, Azərbaycan bizim ərazimizə hərbi müdaxilə edir. Lakin, nə Ermənistan hərbi-siyasi rəhbərliyi, nə də ermənipərəst qüvvələr unutmamalıdırlar ki, Azərbaycan ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı üçün istənilən lazımı addımı atmağa hazırdır və atacaq.

Təhməz Əsədov
Milli.Az

Mənbə: news.milli.az