Azərbaycanın qələbəsi bizim qələbəmizdir - Liviyalı diplomat (Müsahibə)

Azərbaycanın qələbəsi bizim qələbəmizdir -  Liviyalı diplomat (Müsahibə)

Liviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Əşrəf Adəm Əlmesmarin (Ashraf Adam Almesmaryn) Azvision.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik. - Cənab Adəm, Liviyadakı hadisələr təbii ki, ölkənin digər dövlətlərlə əlaqələrinə də təsir göstərdi. Bu, Azərbaycanla münasibətlərdən də yan keçmədi. Liviya-Azərbaycan münasibətləri bu gün necə inkişaf edir? Ümumilikdə, hər hansı təmaslar varmı?

- Liviya Azərbaycan əlaqələri inkişaf edir. Ümid edirik ki, getdikcə daha da inkişaf edəcək. Həqiqətən, mən Azərbaycanda olmağımdan çox məmnunam. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə, ərazi bütövlüyünün bərpasına çox sevindik. Liviya bu məsələdə həm mənəvi baxımdan, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlindən gələni etdi. Cənab Prezident İlham Əliyevin timsalında bütün Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirəm. Azərbaycan əsgərlərini təbrik edir, şəhidlərin ailələrinə başsağlığı verirəm, yaralıların tezliklə sağlamlıqlarına qovuşmalarını diləyirəm. Mən Azərbaycanda çox rahatam və buranı ikinci ölkəm hesab edirəm. Qeyd edim ki, Azərbaycanla əlaqələr bizim üçün çox vacibdir. Həqiqətən də Azərbaycanın qələbəsi bizim qələbəmizdir. Biz bu qələbəyə çox sevindik. Adətən diplomatlar orta bir mövqe sərgiləyirlər, yaxud müəyyən mövzular olur ki, ondan yayınırlar. Bəzən deyirlər ki, sən Azərbaycanı bəzi azərbaycanlılardan daha çox dəstəkləyirsən. Yəqin ki, gördünüz, diplomatik korpusların sonuncu Şuşa səfərinə Ermənistan neçə etiraz etdi. Onların nə deməsinin bizim üçün əhəmiyyəti yoxdur. Azərbaycan haqq yolundadır, biz də haqlının yanındayıq. Biz Azərbaycanı hər zaman dəstəkləmişik. Bu dəstəyi beynəlxalq təşkilatlarda ifadə etmişik. Şükürlər olsun ki, Azərbaycanın qələbəsini gördük. İgid oğullar canından keçdi. Vətən üçün nə lazım idi etdilər. Hər kəs Vətən uğrunda döyüşməyə, canından keçməyə hazır idi. Azərbaycana daim çiçəklənmə və inkişaf arzu edirik. Azərbaycan daimi inkişafda olan ölkədir. Hər dəfə yeni nələrləsə rastlaşırıq. Azərbaycan bizim ürəyimizdədir.


- Sizinlə söhbət edəndə Azərbaycandan xüsusi sevgi, hörmətlə danışdığınızı görürük. Bu sevgi nədən irəli gəlir?

- İlk növbədə siz bizim qardaş-bacılarımızsınız. Daha sonra iki ölkənin münasibətlərinə nəzər salsaq, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra Liviya onun müstəqilliyini tanıyan ilk dövlətlərdən olub. Azərbaycanda açılan 19-cu səfirlik bizimdir. Dediyim kimi, Azərbaycan haqlı tərəfdir. Biz həmişə haqq və ədaləti müdafiə etmişik. Heç vaxt haqqı nahaqqa verməmişik. Azərbaycan xalqı sevimli bir xalqdır. Mənə digər ölkələrdə - Ukrayna, Macarıstan, bir sıra başqa Avropa ölkələrində çalışmaq təklif olunmuşdu. Amma mən Azərbaycanı seçdim. Bura gəlməzdən əvvəl Prezidentin köməkçisi Hikmət Hacıyevi Tvitterdə və kütləvi informasiya vasitəsi ilə izləyirdim. Onun açıqlamalarından Azərbaycanın münaqişədən necə əziyyət çəkdiyini görmək olurdu. Bakıya 2020-ci ilin oktyabr ayında gəlmişəm. Gəldiyim günün səhəri tərəddüd etmədən Gəncəyə getdim. Ermənistan Gəncəni raket atəşinə tutmuşdu. Mən Azərbaycanın Xarici İşlər Nazirliyinin rolunu çox yüksək qiymətləndirirəm. Müharibə günlərində Azərbaycanda istər diplomatik, istərsə də hərbi sahədə birlik hökm sürdü. Torpaqlar azad olunduqdan sonra Prezident və birinci xanım hər bir regiona səfər etdilər. Bu, dövlət başçısının və xalqın şücaətindən, vətənə olan sevgisindən irəli gəlirdi. Baxmayaraq ki, ərazilər minalı idi, Prezident şəxsən o torpaqlarda oldu. Bəlkə də başqası deyərdi ki, ərazilər tamam təmizlənsin.

Qeyd etmək istəyirəm ki, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında Hikmət Hacıyevin misilsiz rolu var. O, gecə-gündüz çalışdı. Hikmət Hacıyev diplomatik korpus rəhbərləri ilə görüşürdü, onları məlumatlandırırdı. Mətbuata müsahibələr verirdi. Bütün səfərlərdə iştirak edirdi. Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovun da mühüm rolunu vurğulamaq istəyirəm. Çox adlar çəkə bilərəm, məsələn Azərbaycan Respublikasının Xarici İşlər Nazir cənab Ceyhun Bayramov və XİN-dən bəzi idarə rəisləri, buna misal olaraq Yaxın Şərq və Afrika İdarəsi, Dövlət Protokolu İdarəsi və Konsulluq İdarəsi, ümumiyyətlə nazirliyin bütün əməkdaşları bu məsələdə səfərbər olmuşdular,həmçinin jurnalistlərin danılmaz rolu vurğulanmalıdır. Mətbuat olmasa, qələbə olmaz. Mətbuat öz işin görür, əsgərlər öz işin. Baş verənləri dünyaya məhz jurnalistlər çatdırır. Ona görə də, sizlər də əsgər hesab olunursunuz. Mən Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərə Allahdan rəhmət diləyirəm. Bizdə hörmət əlaməti olaraq kiminsə qarşısında papağı çıxarırlar. Mən də jurnalistlərin qarşısında bu ehtiramımı bildirirəm.

- Liviyadakı vəziyyəti də biz Azərbaycanda yaxından izləyirik və dost ölkədə sabitliyin olmasını arzu edirik. Hazırda Liviyada vəziyyət nə yerdədir?

Bu ilin fevral ayında Cenevrədə ölkədəki vəziyyətlə bağlı iclas keçirilmişdi. İclasın nəticəsi olaraq Liviyada Milli Birlik hökuməti quruldu. Nazirliklər, müəssisələr birgə işləməyə başladılar, banklar arasındakı problem də aradan qalxdı. Komissiya təşkil edilib - 5+5. Bu, ölkədə birliyi təmin etmək məqsədini daşıyır. Artıq Şərqlə Qərb arasındakı yollar açılmağa başlayıb.

- Təhlükəsizliklə bağlı vəziyyət nə yerdədir?

- Təhlükəsizliklə bağlı vəziyyət yaxşıdır. Hətta deyərdim ki, bir çox şirkətlər və səfirlikləri ölkəyə qayıdır. Söhbət istər tikinti, istər energetika sahəsində olan şirkətlərdən gedir. Bir neçə diplomatik korpus və beynəlxalq təşkilat Liviyaya qayıdıb. Bəziləri paytaxt Tripolidə yerləşir, bəziləri isə qonşu rayonlarda, bir sıra konsulluqlar isə Benqazi şəhərində yerləşib. Artıq hava limanları da açılmağa başlayıb. Liviya-Azərbaycan əlaqələrinin inkişafı baxımından biz çalışırıq ki, ölkəmizdə Azərbaycan səfirliyinin fəaliyyəti bərpa olunsun.

- Bu istiqamətdə müzakirələr aparılır?

- Bəli, məsələ ilə bağlı Xarici İşlər Nazirliyində söhbətimiz olub. Biz Liviya səfirliyi olaraq, ölkəmizdə Azərbaycanın diplomatik korpusunun fəaliyyətini bərpa etməsi üçün əlimizdən gələni edirik. Ümid edirəm ki, ən yaxın zamanda səfirliyin fəaliyyəti bərpa olunacaq.

- Hazırda Liviyada sosial-iqtisadi durum nə yerdədir? “Ərəb baharın”dan keçən dövrə nəzər salsaq, inqilab xalqın gözləntilərini doğrultdumu?


- Şübhəsiz ki, inqilablar mənfi nəticəsiz ötüşmür, xüsusilə, silahlı inqilabları vurğulamaq istəyirəm, 2011-ci il inqılabının bəzi mənfi nəticələri hələ də qalmaqdadır. İnqilab baş verən zaman ölkəmizdə məcburi köçkünlər oldu. Neçə ki, məsələn, Azərbaycanın Şuşa, digər şəhərlərini işğal zamanı insanlar məcburi şəkildə tərk etmişdilər. Bizim ölkədə də eyni şeylər baş verdi. Havadan mərmilər yağırdı. Ona görə də, insanlar müharibə vaxtı yaşayış yerlərini tərk etdilər. Onlar günahsız idilər. Bəziləri bir rayondan digərinə köçdülər, bir çoxları qonşu ölkələrə üz tutdular. Dağıtmaq asandır, qurmaq çətindir. Ölkəni və rayonları tərk edən insanlar artıq tədricən qayıtmağa başlayıblar. Bütün bunların sosial vəziyyətə, təbii ki, mənfi təsiri var idi. Liviyada neftin istehsalı dayanmışdı. Liviya məlum olduğu kimi neftlə zəngin ölkədir. Neftə görə Afrikada birinci yerdədir. Liviyanın hazırkı əsas gəlirləri, demək olar ki, neftdəndir. Nefr istehsalının dayandlrılmasl, təbii ki, ölkəyə mənfi təsir göstərmişdir. Daha sonra pandemiya öz mənfi təsirlərini büruzə verdi. Milli Birlik hökuməti qurulduqdan sonra hər şey yaxşılaşmağa başlayıb.


- Azərbaycanla Liviya arasında iqtisadi əməkdaşlıq, invesisiyalarla bağlı hər hansı danışıqlar aparılır?

- Bir daha qeyd edirəm ki, artıq Liviyada təhlükəsizlik bərpa olunub. Hər şey yaxşılığa doğru gedir. 24 dekabrda ölkədə prezident və parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. 24 dekabr, bildiyiniz kimi, Liviyanın müstəqillik günüdür. Əminəm ki, seçkilərdən sonra ölkədə hər şey öz yerini tapacaq. Bütün aparılan danışıqlar ölkədə gedən proseslərin yaxşılığa doğru inkişafıdır. Təhkükəsizlik bərpa olunub, hazırda iqtisadi inkişafa doğru addımlar atılır. Azərbaycanla Liviya arasında sazişlər imzalanıb. Əlaqələri daha da genişləndirmək üçün öz tərəfimizdən əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, ən yüksək səviyyədə qarşılıqlı səfərlər həyata keçirilsin. Liviyadan bir çox nazir və məsul şəxslər Azərbaycana səfər etmək istəyir. Ümid edirik ki, bunlar olacaq. Təhsil sahəsində də əlaqələrimiz mövcuddur. Azərbaycanda təhsil almaq üçün sənədlərini təqdim edən liviyalılar var. Həmçinin, Liviya tərəfi də Azərbaycana Liviyada təhsillə bağlı müraciət edib. Bu təhsil tam dövlət hesabına olacaq. Təklif bakalavr, magistr və doktorantura pillələrinə şamil edilir. Mən ADA universitetinin rektoru Hafiz Paşayevə və prorektor Fariz İsmayılzadəyə təşəkkür edirəm, onlarla çox sıx əlaqələrimiz var, bizim üçün öz qapılarını açıblar. Qarşılıqlı müəllim, tələbə mübadiləsi ilə bağlı danışıqlar apardıq. Bu, müsbət bir haldır. Onu da vurğulayım ki, bu il Liviyada neft sənayesində işləmək üçün azərbaycanlılar bizdən viza alıb. Açığı, əvvəliki illərdə bu olmayıb. Əvvəl viza çox az verilidi, çünki təlabat yox idi. Amma indi azərbaycanlılar Liviyaya neft sahəsində ixtisaslaşmış şirkətlərlə anlaşaraq işləməyə gedirlər.

Qeyd etmək istəyirəm ki, Liviya tərəfi Azərbaycan tərəfini 28 – 31 avqust 2021-ci ildə keçiriləcək Orta və Kiçik sahibkarlığın inkişafına dair 1-ci Liviya Beynəlxalq Forumuna dəvət edib. Forum Tripolidə "Orta və Kiçik sahibkarlığın inkişafı" şüarı altında keçiriləcək. Belə ki, forum milli iqtisadiyyatın dəstəklənməsi, reallıq və ambisiyalar və bir sıra fəaliyyəti özündə ehtiva edəcək. Bunlar elmi konfrans, təlim və inkişaf proqramları və beynəlxalq sərgi, həmçinin fərqlənmə və innovasiya mükafatıdır. Onu da qeyd edim ki, Liviya tərəfi Azərbaycanı 04 – 09 sentyabr 2021-ci ildə keçiriləcək 48-ci Beynəlxalq Tripoli sərgisinə də dəvət edib.

- Gələcəkdə iki ölkə arasında vizaların aradan qaldırılması mümkündür?

- Əvvəl iki ölkə arasında diplomatik və xidməti pasportu olan şəxslər üçün vizasız gediş-gəliş haqqında saziş var idi. Son hadisələrdən sonra sazişin icrası dayandırıldı. Hər iki dost ölkənin və qardaş xalqlarımızın mənafeyinə xidmət edən sazişlərin yenidən aktivləşdirilməsi üçün əlimizdən gələni edəcəyik.

- Cənab Adəm, Liviyada hazırda xarici qüvvələr var. ABŞ həmin qüvvələrin ölkədən çıxmasına çağrış edib. Ümumiyyətlə, bu mövzuda mövqeyiniz necədir?

- Liviyada baş verən parçalanmanın əsas səbəbi xarici müdaxilələr oldu. Əlbəttə, heç bir xalq istəməz ki, onun ölkəsində əcnəbi qüvvələr olsun. Xüsusi ilə əcnəbi qüvvənin pulla həmin xidməti göstərməsini heç kim arzulamaz. Liviya xalqı əlbəttə narazıdır və tələb edir ki, ölkədən çıxsınlar.


- Sizin azad edilmiş ərazilərdə, xüsusilə, Zəngilanda dağıdılmış məsciddə namaz qılmağınız bütün Azərbaycan cəmiyyətində dərin təəssürat yaratdı. Həmin an hansı hissləri yaşadınız? Ümumiyyətlə, həmin ərazilərdə bütün məscidlər dağıdılıb, təhqiramiz hərəkətlər edilib, Allahın evində donuz saxlanılıb. Bu barədə nələri deyə bilərsiniz?

- Allahın evində donuz saxlanması qəbuledilməzdir, insanlıqdan kənardır. Orada nə bir ağac qalıb, nə də daşı daş üstündə qoyublar. Hər şey dağıdılıb. Biz işğaldan azad edilmiş ərazilərə səfər edərkən həqiqətən də orda nə bir inkişaf, nə tikinti, heç nə gördük. Bu cür əməllər beynəlxalq qanunlara ziddir. Ərazilər işğaldan azad edildikdən sonra Azərbaycan ilk olaraq məscidləri təmizlədi. Məscid Allahın evidir, hər hansı insanın mülki deyil. Həmin an keçirdiyim hissləri ifadə edə bilmirəm. Ürəyimdə qələbə hissi var idi. Bu bizim qələbəmiz idi. İslamın qələbəsi idi. İslam bütün dünyanı ədalətə çağırır. İslam zülmə dəvət etmir. Namaz qılarkən ədalətin öz yerini tapdığını hiss etdim. Çox arzulayırdım ki, Şuşada da namaz qılım. Şuşada namaz qılmaq qismət oldu. Cənab İlham Əliyev Şuşa şəhərinin azad olunmasını xalqa elan edərkən belə demişdi: “28 il sonra Şuşada azan səsi yenidən eşidiləcək.Bəli, biz bu gün bunun şahidiyik. Arzu edirəm ki, Fələstində, Əl-Əqsa məscidində də namaz qılım.

- Şuşanı bəyəndiniz?

- Şuşanın Azərbaycan, islam dünyası üçün yeri tamamilə fərqlidir. İstər strateji, istər tarixi baxımdan olsun. Azərbaycanlılar üçün mühüm strateji mövqedir. Ümummilli lider Heydər Əliyev Şuşa haqqında deyib: “Şuşa bizim ata-babalarımızın tikdiyi abidədir”. Şuşadan incəsənət xadimləri, alimlər, ədəbiyyatşünaslar çıxıb. Gözəl, təmiz havası, təbiəti var. Şuşaya çatanda azadlığın izini orda hiss etdik. Prezident İlham Əliyevin Şuşa haqqında bir sözü var: "Şuşa Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Şuşa tək Azərbaycanın deyil, bütün Qafqazın bəzəyidir". Şuşanı o qədər sevdim ki, Hikmət müəllimə,"çox arzulayıram ki, burda 2-3 gün də artıq qalım", - dedim.
Sonda Azərbaycan hökümətini və xalqını bu böyük qələbə münasibəti ilə yenidən təbrik edərək, ölkələrimiz arasındakı tarixi əlaqələrin, qardaş xalqlarımızın arasındakı dostluq və qardaşlıq əlaqələrinin möhkəmliyini vurğulayır, ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin daha da inkişaf etməsini və çiçəklənməsini arzu edirəm.

Sonda liviyalı tətqiqatçı Salem Miftah Abdulaziz Al-İmelisin hazırladığı "Azərbaycan islam fəthindən birinci Abbasilər dövrünün sonuna qədər" adlı kitabı saytınıza hədiyyə etməkdən məmnunluq duyuram.


Pərvanə Sultanova




 

Mənbə: azvision.az