İranın daxilindəki “URAN” - İslam dövləti niyə yeniləşə bilmir?

İranın daxilindəki “URAN” - İslam dövləti niyə yeniləşə bilmir?

Min illərdən keçib gələn dövlətçilik ənənələrinə malik olan İranda gərginliklər, savaşlar, inqilablar bütün dövrlərdə rast gəlinən normal proseslər kimi qarşılanıb. Son günlərdə də ölkə ərazisində genişmiqyaslı etiraz aksiyaları keçirilməkdədir.

Ümumilikdə isə, İranın hazırki durumunu anlamaq üçün yaxın keçmişə nəzər salmaq vacibdir.

EDNews.net Bizim.media-ya itinadən xəbər verir ki, daha əvvəl şahlıq üsul-idarəsinin hökm sürdüyü ölkədə, 70-ci illərin sonunda böyük etiraz aksiyaları meydana gəldi və hadisələrin gözlənilməz formada fəqli məcrada cərəyan etməsi nəticəsində sonda Ruhullah Xomeyninin başçılığı altında radikal şiə qrupları hakimiyyəti ələ keçirməyi bacardı.


Buna baxmayaraq, xalqı ayağa qaldıran əsas problemlər həll olmaq əvəzinə günbəgün daha da böyüməyə davam etdi və bugünkü böhran vəziyyətinin yaranması ilə nəticələndi.

Mollaların duası, yoxsa Qərbin sanksiyaları?

Ölkədəki hadisələrin əsas səbəbkarı isə Xameneyi diktaturasıdır. Molla rejimi 40 illik hakimiyyəti dövründə heç vaxt xalqın böyük əksəriyyətinin dəstəyini qazana bilmədi. Təsadüfi deyil ki, seçkilərin böyük əksəriyyətində də seçicilərin iştirak faizi 60%-dən yüksək olmayıb.

Digər mühüm səbəb isə, cənub qonşumuzun hər zaman konservativ ideologiyaya daha yatqın olmasından irəli gəlir. Dini inancından və dövlət quruluşundan asılı olmayaaraq, İranda hər zaman keçmiş adət-ənənənlərə bağlılıq diqqət mərkəzində olub. Hətta İran reformizminin özündə belə tarixə bağlılıq hər zaman özünü biruzə verib.

Təsadüfi deyil ki, hələ Səttarxan inqilabından bu yana ölkədə zaman-zaman özünü büruzə verən yeni ideyalar arasında demək olar ki, ciddi fərqlər ortaya qoyulmayıb.

Üçüncü vacib səbəb kimi isə milli zəmində ayrıseçkiliyi misal göstərə bilərik. Özünü İslam Respublikası elan etməsinə baxmayaraq, fars şovinizminin heç bir zaman ikinci plana atılmadığı İranda milli zəmində ayrıseçkilik də ölkənin inkişafında mühüm maneə kimi diqqəti cəlb edir.

Xüsusilə də, günümüzdə etirazların baş verdiyi regionların etnik tərkibinə nəzər salsaq qeyd olunan iddianın doğruluğunu aydın şəkildə görə bilərik. Aksiyaların episentri olan Xuzistan bölgəsi ərəblərin kompakt yaşadığı bölgədir. Əhalinin küçələrə axışdığı digər şəhər olan Təbrizin əhalisinin böyük əksəriyyəti isə azərbaycanlılardır. Eyni zamanda, iyulun 24-də bəlucların üstün qrup olduğu Sistan-Bəlucistan ostanında 4 İran hərbiçisinin öldürülməsi ilə nəticələnən hücum gerçəkləşdirilmişdi.

Digər önəmli səbəb isə, qapalı iqtisadi siyasətin yürüdülməsidir. Bu cür ekonomik vəziyyət isə həm əhalininin sosial rifahına, həm də ölkənin müasir dünya ilə ayaqlaşmasına maneə törədir.
Ölkənin yeniliklərə qarşı bu qədər aqressiv reaksiya verməsində xarici “udar”ların da önəmli yeri var.

Xüsusilə də, ABŞ-ın əlaltısı olan Şah rejiminin törətdiyi repressiyalar xalqın, eyni zamanda rəsmi Tehranın bugünki nifrətinin əsas təməllərini atıb.

Son illərdə isə İranın Uranı zənginləşdirmə planı səbəbindən gələn sanksiyalar ölkənin müasir dünyaya inteqrasiyasına daha ciddi zərbə vurub. Ümumilikdə isə, xaricdən vurulan zərbələr və daxili yaralar cənub qonşumuzun bugünkü simptomlarını ortaya çıxaran əsas xəstəlikləridir.

Görünən isə odur ki, İranda hal-hazırda davam edən etiraz dalğası ötən illərdə baş verənlərdən daha sərt nəticələrlə yadda qalacaq. Çünki bu dəfə nümayişlərdə əsas tənqid hədəfi məhz Molla rejimidir.

Nəticədə isə, rəsmi Tehranın düşmənləri üçün nəzərdə tutduğu “Uran” öz başında partlaya bilər.

Mənbə: ednews.net