Azərbaycanın Ermənistan üçün gündəm müəyyən etməsi nə deməkdir... Prezidentin maraqlı mülahizəsinin arxasındakı mənalar...

Azərbaycanın Ermənistan üçün gündəm müəyyən etməsi nə deməkdir... Prezidentin maraqlı mülahizəsinin arxasındakı mənalar...

Seyid Camal Əzimbəyli: “Məhz ölkəmizin təşəbbüsü ilə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi gündəmə gətirildi”

Bu günlərdə Prezident İlham Əliyec AzTV-yə müsahibəsində qeyd etdi ki, biz Ermənistanın gündəmini müəyyən həddə qədər müəyyən edirik.

Ölkə başçısının sözlərinə görə, postmüharibə dövründə biz cəld tərpəndik, fəallıq göstərdik, öz gündəliyimizi qəbul etdirdik: “Və indi bu gündəlik əsasında işlər gedir. Həm Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə, həm onun ətrafında, həm siyasi müstəvidə, həm Ermənistan-Azərbaycan sərhədində biz öz gündəliyimizi qəbul etdirdik və heç bir addım təsadüfi olmayıb. Hər bir addım düşünülmüş proqram üzərində olub. Postmüharibə dövrü haqqında, bizim atacağımız addımlar haqqında mən müharibə zamanı fikirləşirdim. Mən tam əmin idim ki, biz qələbə çalacağıq. Tam əmin idim və deyirdim ki, heç kim bizi dayandıra bilməz, heç bir qüvvə bizi dayandıra bilməz. Öldü var, döndü yoxdur. Ancaq postmüharibə dövrü də çox böyük çağırışlarla doludur və biz bunu məharətlə keçirik. Deyə bilərəm ki, postmüharibə dövrünün gündəliyini böyük dərəcədə biz tərtib edirik. Əlbəttə, qonşu ölkələrlə daim təmasda olmaq şərti ilə və onların narahatlığını nəzərə almaq şərti ilə. Amma bizim də gündəliyimizin əsasında bütün bu işlər gedir”.

Bütün bu deyilənlərin fonunda Azərbaycanın Ermənistan üçün gündəm müəyyən etməsi nə deməkdir? Ekspertlər bunu necə dəyərləndirir?

“Zəngəzur dəhlizi olmadan kommunikasiya xətlərinin açılmasından söhbət gedə bilməz”

Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bu, o deməkdir ki, Azərbaycanın müəyyən etdiyi məsələlərlə bağlı danışıqlar aparılacaq: “Bəli, Azərbaycan Ermənistanda gündəmi müəyyən edir. Niyə? Ona görə ki, qalib tərəfdir. Həqiqətən də 10 noyabrdan sonra gedən proseslərin mahiyyəətinə baxsaq görərik ki, Azərbaycan Ermənistan üçün gündəm müəyyən edir. Çünki məhz Azərbaycanın təşəbbüsü ilə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi gündəmə gətirildi. Bununla bağlı üçtərəfli komissiya yaradıldı və fəaliyyətə başladı. Düzdür, Ermənistanın pozuculuğu üzündən 2 aydır həmin komissiya fəaliyyətini dondurub. Ancaq istənilən halda Ermənistan danışıqlara məcbur ediləcək. Azərbaycan prezidentinin siyasi iradəsi ilə Zəngəzur dəhlizi məsələsi gündəm oldu. Ermənistan müxtəlif vasitələrlə bundan yayınmağa çalışsa da istəyinə nail olmayacaq. Bu o deməkdir ki, Zəngəzur dəhlizi olmadan kommunikasiya xəttlərinin açılmasından söhbət gedə bilməz. Baxsaq görərik ki, bu gün Ermənistanda məhz sözügedən mövzular müzakirə obyektidir. Bir növ Azərbaycan öz gücü ilə Ermənistanı buna məhkum edib. İşğalçı tərəf müəyyən olunan bu gündəlikdən kənara çıxa bilmir və bilməyəcək”.

Şərqşünas hesab edir ki, Ermənistan nə qədər Fransanın timsalında öz havadarlarına arxalansa da zaman Azərbaycanın xeyrinə işləyir.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com